Kənan Hacı: “Qalib xalqın yazıçısı olmaq da böyük şərəfdir!” MÖVQE

“Mən şəhidlərimiz haqqında yazı, kitab, roman yazan yazarlarımızın əllərindən öpürəm! Özüm bu mövzuda bir roman üzərində işləyirəm. İnanın, bu qədər çətin olacağını təsəvvür etmirdim. O atmosferə köklənmək o qədər çətindir ki...”

SİA xəbər verir ki, bu fikirləri “Facebook” sosial şəbəkəsində tanınmış yazar, essesist, tərcüməçi Kənan Hacı yazıb. “Bəzən günlərlə havalı kimi gəzib dolaşıram. Yazmaq istədiyim səhnələr yuxularımı zəbt edir, gecələr mərmi səsinə diksinib yuxudan ayılıram...”, deyə qeyd edən tanınmış yazar bu mövzunun nə qədər məsuliyyətli və çətin olmasını da incə məqamlara toxunaraq təsvir edib: “Notbuku açıb saatlarla boş səhifəyə heç nə yaza bilmirəm. Sözə çevirə bilmirəm o yaşantıları. Hisslərim sanki çarmıxa çəkilir. Aylardır o ağrını canımda gəzdirirəm”.

Kənan Hacı Vətən müharibəsində qazanılan və dünyaya səs salan, yeni hərb və mübarizə tarixi yazan, zəfər izi buraxan qələbənin daha əvvəllər hiss olunan çətinlikləri ruhən aradan qalxdığını da qeyd edib: “44 günlük Vətən müharibəsində qazandığımız Qələbə o ağrılara su səpdi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Qalib xalqın yazıçısı olmaq da böyük şərəfdir! İnanıram ki, Qarabağ savaşıyla bağlı möhtəşəm əsərlər, məhz bundan sonra yazılacaq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə