Ekspertlər nə düşünür: uşaq intiharlarının səbəbləri sosial, yoxsa psixoloji problemlərlə daha çox bağlıdır?
Son dövrlərdə azyaşlıların intiharı keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda artır. Bu, bizim üçün alışılmış bir hal deyil, yaxın tariximizdə belə halların çox nadir hallarda baş verdiyini nəzərə alsaq, narahatlıq yüksəkdir. Uşaq intiharlarının səviyyəsi ilə bağlı dəqiq statistika əldə etmək çətindir. Çünki intihardan baş verən ölüm halları çox vaxt başqa səbəblərlə qeydə alınır.
Azərbaycanda 2020-ci ilin birinci yarım ili ərzində 292 intihar hadisəsi qeydə alınıb, 2019-cu ildə isə bu rəqəm 585 olub. Uşaqlar isə intihar edənlərin 10 faizini təşkil edir. Bəs uşaqların özünə qəsd hallarının səbəbləri nədədir? Bu suala cavab axtarmağa çalışacağıq.
Sosial, yoxsa psixoloji problemlər?
Ekspertlər azyaşlıların intiharının da böyüklərin intiharı kimi 2 əsas səbəbdən sosial və psixoloji səbəblərdən baş verdiyini düşünürlər. Bir qrup heab edir ki, bunun kökündə mənəvi-psixoloji problemlər, ailədə və uşağın yaxın ətrafında cərəyan edən hadisələr durur. Başqa bir qrup isə burda sosial problemlərin rolunu qabardır. Biz bu variantların hansının üstünlük təşkil etməsini araşdırmağa çalışaq. Əvvəlcə, problemin sosial tərəfindən baxaq, görək problem həqiqətən də yoxsulluqla bağlıdırmı?
Beynəlxalq statistika göstərir ki, intiharlar, o cümlədən uşaq intiharlarının yüksək səviyyəsi daha çox inkişaf etmiş ölkələr sayılan Britaniya, Norveç, Fransa, Yaponiya, İsveç, ABŞ, Almaniya kimi ölkələrdə qeydə alınır. Əksinə, ən az intiharlar yoxsulluq içində yaşayan ölkələrdə- bir çox Afrika və Asiya ölkələrində müşahidə olunur.
Burda qeyd etmək yerinə düşər ki, ən ağır sosial vəziyyət olan II Dünya Müharibəsi illərində intiharlar ən aşağı səviyyədə qeyd alınıb. Ümumiyyətlə, dünyada təxmini hesablamalara görə, uşaq intiharları daha çox imkanlı ailələrin uşaqları arasında olur. Nəticə etibarilə, problemi “kasıbçılıq” qədər bəsitləşdirmək gördüyünüz kimi doğru deyil.
İndi problemin digər tərəfinə- mənəvi-psixoloji aspekltərinə nəzər salaq. İntihar etmiş uşaqların bir çoxu əvvəldən yazıb qoyduğu məktubları analiz edəndə məlum olur ki, onlar heç də ağır maddi problemlərdən, istədikləri yeməkləri, paltarları əldə edə bilməmələrindən, hansısa maraqlı oyuncaqlarının olmamasından yox, sırf laqeydlik, soyuqluq, təhqir olunma, zorlama, qaçırılma, döyülmə kimi sırf mənəvi-psixoloji təzyiqlərdən bu yolu seçiblər.
“Günahkar valideynlər və cəmiyyətin özüdür”
Pedaqoq İbrahim Cəfərovun fikrincə, uşaqların özünü öldürməsi sosial problemlərin yox, cəmiyyətdəki mənəvi-psixoloji problemlərlə bağlıdır: “İndiyə qədər maddi sahələrə o qədər diqqət ayırmışıq ki, mənəvi məsələlərə o qədər də əhəmiyyət verməmişik. Sovet dövründə əksinə idi deyə, belə hallar demək olar ki, yox idi. Son dövrlərdə cəmiyyətdə, hətta ailə daxilində zorakılıq və qətllərın sayı artır. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi problemləri olacaq. Üstəlik, uşaqların nəzarətsiz, “azad” buraxılması da problemi gücləndirir.
Pedaqoqun fikrincə, ailə şəxsiyyəti, fərdi cəmiyyətə hazırlayan xüsusi məktəbdir: “Normal bir ailədə, normal şəkildə, qaydalara, tələblərə uyğun böyüdülən uşaq cəmiyyətə də yararlı olacaq, xeyirli vətəndaş olacaq. Gərgin münasibətlər olan ailədə böyüyən, düzgün tərbiyə almayan uşaq isə intiharlar barədə daha çox düşünür. Hələ nəzərə alsaq ki, getdikcə maddi dəyərlərin mənəvi dəyərlərdən daha önə qoyulması tendensiyası davam edir, onda bu statistikanın da getdikcə artacağını düşünmək olar”.
“İntihar baş verən kimi “psixoloji problemdir”deyib işi bağlayırlar”
Uşaq psixoloqu Arzu Qarayeva isə deyir ki, Azərbaycanda azyaşlıların bir vətəndaş olaraq qəbul edilməməsi normal hal deyil: “Uşağın istəkləri, arzuları valideyn tərəfindən çox vaxt arxa plana atılır. Adi bir misal- tutaq ki, ana uşaq üçün paltar alır, amma onun fikrini dinləmir.
Yaxud, bizdə ictimai nəqliyyat vasitələrində uşaqların ayrıca yer tutmasına imkan verilmir, o saat hər yerdən irad tuturlar ki, bəs “uşaqdır, alın qucağınıza, o niyə ayrıca oturacaq “zanit” eləməlidir?” Bütün bunlar uşaqların psixologiyalarında dərin iz buraxır. BMT tərəfindən Uşaq Konvensiyası qəbul olunub. Konvensiyanın mahiyyətində uşaqların da bir vətəndaş kimi qəbul olunmaları durur”.
Mütəxəssisin sözlərinə görə, sivil ölkələrdə mövcud olan qaydaya görə intihar faktları toplanır, kateqoriyaya görə tədqiq edilir: “Amma Azərbaycanda intihar baş verən günü “psixoloji problemdir” deyib işi bağlayırlar. Sanki, bu ölkədə yaşayan uşaqların hamısı psixi problemi olan uşaqlardır”.
“İntiharların artmasında tv və internetin çox böyük rolu var”
Sosioloq jurnalist Elçin Bayramlının fikrincə, azyaşlıların intiharının artması çox təhlükəli bir gələcəkdən xəbər verir: “Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Əgər valideyn uşağa kifayət qədər vaxt və diqqət ayırmırsa, uşaq bunu özünə qarşı laqeydlik, sevgisizlik kimi qiymətləndirir. Ailə üzvlərindən kimsə spirtli içkilərə, narkomaniyaya qurşanıbsa, bu da azyaşlıya təsir edə və onu intihara sövq edə bilər”.
Ekspertin fikrincə, burda əsas səbəblərdən biri də, ətrafdan aldıqları zərərli informasiyalardır: “Məlum olduğu kimi, indi hər evdə internetə bağlı kompüter, sputnik antena, DVD-pleyer var. Aqressiv planlı, qorxu yaradan teleistehsallar yayımlanan kanalların sayı-heabı yoxdur, internetdə azad şəkildə milyonlarla belə filmlər və sair videomateriallar tapmaq olur, plagiat disklər və kasetlər hər yerdə qəpik-quruşa satılır.
Nəzarətsiz buraxılan uşaq istədiyi vaxt istədiyi şeyi izləyə bilir. Baxdığı proqramlar və filmlə, oynadığı virtual oyunlar onun alt şüuruna həkk olunur və psixologiyasını formalaşdırır. Müasir bədii və cizgi filmlərinin əksəriyyəti yalnız və yalnız həyata, insanlara nifrət aşılayır. Bəzi filmlərin sonunda da qəhrəman intihar edərək canını hər şeydən “qurtarır” və “əbədi rahatlıq tapır”. Bütün bunlara baxan yeniyetmə və uşaq da bunu təkrarlamağa meylli olur”.
“Uşaqları özünü öldürmə hədinə çatdırırlar”
Hüquqşünas Leyla İsmayılova deyir ki, intihar edən azyaşlını özünü öldürmə həddinə çatdırma faktları da az deyil: “Özünü öldürmə dərəcəsinə çatdırma Cinayət Məcəlləsində ayrıca bir maddə kimi nəzərdə tutulub, ancaq bu maddə hər bir intihar faktına tətbiq oluna bilməz.
Özünü öldürmə dərəcəsinə çatdırma konkret o hallarda tətbiq olunur ki, cinayəti törədən şəxs zərərçəkənin qanunla qorunan hüquq və mənafeyinə birbaşa qəsdlə zərbə vurur. Lakin heç də həmişə intihar hadisələrində hadisənin əsl səbəbini müəyyənləşdirmək olmur, çünki intihar hadisələrində özünəqapanmanın təsirindən hadisənin əsil səbəbini tapmaq çox çətin olur”.
Müsahibimiz bildirir ki, bəzi hallarda intihar edənlər bunu qeyri-ixtiyari edirlər, yəni ölmək istəmirlər, amma buna məcbur edilirlər: “Hüquqda bu proses, “özünü öldürmə həddinə çatdırmaq” kimi tərif olunur. Ona valideynləri və yaxud da başqa biri fiziki və ya mənəvi təzyiq edə bilər. Əslində, fiziki zorakılıqdan daha təhlükəli olan mənəvi zorakılıqdır ki, çox vaxt buna əhəmiyyət verilmir”.
Psixoloq və sosioloqların ümumi fikri əsasında problemin səbəblərini və qarşısını alma yollarının qısa konsepsiyasını hazırladıq.
Mütəxəssislərin fikrincə, uşaqların intihara əl atmasında aşağıdakı səbəblər əsas rol oynayr;
- Heç kimə lazım olmamaq duyğusu
- Valideynlərdən soyuq münasibət
- Ailəsinin onsuz daha xoşbəxt olacağına inam
- Ailəsinin ümidlərini boşa çıxarması
- Valideynlərinin boşanması
- Sərt cəzalandırması və alçaldılması
Bəs intihara meyl edən uşağı necə təyin etmək olar? Əgər aşağıdakıları edərsə;
- Ölum və intihar haqqında informasiyalarla maraqlanması, belə halların onun üçün adiləşməsi,
- Tənhalığa can atma istəyi,
- “Mən hec kimə lazım deyiləm”, “onsuzda hec kim mənə görə kədərlənməyəcək” kimi fikirlər,
- Musiqidə, bədii ədəbiyyatda, oyunlarda ölüm, öldürmək kimi məqamlara daha cox maraq göstərməsi,
- Gizli, üstü örtülü vidalaşma cəhdləri (ona əziz olan əşyaların dostlara hədiyyə olunması, işlərinin tələsik yekunlaşdırılması.
Valideynlərə “qızıl məsləhətlər”;
- Uşağınıza artıq böyümüş şəxsiyyət kimi münasibət göstərin.
- Ona daha cox inandığınızı büruzə verin
- Onun fərdi dünya görüşünə, xüsusiyyətlərinə hörmətlə yanaşın,
- Danışanda intihar haqqında işarələrinə ciddi yanaşın,
- “Özümü öldürəcəm”, “hər şeydən bezmişəm” kimi hədələrinə “özün bilərsən”, “buyur, yolun açıqdı” kimi cavablar verməyin,
- Onunla yaxın dost kimi söhbət edin, zamanın ən yaxşı dərman olduğunu başa salın,
- Onunla mümkün qədər çox vaxt keçirin, dərsləri, əyləncəsi, istəkləri ilə maraqlanın.
Bu prosesi dayandırmaq üçün heç nə edilmir
Bu problemin qarşısının alınması üçün nə dövlət, nə də vətəndaş cəmiyyəti tərəfindən ciddi işlərin həyata keçirildiyini söyləmək olmaz. Bu haqda monitorinqlərə, tədqiqatlara və maarifləndirici tədbirlərə çox az rast gəlinmir.
Hüquq-mühafizə orqanlarından və Dövlət Statistika Komitəsindən tendensiyanın səbəbləri, miqyasi və nəticələri haqda bağlı qanedici məlumatlar almaq praktiki olaraq mümkün deyil. Bu sahəyə birbaşa məsul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi problemin qarşısıını ala biləcək effektiv tədbirlər görmür.
...Neçə ildir yazılır, deyilir, amma nə eşidən var, nə də tədbir görən. Hər dəfə məsələ gündəmə gələndə aidiyyatı qurumlar “yeni qanun hazırlanır”, “tədbirlər görürük” filan deyib vəziyyətdən çıxırlar. Soruşmaq ayıb olmasın, bəs hanı nəticəsi??!
Nəticəsi ortadadır- uşaqlarımız həyətlərdə yerində qaraj tikilməsi üçün ləgv edilmiş yelləncəklərdə yellənmək əvəzinə, boğazlarına keçirdikləri kəndirdə yellənirlər...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB