Döyüşdə şücaət göstərən şəhidimiz - Emin Məmmədov

Emin Vətən oğlu Məmmədov. Torpaq yolunda şəhid olan, əbədi olaraq dünyamıza daxil olan Azərbaycanın igid oğlu. Qəlbimizdə möhtəşəm bir abidəsi ucalır. Bu şəhidimizə olan ehtiram abidəsidir. O, artıq bir ananın deyil, bütün xalqımızın qəhrəman oğludur.

Şəhid Emin Vətən oğlu Məmmədov 1992-ci ilin avqustun 15-də Beyləqan rayonunun Qəhramanli kəndində anadan olub. 1998-2009-cu illərdə şəhid Tağı Məmmədov adına tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış və hərbi xidməti başa vurduqdan sonra elə hərbi xidmətdə işləməyə qərar vermişdir. Uşaqlıqdan, yeniyetməliyindən canına, qanına hopmuşdu vətənpərvərlik, vətən sevgisi. Çevikliyi, iti gözü ilə hərbi xidmətdə xüsusi təyinatlı dəstəyə verilir.

Sonra Türkiyə hərbi qüvvələrində türk ordusunun SNAYPER kursuna daxil olur. Türkiyədən gələndən sonra xüsusi təyinatlı kəşfiyyatın baş sinaperçisi olur. Sanki Vətən müharibəsinə vəsiqə almaq üçün çalışırdı. Bilirdi ki, gec-tez erməni işğalçıların torpaqlarımızdan qovmaq zamanı yetişəcək. Atlı olub yol gedirdi. Hərbi xidmətdə olduğu dövrlərdə bir çox fərqlənmə mükafatlarına layiq görülür.

27 sentyabr tarixində Vətən müharibəsi başlayanda Emin də ön cəbhədə Füzuli istiqamətində igidliklə döyüşür. Füzulinin alınmasında və üç erməni postunun alınmasında iştirak edir. Düşməni lərzəyə salan Emin 50-yə yaxın erməni əsgərini məhv edir. Erməniyə Azərbaycan oğlunun, döyüşçüsünün gücünü göstərir. Elə Füzulidə də igidcəsinə şəhid olur.

Müqəddəs Vətən torpağını qanı ilə suvaran oğullardan bir kimi yaddaşlarda iz salır. Vətənin harayına, səsinə səs verib müqəddəs şəhidlik zirvəsinə yüksəlib. Artıq bir ana övladından el oğluna çevrilib. Vətənin şəhid oğlu. Şərəflidir bu yol. Hər zaman fəxarətlə vüqarından söz açacağıq 28 yaşlı Eminin. Vətən savaşında şücaət göstərərk düşmənə dönməzliyini sübut edən Emin Məmmədov kimi şəhidlərimiz, qazilərimiz bir tarix yazdılar. Xalqın adını uca tutan igidlərimizdən bir kimi Eminin də həyat yolunun hekayəsi var. Oxuduqca son yetməyəcək hekayə. Arzusu, həyatı yarımçıq qaldı, amma ən yüksək zirvəyə yüksəldi – Şəhidlik! Adının qarşısına baş əyirik bizim QƏHRƏMAN. Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə