Könüllülük ümummilli hərəkata çevrilib

5 dekabr Beynəlxalq Könüllülər Günüdür

5 dekabr dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Bu gün hər il BMT Baş Assambleyasının 1985-ci il 17 dekabr tarixində qəbul olunan qətnaməsi əsasında keçirilir. Qeyd olunan günün böyük anlamı var. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. "Könüllü" termininin etimologiyasına nəzər salsaq görərik ki, bu söz öz ilk dəfə 1600-cı illərdə istifadə olunub. "Hərbi xidmət üçün özünü təqdim edən" mənasını daşıyır. Müasir dövrümüzdə ölkəmizin demək olar ki, hər bir yerində könüllü gənclərin də payı var. Azərbaycanda həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək, həmrəylik kimi dəyərlər aşılamış olur. Artıq bir neçə gündən sonra yola salacağımız 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər ili" elan edilmişdir. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 iyun 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunun məqsədi hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir. Qanunun qəbul edilməsi Azərbaycan könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilib. "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Ölkəmizdə mərkəzi icra hakimiyyəti orqanı və bütün yerli icra hakimiyyəti orqanları yanında könüllü qrupları yaradılıb. Belə ki, bu gün ölkəmizdə "Gənc Könüllülər", "RİİB Könüllüləri", "BİR Tələbə-Könüllülər", "Aqrar İnkişaf Könüllüləri", "KOB Könüllüləri", "Miqrasiya Könüllüləri", "Ədliyyə könüllüləri" və s. qurumlarda müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər.

Eyni zamanda, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı yaradılıb. "ASAN xidmət" mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Könüllülər "ASAN xidmət"in ayrılmaz tərkib hissəsinə çevrilib. Onlar yüzlərlə fərqli layihələr həyata keçiriblər, müxtəlif təlim və treninqlərə cəlb ediliblər. 2013-cü il dekabrın 19-da "ASAN Könüllülərinin I Qurultayı" keçirilib. Əlbgttə ki, keçirilən tədbirlər ölkəmizdə vüsət almış gənclər siyasətinin tərkib hissəsidir. Ölkəmizdə keçirilən Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva könüllülərə, onların fəaliyyətinə yüksək dəyər verirlər. Hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması, cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır. 2020-ci ilə "Könüllülər ili"ndə Azərbaycan vətənpərvər oğulları könüllülüyün daha bir nümunəsini əməldə ifadə etdilər. Ali Baş Komandanın ətrafında sıx birləşərək Vətən müharibəsində iştirak etməyə qərər verdilər. İsrarlı olaraq torpaqlarımızı müdafiə etməyə qalxdılar. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Vətənin müdafiəsinə qalxan oğullar erməniyə dərs vermək, işğal altında olan torpaqlarımızı azad etmək uğrunda könüllü olaraq orduda xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verdilər. Yaşından asılı olmayaraq hər kəs müsəlləh əsgərə çevrildi. Sağlam düşüncəli gənclərimiz könüllü olaraq ön cəbhəyə yola düşdülər. Vətənin müdafiəsində dayandılar. Heç şübhəsiz ki, öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında cəmiyyət, vətən naminə təmənnasız işlərin görülməsi dayanır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...