Azərbaycan diasporu dünyada haqq səsimizi ucaldır - ŞƏRH

Azərbaycan diasporu dünyada haqq səsimizi ucaldır - ŞƏRH

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diasora siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Azərbaycanın bir sıra dünya ölkələrdəki formalaşmış diaspor fəalları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Son vaxtlar ölkəmizin siyasi həyatında baş verən hadisələr zamanı soydaşlarımızın vətən naminə atdığı addımlar, yumruğu bir yerə vurması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bir amal, məqsəd uğurunda birləşməsinin bariz nümunəsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyalarını keçirilməsi, həmrəyliyin təzahürüdür. "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qəhrəman Azərbaycan əsgəri!", "Can, can Azərbaycan!", "Azərbaycana ədalət!", "Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!" kimi şüarlarla keçirilən yürüş və aksiyalarda bu birliyi görmüş olduq. Dünya ölkələrindəki bir çox diplomatik nümayəndəliklərə, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədildi. Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir, cinayət məsuliyyəti doğuran əməllərdir. Bu gün isə əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəyə həsr edilmiş şüarlar yer alır ki, bu da dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının qəlbinin doğma yurdla döyünməsinin göstəricisidir. Əlbəttə ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır.

Artıq Azərbaycan ötən əsrin 90-cı illərindəki dövlət deyil. Dünya ölkələri tərəfindən tanınması, haqq səsinin dünyaya çatdırılmasında kifayət qədər güclüdür, güclü diasporu formalaşıb. Vətənin haqq səsini yaşadıqları ölkələrdə ifadə gücündədirlər. Azərbaycan diasporunun belə mütəşəkil olması əlbəttə ki, diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, tətbiq edilən yeni proqramlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Əlbəttə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Onu da vurğulamaq yerinə düşər ki, 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni mərhələnin özülünü qoymuş oldu. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, respublikamızın nailiyyətləri təbliğ edilirdi.

1993-cü ildə Ümummillli Lider Heydər Əliyevin, xalqın təkidi ilə, yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd oldu. Azərbaycan diasporu yeni inkişaf yoluna qədəm qoydu. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Bu isə, əslində, respublikamızda aparılan dövlət siyasəti ilə ümummilli mənafelərin ortaqlaşması deməkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması və s. nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmiş oldu. Ötən zamanda azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu. Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir.

Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Mövcud vəziyyət belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi də tanınırlar. Bu gün Azərbaycan diasporu dünyanın bütün qitələrində ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Almaniya, İspaniya, Qazaxıstan, İtaliya kimi onlarla dövlətdə fəaliyyət göstərir. Dünya ölkələrində Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstraliya-Azərbaycan-Türk dostluq birliyi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar diaspora quruculuğu siyasətinin məntiqi olaraq təşəkkül tapıb.

Ölkəmizdə keçirilən dünya azərbaycanlıların qurultayları da ölkəmizin tarixinə iftixar gətirəcək hadisələr sırasındadır. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana - doğma Vətənə gəlir, birliyi, həmrəyliyi nümayiş etdirilər. Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq", - deyərək birliyin əsas məsələlərdən olduğunu diqqətə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin". Artıq Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır.

Dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçvəsində deyə bilir. Bu günlərdə Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və bu ölkədə yaşayan azərbaycanlılar Fransa Senatında və Belçika parlamentində qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması istiqamətində qəbul edilmiş qətnamələrə etiraz olaraq aksiya keçirdilər. Aksiya iştirakçıları "Qarabağ Azərbaycandır!" "Fransa, erməni terrorunu dəstəkləməyi dayandır!" kimi şüarlar səsləndirməklə Azərbaycanın haqq səsini bəyan etdilər.

İngiltərədəki azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Derbi Şəhər Şurasına müraciət etmişdi. Etiraz məktubu Britaniya Azərbaycanlıları İcması, Britaniya Azərbaycanlıları Assosiasiyası, Beynəlxalq Azərbaycan İcması təşkilatları və İngiltərədə yaşayan azərbaycanlılar tərəfindən ünvanlanmışdır. Bütün bu və ya digər əməllər Azərbaycan diasporunun gücünün göstəricisidir. Haqq səsi dünya ölkələrindən eşidilir. Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir, dünyada birlik, həmrəylik nümayiş etdirir.

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diasora siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davamının məntiqidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə