Torpağı Vətən edən şəhidlərimiz

Torpağı Vətən edən şəhidlərimiz

Bu gün bir dəqiqəlik sükutla ŞƏHİDLƏRimizi yad edəndə 44 günlük qürurlu tariximiz sanki film kimi gözümdən axdı getdi. Tarixə "modern müharibə" adı ilə yazılan, ilk dəfə online müharibə kimi düşən 44 günlük ll Qarabağ Vətən müharibəsini bizlər anbaan izlədik, canlı şahidləri olduq.

Biz əslində bu gün Ali Baş Komandanımız cənab İlham Əliyevin ermənipərəst "jurnalist"lərin qərəzli, açıq və mövqe sərgiləyən suallarına verdiyi susdurucu cavabları, hər dəfə qulağımız zəfər xəbəri alanda Rəisin xalqa müraciətini səbirsizliklə gözlədiyimizi, həmin çıxışları ilə hər kəsin ürəyinə yayılan, xalqının ürəyindən keçən sözləri elə xalqın dilində ictimai arenaya çatdırmasını, öz səlis danışığı ilə hər an bizlər üçün açıqlama verən, düşmənin belini siyasi meydanda qıran Hikmət Hacıyevi, Qarabağ fatehləri, generallarımız- Əliyar Əliyəvin tələbəsi və ona verdiyi sözünün ağası Mais Bərxudarovu, Suqovuşan fatehi Hikmət Həsənovu, Şuşa fatehi Hikmət Mirzəyevi, meydanda döyüşə bilməyən, lakin ermənilərin dinc əhaliyə raketlərlə hücumu zamanı POLAD üzlü gülən uşağı, qəhrəman şəhər Tərtəri, uşağının bağırsaqlarını öz əlləri ilən yığan Bərdə sakinini, erməni generalını əlləri ilə boğan Cəbrayılımızı, səsi qulağımızdan, gülərüzü gözümüzdən,mahnısı dilimizdən düşməyən Xudayarımızı, məyər nə gözəl mahnı imiş, dünyanı heyrətə, erməniləri ömürlük qorxuya salan qara geyimli XTQ-in Şuşada əlində silah, belində şəhidi ilə döyüşməyini, erməni şərəfsizlərin "bizim əsgərdir" deyərək mənimsədikləri topatan igidimiz Vüsalı və dünya mətbuatına "rembo" ləqəbli əsgərlər olaraq düşən digər igidlərimizi yad etdik.

Biz tarixi ancaq kitablarda təsəvvür edərək oxumuşduq, biz müharibənin necə ağır, amma qürurlu yol olduğunu, biz şəhidliyin necə bir zirvə olduğunu, biz Vətən sevgisinin nə olduğunu, biz bayraq sevgisinin nə olduğunu, biz şəhid anasının, atasının, yoldaşının, qardaşının, bacısının, övladının nələr çəkdiyini bilirdik... amma bu şanlı tarixi günlərdə dərk etdik, fərqinə vardıq.. Çünki oxumaqla canlı yaşamaq fərqlidir. 44 günlük canlı tarix dərsi bitdi, geriyə şəhidlərimizin, qazilərimizin şanlı xatirələri qaldı.

Biz 28 il sonra Qarabağa yeni və yenidən nəfəs verdik. Bu dəfə tarixin fərqli olacaq sinəsi hərbə meydan olan Qarabağ, uğruna minlərlə can qurban oldu, canından keçən hər bir əsgər qəhrəman oldu, Qarabağ. Qarabağ bizim idi bizim də oldu.

Azərbaycan sərhədlərindən kənarda ən gözəl xalq olduğumuzu hər zaman təsdiqləmişdim, amma biz nə böyük xalq imişik, biz nə böyük iradəsi olan millət imişik və əslində biz necə xoşbəxt millətik ki, biz AZƏRBAYCANLIYIQ! İradəmiz POLAD kimi, MÜBARİZƏMİZ isə haqq idi. QARABAĞ AZƏRBAYCANDIR!

Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə tez bir zamanda şəfa versin.

GÜLLƏR QASIMOVA

("Azərişıq" ASC)

Bütün xəbərlər Facebook səhifəmizdə