60 yaşın ziyası: Bu gün, elə həmin gündür Qafar ƏLİYEV-60

İnsan dünyaya bir fərd olaraq gəlir. Sonradan onun cəmiyyətdə formalaşaraq böyüdüyü zaman kəsimi isə doğulduğu andan bir alın yazısı olaraq ona verilir. Bu zamanın müddəti də həmin alın yazısındadır, necə ki, onun bu dünyada olduğu dönəmdəki həyat fəaliyyəti kimi. Zamanın müddəti isə 1, 5, 50, 100 il və ya saat, dəqiqə də ola bilər. Bir çox məqamlarda bu zamanın çoxluğu insanın var olduğu dönəmdən sonra yaddaşlarda qalması üçün yetərli olmur. Əsas odur ki, sən yaşadığın zaman kəsimində cəmiyyət üçün xeyirli bir şəxs olasan. Necə deyərlər əsl şəxsiyyət olmağı bacarasan ki, qısa ömür yaşasan belə yaddaşlarda bir insan kimi qala biləsən…

Bəli, əsl şəxsiyyət olmaq çox çətindir. Bunun üçün mənəvi və bioloji varlığı ilə insan yaşadığı cəmiyyətə böyük səmərə verməli, onlara daim düzgün yol təlqin etməyi bacarmalıdır. Mənim bu günkü QƏHRƏMANIM kimi.

Həyat kredosunda daim harada olursa-olsun əsl ziyalı və şəxsiyyət olmaq başlıca meyarı olub Onun. Olduqca sadə və səmimiliyi ilə isə hər zaman özünü ətrafdakılara sevdirə bilib. Daşıdığı böyük vəzifəsiylə, təltif olunduğu dövlət mükafatları ilə heç vaxt öyünməyən bu Şəxsiyyət məhz elə bu keyfiyyətlərinə görə də seçilməyi bacarıb. Onun ilk amalı əsl İNSAN olmaqdır, necə ki, bunu bacarıb. Bu gün adı harada çəkilirsə haqqında xüsusi ehtiramla danışılır. Bütün bunları isə O, öz əməli fəaliyyəti, insanlara verdiyi dəyəri ilə qazanıb.

O, heç vaxt şöhrət düşkünü olmayıb

Gənc yaşlarından böyük dövlət vəzifəsi daşıyıb, alimdir – fəlsəfə elmləri doktorudur, qeyd etdiyim kimi ali dövlət orden və medalları alıb. Ancaq bütün bunlar Onun xarakterində heç bir dəyişiklik etməyi bacarmayıb. Çünki O, heç vaxt şöhrət düşkünü olmayıb. Hesab edirəm ki, başqa hansı vəzifəni, ixtisası, yolu seçsəydi də O, istedadı, intellekti ilə qarşısına qoyduğu hədəflərə nail olacaqdı.

Onu tələbəlik illərindən tanıyıram. Sonradan isə daha yaxından tanımaq qismət oldu mənə. Hər ötən gün tanıdıqca Ondan əsl ŞƏXSİYYƏT, İNSAN olmağın yeni düsturunu kəşf etdim. Özünə heç zaman bildirməsəm də, daim uğurları ilə fəxr etmişəm…

Bəs nədir Qəhrəmanımı fərqli edən?

Sualın cavabı çox genişdir. Lakin qısa cavab versək deyə bilərik ki, Onu fərqli edən hamının sevincini öz sevinci, kədərini isə öz kədəri hesab etməsidir. Yaxşılıq, xeyirxahlıq Onun həyat amalıdır. Bəzən haqqı olduğu halda belə heç kimdən nəsə ummamasıdır, yəni təmənnasızlığı. Kiməsə bir xeyiri dəydiyi halda necə sevinməsidir. Mühüm dövlət vəzifəsi daşısa da özünü sadə insanlardan fərqləndirməməsidir. Bağlı olduğu ailəsinə öz məhəbbətini açıq şəkildə biruzə verməməsidir. Kiməsə xoş gəlmək üçün qətiyyən nəsə deməz. Vətənsevərlik, qürur isə Onun üçün başlıca şərtdir. Konkretləşdirsək, ƏSL İNSAN adına deyilən nə varsa hamısı cəmləşib QƏHRƏMANIMda. Bütün bunları isə O böyüdüyü, tərbiyə aldığı ailədə əldə edib…

Keşməkeşli həyat yolu və böyük uğurun başlanğıcı

O, 1960-cı ilin dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Sədərək kəndində (indiki Sədərək rayonu), kolxozçu ailəsində dünyaya gəlib. Böyük ailədə böyüyən Qəhrəmanım həyatın keşməkeşlərini çox yaşayıb. Uşaq yaşlarından əməyə böyük önəm verib. Daim valideynlərinə ev və kolxoz işlərində dəstək olub.

Orta təhsilini Naxçıvan şəhərində internat tipli məktəbdə alıb. Məhz Onun böyüklük əlamətlərindən biridir ki, bu gün həmin məktəbdən söz düşəndə fəxarətlə deyir ki, "Biz internat uşaqlarıyıq" (internat tipli məktəbdə təhsil aldıqlarını xatırladır – A.A). Həmin "İnternat uşaqları"nın əksəriyyəti ilə isə bu gün də çox yaxın dostluq edir.

Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olur. Burada əyani şöbədə təhsil almaqla yanaşı, gecələr işləyir. Və bütün çətinliklərə rəğmən Universiteti qırmızı diplomla başa vurur. Oxuduğu dönəmdə müəllim və tələbə yoldaşlarının böyük hörmətini qazanmağı da bacarır. Təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayır. Bu isə onun üçün yeni həyat yolunda gələcək uğurlarının başlanğıcı olur…

Bütün bunlar o dövrə təsadüf edirdi ki, SSRİ deyilən imperiya günü-gündən tənəzzülə doğru irəliləyir, müttəfiq respublikalarda vəziyyət gərginləşirdi. Erməni faşistləri Azərbaycana qarşı Moskvadakı əlaltıları vasitəsilə öz çirkin niyyətlərini həyata keçirmək üçün ciddi cəhdlə çalışırdı. Bunu görən Qəhrəmanım öz sanballı məqalələri ilə həmin dövrdə erməni xislətindən doğa biləcək təhlükələrlə bağlı müntəzəm olaraq mətbuatda çıxışlar edirdi. Lakin "sən saydığını say, gör fələk nə sayır" – deyib atalarımız. Sonradan bu iddialar münaqişəyə, nəhayətdə müharibəyə səbəb oldu. İlk əvvəl öz qələmini süngüyə çevirən Qəhrəmanım, sonradan əldə silah ön cəbhəyə yollanır. Sədərək Özünümüdafiə batalyonunda erməni faşistlərinə qarşı vuruşaraq öz ata-baba torpaqlarının qorunmasında fəallıq göstərənlərdən biri olur. Bu dövrü mənimlə söhbətlərində Qəhrəmanım belə nəql edir: "Sədərəyin əksər cavanları müharibəyə könüllü şəkildə cəlb olunmuşdular. Biz həmin vaxt aclıqdan, hansısa çətinlikdən deyil, sadəcə silah sarıdan çox çətinlik çəkirdik. Postlarda olanların əksəriyyətində ya təklülə tüfəng, ya da bıçaq və xəncər olurdu. Avtomat isə cəmi 2-3 ədəd idi. O da növbəlilik əsasında birindən digərinə verilirdi. Sonradan kənd camaatı ilə birgə yığışıb öz hesabımıza əlavə bir neçə ədəd də avtomat aldıq. Məhz həmin silahlar hesabına Sədərəyi düşməndən qoruya bildik. Ancaq xeyli sayda şəhidlər də verdik. Mərkəzdən - Bakıdan isə o vaxt ümumiyyətlə heç bir dəstək yox idi. Onlar öz hakimiyyətlərinin hayında idilər. Qarabağdakı, Naxçıvandakı vəziyyət onları maraqlandırmırdı…".

Həmin dövrdə respublikamızda yaranmış gərgin ictimai-siyasi proseslərlə də mütəmadi olaraq maraqlanan Qəhrəmanım mövcud ağır durumu yaxşı görürdü. Bu o zamana təsadüf edirdi ki, Ulu Öndər Heydər Əliyev Moskvadan – Kremldən uzaqlaşdırılmış, Bakıda isə Yanvar qırğınları törədilmişdi. Ölkə məhv olmaq üzrə idi. Qəhrəmanım bütün yazılarında, çıxışlarında respublikanı düşdüyü bu ağır dönəmdən yalnız Ulu Öndər Heydər Əliyevin çıxara biləcəyini qorxmadan bəyan edənlərdən idi. Naxçıvana qayıdan Ulu Öndər Heydər Əliyevi ilk qarşılayanlardan biri də məhz O, olur…

İnsan həyatını daim möcüzələr izləyir. Məhz bu möcüzə də Qəhrəmanımın həyatında baş verir. Belə ki, Ulu Öndərə bağlılıq Onu sonralar Dahi Liderin silahdaşlarından birinə çevirir. Bu gün də bundan böyük fəxarət duyur…

Bakıya gəliş…

İctimai-siyasi proseslərdə fəal iştirakla yanaşı Qəhrəmanım həmin vaxtlar təhsilini də davam etdirir. Bakıya gəlişin növbəti dövrü yenə təhsillə bağlı olur. İlk əvvəl sənədlərini Onun bir siyasətçi kimi yetişməsində xüsusi rolu olan Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna verir və qəbul olur. Sonralar bu ali məktəbdə müəllim kimi də fəaliyyət göstərir.

İkinci təhsilini qiyabi yolla alan Qəhrəmanım Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Ona da böyük etimad göstərilir. Prezident Aparatında (indiki Azərbaycan Prezidentinin Administrasiyası) məsul vəzifəyə təyin olunur. Bununla da O, "dəryada üzən siyasət gəmisi"nin ekipajına çevrilir.

Daim özünün məsuliyyəti ilə peşəkarlıq, ziyalılıq və insanlıq keyfiyyətlərini nümayiş etdirən Qəhrəmanım hər zaman öz üzərində işləyən dövlət məmurlarındandır. Məhz Onun müdafiə edərək 20 il öncə Elmlər doktoru adını aldığı elmi işi də çalışdığı sahə ilə bağlıdır. Məhz bu yorulmaz fəaliyyətinin nəticəsidir ki, yüksək kuluarlarda da daim Onun adı hörmət və ehtiramla çəkilir.

Peşəkarlığı daim Onun yol-yoldaşıdır. Müxtəlif çətin situasiyalardan çıxmaq üçün verdiyi tövsiyə və məsləhətləri bir çoxlarına hər zaman yardımçı olub. Dəstəyini isə heç kimdən əsla əsirgəməz. Bu istər dövlət işi ilə, istərsə də şəxsi məsələlərlə bağlı olsun. Əslində Ulu Öndər Heydər Əliyev siyasi məktəbini keçmiş dövlət məmuru belə də olmalıdır.

Xatirələr işığında…

Qəhrəmanım hər zaman xatirələrini bölüşəndə Ulu Öndər Heydər Əliyevlə birlikdə səfərlərinə xüsusi önəm verər. Bu səfərlərdə Dahi Liderin xoş zarafatlarından da danışar. Onun üçün bütün bu xatirələr bundan sonrakı həyatı dövründə də daimi olaraq qalacaq. Özü belə deyir.

Bir məqama xüsusi diqqət çəkim ki, bu yazının yazılmasından Onun heç bir məlumatı yoxdur. Yalnız bundan yazı dərc olunduqdan sonra xəbəri olacaq. Bunu ona görə xatırlatdım ki, Onun mənə Ulu Öndərlə bağlı danışdığı xatirələrindən birini indi Sizlərin diqqətinə çatdıracam. Yəqin ki, bundan inciməz.

Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə Ulu Öndər Heydər Əliyev böyük nümayəndə heyətilə gedir. Səfər zamanı nümayəndə heyətinin seçilməsi üçün xüsusi nişanlar hər kəsin sinəsinə taxılır. Qəhrəmanım da bu işə cəlb olunur. O, qadınlardan birinin sinəsinə həmin nişanı taxarkən Ulu Öndər bunu görür və Onu yanına çağırır. Soruşur ki, "Xeyir ola qadınların sinəsinə nişanı sən taxırsan?" Bundan pərt olan Qəhrəmanım suala cavab verə bilmir. Bunu görən Ulu Öndər gülür və zarafat etdiyini deyir (O, bunu mənə Ulu Öndər Heydər Əliyevin sağlığında danışmışdı və bunu ilk dəfə olaraq mən də Sizlərə nəql etdim – A.A)…

Məqam düşmüşkən Qəhrəmanımın insanlıq keyfiyyətlərini özündə təcəssüm etdirən bir hadisəni də xatırladım.

Bir dəfə qışın şaxtalı günlərinin birində əlavə iki dostumuzla birgə şəhərə çıxmışdıq. Yol kənarında bir yaşlı qadının bu soyuq havada təbii otlar satdığını gördük. O bildirdi ki, bu otlar evlərdə istifadə üçün hər zaman lazım olur. Təklif etdi ki, gəlin bunların hamısını dörd yerə bölüb alaq. Qadın da hava şaxtalıdır, getsin evinə. Biz razılaşdıq. Beləcə qadının satdığı otların hamısını aldıq və bütün günü şəhərdə hərəmizin əlində bir torba təbii otlarla gəzdik. Axşam da evə gedəndə həmin otlarla evdəkiləri "sevindirdik".

Dostluğa açıq və səmimi olduğu qədər də etibarlıdır

"Siyasətdə daimi dostluq yoxdur, daimi maraqlar var" - deyənlərlə və bunu sübut etməyə çalışanlarla heç vaxt razılaşmamışam. Çünki istər fərd olaraq, istərsə də dövləti anlayışda bunun bəzi məqamlarda əksinin şahidi oluruq. Elə götürək Azərbaycan-Türkiyə maraqlarını. Bunu isbat etmək üçün isə böyük vaxta zamana ehtiyac yoxdur. Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı dediyi bir cümlə yetərlidir: «Bir millət, iki dövlət». Bunu şəxsi münasibətlər çərçivəsinə gətirsək isə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluğu, qardaşlığı nümunə kimi göstərə bilərik.

Bəli, bu nümunəni təsadüfən xatırlatmadım. Qəhrəmanım bir siyasətçi olsada Onun üçün də heç bir zaman şəxsi münasibətlərdə, hansısa maraq əsas olmayıb. Dostluğa açıq və səmimi olduğu qədər də etibarlıdır.

Dövlət işi ilə şəxsi münasibətlərdəki paralelliyi qoruyub saxlamaq təbii ki, heç də asan deyil. Ancaq O, bunu layiqincə bacara bilib. Özünün sözübütövlüyü, özübütövlüyü ilə. Özü bütöv, sözü bütöv olmağı bacaranlar isə əsl şəxsiyyətlərdir. Qəhrəmanım məhz bu keyfiyyətləri ilə də əsl ŞƏXSİYYƏT olmağı bacarıb.

Bir məqam hər zaman Onun üçün prioritet olub və deyir ki, "Dostu qazanmaq, heç də onu itirmək qədər asan deyil. Ona görə də dostluğa hər zaman xüsusi dəyər verilməlidir".

Bəli, görkəmli pedaqoq Makarenkonun dediyi kimi, "İnsan davranışlarının əsas səbəbini anlayıb, onun içindəki yaxşını üzə çıxarmaq üçün ona zaman vermək lazımdır”. Qəhrəmanım da dostluqda məhz bu dəyərlərə üstünlük verir. İnsanlardakı yaxşını daim görməyə çalışır.

O, bədii yaradıcılığa da böyük önəm verənlərdəndir

Onun barəsində qeyd etmədiyim o qədər məlumatlar, faktlar qaldı ki, bunları bir qəzet səhifəsinə yerləşdirmək təbii ki, mümkünsüzdür. Əminəm ki, Qəhrəmanım haqqında daha geniş məqalələr yazılacaq, kitablar nəşr olunacaq. Buna hesab edirəm ki, Onun mənəvi haqqı da çatır. Axı O bədii yaradıcılığa da böyük önəm verənlərdəndir. Özü də kifayət qədər bu işlərlə məşğul olub və bunu hal-hazırda da davam etdirir. Bəzən söz düşəndə bu sahədə fəaliyyətə vaxt azlığından zaman ayıra bilməməsindən təəssüfünü gizlətmir.

Yazdığı kitablar içərisində isə Ulu Öndərin siyasi fəaliyyətinə həsr etdiyi "HEYDƏR ƏLİYEV: MÜASİR AZƏRBAYCANIN BANİSİ, XİLASKARI, QURUCUSU" dərslik kitabını digərlərindən fərqləndirir.

Bu nəşr həqiqətən nəinki dərslik kimi ali məktəblərdə tədris olunmağa, həmçinin hər bir idarə və müəssisədə, evlərdə belə stolüstü kitab olmağa layiqdir. Çünki əsər o qədər təbii cizgilərlə, təsvirlərlə verilib ki, onu həyəcansız, maraqla oxumamaq mümkün deyil. Təbii ki, Dahi Öndərə həsr edilmiş belə bir əsəri ərsəyə gətirmək nəinki böyük yaradıcılıq, həmçinin peşəkar siyasətçi olmaq xüsusiyyətlərini də özündə ehtiva edir…

ZƏFƏR SEVİNCİ

Bu günlər Onun üçün də fəxarətli olduğu qədər, qürurvericidir. Axı Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın yeni tarixini yazır. Telefonla danışarkən necə sevincli olduğunu izah etməkdə belə çətinlik çəkdi. Fərəhlə bildirdi ki, biz ŞANLI ÖLKƏnin qəhrəman övladlarıyıq. O, buna dövlət məmuru olaraq sevinmir, ƏSL VƏTƏNDAŞ olaraq sevinir. Hələ daha gözəl günlərin qarşıda olduğunu bildirir. Əminliklə deyir ki, növbəti yayın bir neçə gününü doğma Qarabağımızda qeyd edə biləcəyik.

Müharibənin sonunun yaxınlaşması ilə Onun doğulduğu Sədərəyin üzərindən də qara buludlar çəkilmiş olur. Bu da Onu bir sədərəkli olaraq çox sevindirir. Axı bir vaxtlar həmin torpaqlar uğrunda O da döyüşüb, qan töküb, can qoyub. Və indi də Qələbə qoxulu yubileyinin astanasındadır.

60 İLLİK YUBİLEYinə sayılı günlər qalır

Deyirlər yaş üstə yaş gəldikcə insan daha da müdrikləşir. Ancaq mənə elə gəlir ki, Qəhrəmanım elə bu dünyaya müdrik kimi gəlib. Onun verdiyi hər bir məsləhət həmişə böyük dəyərə malik olub. Bu elə indi də belədir.

Mənə elə gəlir ki, Qəhrəmanımın kimliyini yazmamışdan artıq Onu çoxları tanıyıb. Yuxarıda böyük kursivdə verilmiş ad və soyadından, həmçinin də şəkillərindən. Axı O, respublikada kifayət qədər nüfuz sahibidir.

Yuxarıda qeyd etdiyim kimi 1960-cı ilin dekabr ayının 15-də dünyaya gəlib. Deməli, Onun 60 İLLİK YUBİLEYinə sayılı günlər qalır. Yəni, Qəhrəmanımın Qələbə ətirli yubileyinə hər keçən gün daha da yaxınlaşırıq.

Ötən doğum günlərinin birində arzulamışdıq ki, «Gün o gün olsun ki, növbəti ad gününü Qarabağımızın azad olunması ilə birgə qeyd edək». Deməli bu gün, elə həmin gündür. Yəni, Qarabağımızın işğaldan azad olunduğu və Qəhrəmanımın – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin məsul işçisi Qafar Məmməd oğlu Əliyevin Yubileyi günləridir!...

Asəf ABBASOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...