Qarabağın vüsala yetməsi üçün canından keçən Vüsal (Elegiya)

Qarabağın vüsala yetməsi üçün canından keçən Vüsal (Elegiya)

Onun dəfninə qədər mən Lənkəranda heç vaxt belə izdihamlı dəfn görməmişdim. 65 yaşım var və Lənkəranda çoxlu tanınmış insanların dəfnində olmuşam, amma belə izdiham ilk dəfə idi ki, görürdüm. Rayona Birinci Qarabağ savaşı və Vətən Müharibəsi dövründə şəhidlər gəlmişdi. Amma açığı belə izdiham olmamışdı. Bax bu təkcə şəhid olmaq yox, həm də cavan olmasına baxmayaraq Vüsal Kazımova olan böyük sevgi, hörmətlə bağlı idi. Ulu Tanrı 30 yaşlı bu cavan oğlanın üzünə elə bir nur vermişdi ki, onunla tək bircə dəfə təmasda olanlar belə, bu insanı yaddan çıxarmır, həmişə ona sayğı ilə yanaşırdılar. Yeddi gün onun qəbrinin üstündə olan böyük izdiham bir daha təsdiq etdi ki, Vüsal əbədilik Lənkəranın tarixində təkcə şəhid kimi yox, bir tarixi şəxsiyyət kimi qalacaq. Onun şəninə bu rayonda yəqin ki, hər il idman turnirləri keçiriləcək. Ona görə istəyirəm ki, belə bir igid şəhidimizi çoxminli oxucular da yaxından tanısın.

Ömürdən sətirlər: Vüsal Kamran oğlu Kazimov 17 dekabr 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdu. Ailənin bircə oğlu idi Vüsal. Bu ilin dekabr ayının 17-də Vüsalın 30 yaşı tamam olacaqdı. Əfsus ki, yubileyini keçirmək ona qismət olmadı.

O, 1996-cı ildə Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olmuşdu və 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib, elə həmin il də Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuşdu. 2011-ci ildə həmin universiteti "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" ixtisası üzrə bitirmişdi. 05 iyul 2011-ci ildə Lənkəran rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. 06.07 2011-ci il tarixdən 10.08.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 703 saylı hərbi hissəsində ştatdan kənar müddətli həqiqi hərbi xidmət, 10.08.2011-ci ildən 14.10.2011-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant, 14.10.2011-ci ildən 14.04.2013-cü ilədək Silahlı Qüvvələrin 171 saylı hərbi hissəsində tağım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmişdi Vüsal Kazımov. 14.04.2013-cü ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən zabit kimi ehtiyata təxris olunmuşdu. Amma yenidən 03.09.2014-cü ildən 16.04.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin 133 saylı hərbi hissəsində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçmişdi. 16.04.2016-cı ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyyata təxris olunmuşdu və zabit kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lənkəran rayon şöbəsinin qeydiyyatındaydı. Vüsal Kazımov 23. 06. 2016-cı ildən 16.08. 2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləmişdi. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr səviyyəsində təhsil alırdı. Elə həmin vaxtdan da Lənkəran şəhər Gənclər və İdman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində işləyirdi. Onun rəhbərlik elədiyi bu idman məktəbi Lənkəran rayonu üçün çoxlu idmançılar yetişdirirdi. Bu kollektivdə hamı Vüsalı çox sevir və ona böyük hörmət edirdi. Məhz ona görə də bu kollektivin işçiləri Vüsal Kazımovun dünyasını dəyişməsi ilə barışa bilmirlər. Ondan söz düşən kimi hamı kövrəlir. Rəhbərin belə cavan olmasına baxmayaraq, üç ilin içərisində kollektivə özünü belə sevdirməsinə heyran oluram...

Vüsal Kamran oğlu Kazımov 21.09.2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər idarəsindən Azərbaycan Respublikasınım ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb olunmuşdu və Qarabağda gedən Böyük Vətən Müharibəsi döyüşlərində baş leytenat kimi öz taqımı ilə erməni gavurlarına qarşı şiddətli döyüşlərdə iştirak edirdi. Çox əfsus ki, Vüsal Kazımov qələbə günün görə bilmədi... Vətənimizin bütövlüyü üçün Şəhidlik zirvəsinə yüksəldi.

Vüsal ziyalı ailəsində dünayaya gəlmişdi. Atası Kamran Şahverən oğlu Kazimov 08 mart 1961-ci ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində anadan olub. Ali təhsillidir. Lənkəran Dövlət Universitetində Sosial məsələlər üzrə prorektoru vəzifəsində işləyir. Dosentdir. Təkcə Lənkəranda yox, Cənub bölgəsində ən sayılıb-seçilən ziyalılardan biridir. O, doğma kəndi Yuxarı Nüvədi kəndində yaşayır.

Anası Gülər Heydər qızı Kazimova (Rüstəmova) 24 noyabr 1968-ci ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində anadan olub. O, orta ixtisas təhsillidir. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləyir. Vüsalın həyat yoldaşı Aysel Şamil qızı Kazimova (Resulova) 19 avqust 1992-ci ildə Lənkəran rayonu Veravul kəndində anadan olub. Ali təhsillidir. Lənkəran Dövlət Universitetində laborant vəzifəsində işləyir. Vüsal Kazımovun gül parçası olan iki qızı var. Nuray Vüsal qızı Kazimova 23 iyul 2015-ci ildə Lənkəran rayonunda anadan olub. İkinci qızı Aynur Vüsal qızı Kazimova 17 fevral 2020-ci ildə Lənkəran rayonunda anadan olub.

İllər keçəcək, onlar xanım-xatun qızlar olacaqlar. Bu gül balalar da özlərinin şəhid atası ilə həmişə fəxr edəcəklər.Çünki dəfn günündəki izdiham bir daha bunu sübut etdi ki, Vüsal təkcə şəhid yox, o, həm də Vətən qəhrəmanıdır. Çünki o günlər, Vüsalın şəhid olması xəbəri təkcə Lənkəranı yox, Respublikanı sarsıtdı. Onun haqqında qəzetlərdə, saytlarda çoxlu yazılar çap olundu. Bu 30 yaşlı igid şəhidimiz əfsus ki, özünün 30 yaşını belə qeyd eləyə bilmədi...

Onun dəfnində yer-göy ağlayırdı. İnsanların bu sözləri: “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı bütövlükdə Lənkəran boyu səslənirdi. Onunla bir məktəbdə işlədiyimdən Vüsalın nurani çöhrəsi, gözəl siması mənim də gözlərimin qarşısından getmirdi və mən də çox kövrəlirdim... Təkcə mənmi kövrəlirdi? Yox. Onun rəhbərlik elədiyi böyük kollektivin hamısı qara bulud kimi dolub və onun yoxluğu ilə barışa bilmirlər... Bu kollektivin üzvlərinə, qəbir üstə gələn minlərlə insanlara baxdıqca tanınmış şairə Lilpar Cəmşidqızının şəhidlərlə bağlı “ Bir şəhidin məktubu” şeiri yadıma düşürdü:
Son qoyular nə zaman,
Bu günaha, bu aha,
Şəhid oldum ay Ana,
Dönməyəcəm bir daha.

Mən vətənin daşıyam,
Vətən mənim öz evim.
Həm vətəni, həm səni,
Necə oxşayım, sevim.

Kəfənimi biç gətir,
Mən ki, şəhid olmuşam.
Al qanımda ay Ana,
Saralmışam, solmuşam.

Daha məktub gözləmə,
Əsgər gedən balandan.
Özün-özünü ovut,
Guya sağam yalandan.

Qərənfili gətir düz,
Məzarıma ay Ana.
Tanrı verən bir ömrüm,
Çatıbdı artıq sona.

Hər gecə sən yatanda,
Ruhum gələr görüşər.
Ruhumu oxşadıqca,
Balan yadına düşər.

Əzizimiz Vüsal müəllim. Onu bil ki, sənin ruhun hər gün rəhbərlik elədiyin İdman Məktəbinin üstündə görünəcək. Burada çalışan müəllimlər və yeniyetmə balalarımızı da idmanda qələbələrə, zəfərlərə ruhlandıracaq. Mən buna qəti əminəm.

Mən ona da əminəmki, idmanın inkişafına əllərindən gələn köməklikləri eləyən və şəhidləri uca tutan Lənkəran rayon rəhbərliyi yəqin ki, Vüsal Kazımovun 30 yaşı münasibəti ilə rayonda ona həsr olunan böyük bir idman turniri keçirəcəklər. Bu turnir, elə bütün şəhidlərin ruhuna yaxşı bir töhfə olar. Həmin vaxtı Vüsal Kazımov başda olmaqla bütün şəhidlərin də ruhu yəqin orada olar. İşıqlı ruhunuz mübarək əziz şəhidlərimiz. Biz, bundan sonra sizlərə əbədilik borcluyuq. Çünki sizin sayənizdə 32 il əsirlikdə qalan cənnətməkan Qarabağımıza qovuşmuşuq. Bu, yalnız sizin sayənizdə və Rəşadətli Ordumuzun bütün əsgərlərinin sayəsində olub.

Əlizadə ƏSƏDOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” media mükafatları laureatları

Bütün xəbərlər Facebook səhifəmizdə