Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olublar.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğu idarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqları qarşılayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
Bildirilib ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçəri Şəhər dünya mədəni irsinin nadir abidələrindəndir və 2000-ci ildən YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilib.
Qonaqların İçəri Şəhərlə tanışlığı XIV əsr abidəsi olan Çin Məscidi ilə başlayıb. Klaus və xanımının diqqətinə çatdırılıb ki, Çin Məscidində numizmatik sərgidə nümayiş etdirilən sikkələr e.ə IV əsrdən - XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir.
Gəzinti elektromobillərlə Kiçik Qala küçəsi ilə davam edib. Qonaqlar burada yerləşən təndirdə Azərbaycan milli mətbəxinin nümunəsi olan təndir çörəyinin bişmə texnologiyası ilə tanış olub və təzə bişmiş çörəyin dadına baxıblar.
İçəri Şəhərlə tanışlıq Qoşa Qala Qapıları meydanı ilə davam etdirilib, Qala divarları, onun inşasının tarixi barədə informasiya təqdim edilib.
Çexiya Prezidentinə və birinci xanıma "Dünya İrsi Siyahısı"na daxil edilib, ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası barədə məlumat verilib və burada yenicə bərpa və muzey konservasiyası işlərinə başlanıldığı bildirilib. Qonaqlar Sıratağlı dini memarlıq kompleksi və burada sərgilənən müxtəlif tarixi dövrlərə aid daşyonma sənətinin nümunələri və yaxınlıqdakı Varfolomey kilsəsinin qalıqları barədə məlumatlandırılıblar.
"Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olmuş qonaqlar burada Inna Kostinanın \"Cənnət yuxuları\" adlı sərgisinə tamaşa ediblər.
Sonda ali qonağa xatirə hədiyyələri təqdim olunub. Çexiya Prezidenti Vatslav Klaus İçəri Şəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB