Dünya ölkələri sırasında İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb.
Bu gün ölkəmizdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərir. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşıb, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir. Bu Azərbaycan – İtaliya arasında əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinini göstəricisidir. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu səfərin təsadüfi olmadığını bildirib: "Yəqin ki, bu, təsadüfi deyil, çünki İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir".
Cənab Prezident ölkələr arasındakı siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirərək bu ilin əvvəlində İtaliyaya dövlət səfərinini bunun bariz nümunəsi olduğunu qeyd edib: "Səfər zamanı bir çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş nazirlə görüşlərim əsnasında bir çox önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə mənim görüşlərim də çox gözəl keçdi".
Əlbəttə ki, siyasi münasibətlər və strateji tərəfdaşlıq, iqtisadi-ticarət sahəsində əməkdaşlıqda mühüm rola malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları təşkil edib. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür.
İtaliya həm də TAP layihəsinin iştirakçısıdır. Dövlət başçısı yaxın gələcəkdə TAP layihəsinin istismara veriləcəyini və bunun İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcəyini vurğulayıb.
"ONLAR HESAB EDİRDİLƏR Kİ, AZƏRBAYCANLILAR BU TORPAQLARA HEÇ VAXT QAYITMAYACAQLAR"
Qonaqlar ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfər edib, onlar Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olublar. "Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub", deyən Cənab Prezident Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulduğunu və müharibə zamanı 94 mülki şəxsin həlak olduğunu və 400-dən çox yaralandığını qeyd edib: "Ballistik raketlərlə bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər".
"AĞDAMDA GÖRDÜYÜNÜZ MƏNZƏRƏ AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARDA MÜŞAHİDƏ OLUNUR"
44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Artıq Azərbaycanın qarşısında yeni yollar açılır, yeni, qaynar bir dövr başlayır. Bildiyimiz kimi, işğaldan azad olunan bölgələrdə infrastruktur layihələrə start verilib, yollar salınır. Erməni vandallarının xarabazarlığa çevirdiyi, darmadağın etdiyi yerləri yenidən qurmaq, bərpa etmək lazımdır: "Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur", deyən Prezident Füzuli şəhərində də bir dənə salamat bina qalmadığını diqqətə çəkib: "Cəbrayıl şəhərində də. Zəngilan, Qubadlı eyni vəziyyətdədir. Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır".
"ƏSL DOSTLUQ İSƏ ÖZÜNÜ ÇƏTİN ANLARDA BÜRUZƏ VERİR"
Erməni vəhşiliyi, vandallığı bu gün işğaldan azadolunana bölgələrə səfər edən hər kəsi təəccübləndirir. "Qafqazın Xirosiması" adlanan Ağdamada yeganə salamat bina şəhər məscididir. Bu müqəddəs məkanda da ermənilər ondan donuz tövləsi kimi istifadə ediblər. Bütün bunlara baxmayaraq Azərbaycanın bütün bölgələri abadlaşacaqdır. Cənab Prezidentin vurğuladığı kimi, indi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq: "Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün
də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur".
Nəzakət ƏLƏDDİNQIZ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB