BNA gündəmə çevrilən xəritə ilə bağlı açıqlama verib

BNA mətbuatın gündəminə çevrilən xəritə ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, BNA rəsmisi Mais Ağayev bildirib ki, həmin xəritə torpaqlarımız işğal altında olan zaman hazırlanıb.

"Həmin vaxt bütün xəritələrdə Qarabağ məhz bu formada ayrıca göstərilib. Bundan əlavə gözləmə zalı Qarabağa həsr olunub və həm də buna uyğun bölgə ayrıca göstərilib. Bu gün şükürlər olsun Müzəffər Ordumuz artıq torpaqlarımızı azad edib və ərazi bütovlüyümüz bərpa olunub. Məsələ ilə bağlı spekulyasiya etmək, insanlarda Qarabağ mövzusu kimi həssas məsələ ilə bağlı qıcıq yaratmaq yolverilməzdir. Bu gün Şəhidlərimizin əziz xatirəsinin böyük ehtiram və qürur hissi ilə andığımız bu gündə bu formada insanlar arasında çaşqınlıq yaratmağın özü planlı formada BNA-ya qarşı trol fəaliyyəti göstərməkdir", deyə M.Ağayev əlavə edib.

Mais Ağayev artıq fotoda görünən xəritənin oradan götürüləcəyi və bütöv Azərbaycan xəritəsinin qoyulacağı barədə müvafiq göstəriş verildiyini vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə