Azərbaycan yeni reallıq yaratdı, Ermənistan... - ANALİZ

Azərbaycan yeni reallıq yaratdı, Ermənistan... - ANALİZ

Prezident İlham Əliyev: “Ermənistan məğlub edilmiş ölkədir, Azərbaycan zəfər çalmış ölkədir”

“Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram”. Prezident İlham Əliyev bu barədə xalqa müraciətində müharibənin nəticələrindən danışarkən bildirib: “O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi", - deyə dövlətimizin başçısı qeyd edərəe bildirib: "Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”.

Azərbaycan Prezidenti: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”

44 gündə Ermənistan Ordusunun “məğlubedilməzlik” mifi dağıdıldı

Bəli, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata atekvat cavabı olaraq ın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Azərbaycan Prezidenti "status-kvo"nu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin birgə bəyanat Azərbaycanın qalib, Ermənistanın kapitulyasiya aktıdır. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Paşinyan bəyanatı gizlincə imzalayıb.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.

Qondarma rejimin Prezidenti Araik Harutyunyan da etiraf edib ki, hələ müharibənin ilk həftələrində cənub istiqamətində çətin vəziyyətdə olarkən Ermənistan və Qarabağ Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıların döyüşə getməkdən imtina etdiyini, əsgərləri postlarda və ön xətlərdə vaxtında dəyişməyin mümkün olmadığını qeyd edib: "Fərariliyin qarşısını almaq mümkün olmayıb, Ermənistandan gələn könüllülərin böyük əksəriyyəti əsgər forması geyindikdən sonra şelfi çəkməklə yetiniblər, ön cəbhəyə getməkdən imtina ediblər. Qarabağlı əsgər və zabitlər və Ermənistandan gələn əsgər və zabitlər arasında ciddi problemlər yaşanıb. Qarabağlı əsgər və zabitlər Ermənistandan gələn zabitlərin əmr və göstərişlərinə tabe olmayıblar, hətta onlar arasında silahlı konfliktlər də yaşanıb. Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Elə bu biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa verib".

Prezident İlham Əliyev: “Haqlı olmağımızı döyüş meydanında sübut edirik”

“Hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.

"Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik”, deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz torpağımızda vuruşuruq və qələbə bizimlədir. Və bu gün artıq Azərbaycan haqqın, ədalətin, ərvazi bütövlüyünün bərpasına nail oldu. 30 illik əsarət altında olan torpaqlarımızın əzadlığına son qoyuldu. Deyir, dünyanın istənilən nöqtəsində baş verən müharibədə qələbənin təmin olunması üçün bir neçə vacib tələblər var: düşünən beyin və vuran əllərdən ibarət canlı qüvvə, müasir texniki imkanlar, davamlı hərbi təminat və əhval ruhiyyə. Bu tələblər təmin olunursa, döyüş meydanında uğur mütləq təmin edilir. Müzəffər Azərbaycan Ordusunda bunların hamısı var. Əlbəttə ki, bütün bu prosesə, zəfər yürüşünə peşəkarlıqla liderlik edən Ali Baş Komandandır. Nəticə göz önündədir. Bunun da təməlində qələbəyə inanan, uzun illərdir intizarında olduğumuz Böyük Zəfərin əldə edilməsi üçün dövlətimizə, rəşadətli Ordumuza, Ali Baş Komandanımıza dəstək verən xalqımızın böyük ruh yüksəkliyi, milli vəhdəti dayanır. Çünki bizim mübarizəmiz haqq, ədalət mübarizəsidir və öz torpaqlarımızda öz torpaqlarımız uğrunda mcadilə aparırıq.

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənabları da bütün çıxışlarında, müsahibələrində, görüşlərində demişdir: "Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır! Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır. Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!"

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə