Prezident İlham Əliyev: “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək”
Bəli, bu günü – Qarabağ Azərbaycandır! Qələbə Zəfəri ilə keçiriləcək Qələbə Paradının həsrətini düz 30 il idi ki, gözləyirdik. Və sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçiriləcək parad həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı olacaq. Nəhayət, bu Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı olacaq. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olacağımız PARAD olacaq!
Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır
Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu gün Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
Sözsüz ki, asan yolla qələbə qazanmaq olmur. Bu qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordumuzun, Rəşadətli əsgər-zabitlərimizin igidliyi ilə bu qələbəni qazandıq. Dövlətimizin başçısı İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində bir daha bildirdi ki, döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya imza atmağa məcbur oldu.
Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən "Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, "Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!".
Dövlətimizin başçısı onu da bildirib ki, indi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər: "Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".
Bəli, dekabrın 10-da bu qələbə sevincimizi Qələbə Paradını keçirməklə qeyd edəcəyik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş edəcəyik. Bu günü xalqımız səbirlə gözləyirdi və bu gün gəldi.
Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 10-da keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Qeyd edək ki, dövlətimizin başçısı xalqa müraciətlərində daim bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi münasibətilə təşkil olunacaq hərbi paradda düşmənin məhv edilmiş və ya qənimət kimi götürülmüş texnikaları da nümayiş olunacaq.
Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı bildirmişdi ki, "Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır".
Bəli, o gün bu gün artıq gəldi. Dekabrın 10-da Azərbaycan Azadlıq Meydanında Qələbə Zəfərinin Qələbə Paradını keçirəcək. Bu parada da «Bir millət, iki dövlət» olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olunacaq.
“Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür”
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman demişdir: «Əziz dostlar, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.
Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır».
Prezident Rəcəb Tayyib Ərdoğan: “Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman demişdir: «Əvvəla, Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq, onlara Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm. Onlar
fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Böyük şair, mərhum Bəxtiyar Vahabzadənin də bu birliyimizi belə gözəl ifadə edib:
Bir ananın iki oğlu, Bir amalın iki qolu.
O da ulu, bu da ulu, Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız, Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum, Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum, Azərbaycan-Türkiyə".
Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir. Bu gün də – Vətən Müharibəsinin ilk günündən bu günə kimi, 44- günü Türkiyə Azərbaycanın yanında olub, tarixi Qələbə Zəfərinə birlikdə sevinib. Azərbaycan-Türkiyə həmişə sevincli, kədərli günlərində eyni sevinci, eyni kədəri keçirib və bu gün də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qələbə Zəfərli Paradında da iştirak edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”
“Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.
“Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”,-deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Minsk qrupunun həmsədri olan Fransa parlamentinin verdiyi qərara da öz mövqeyini bildirib. O, Fransa Senatının bu qərarını qalmaqallı adlandırıb: “Qardaşım İlham Əliyevin də dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marseli onlara verə bilər. Heç bir ölkənin başqa bir ölkənin torpaqlarına bu qədər alçaqcasına hücumu qəbul edilə bilməz. Suriyadan Liviyaya qədər hər yerdə bənzər davranışlara yol verən Fransa problemin həllinə çalışdığını deyil, problemin bir hissəsi olduğunu sübuta yetirir. Ən son Livanda da eyni oyunu oynadı və nəticə almadı. Fransanın bu təhlükəli addımlarına beynəlxalq ictimaiyyətin laqeyd qalmayacağına ümid edirəm. Türkiyə hər zaman və hər yerdə olduğu kimi, haqlının, məzlumun yanında olan siyasətini davam etdirəcək”.
Prezident İlham Əliyev: “Biz 100 il öncə də bir yerdəydik və birlik nümayiş etdirirdik, indi də eləyik”
Bu fikirləri Azərbaycan Prezidenti İlhm Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən parada deyərək vurğulamışdı ki, Bakı artıq o dövrdə yaşadığı çətinlikləri geridə qoyub və hazırda daha güclü bir Azərbaycan mövcuddur: “Biz bu ilin may ayında AXC-nin 100 illiyini qeyd etdik. Biz Şərqin ilk demokratik respublikasını Azərbaycanın yaratmış olmasından qürur duyuruq. Ölkəmiz böyük çətinliklərlə üz-üzə idi və ərazilərimizə tam nəzarət edə bilmirdik. Bakı və bir neçə başqa şəhərlərimiz işğal altında idi. Hökumətimiz Gəncədə yerləşmiş və orda fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Gəncədən Bakıya uzanan qələbə marşı və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və bu qələbə uğrunda canını fəda edən şəhidlərin xatirəsini daim əziz saxlayacaqdır”.
Ordumuzun hazırkı gücünə və döyüş hazırlığı səviyyəsinə də toxunan prezident qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bu sona qədər də belə qalacaq: “Bu gün güclü ordumuzun Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında, həmçinin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində keçirilən uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız Azadlıq meydanına gətiriləcəkdir. Gün gələcək Azərbaycan bayraqları bu gün hələ də işğal altında olan bütün torpaqlarımızda qaldırılacaqdır”.
Bəli, o gün artıq bu gün oldu. Dekabrın 10-da İkinci Vətən Müharibəsinin qələbə paradı keçiriləcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız Azadlıq meydanına da gətiriləcəkdir.
Və bu Qələbə Parad Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır!.
QƏLƏBƏ PARADIMIZ MÜBARƏK OLSUN!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB