Əsirlər nə zaman təhvil veriləcək? - MÖVQE

Yaxın günlərdə həm Azərbaycan, həm də Ermənistan tərəfində saxlanılan əsirlər geri qaytarılacaq. SİA xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Veteranlar təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Cəlil Xəllilov bildirib ki, hazırda əsirlərin qaytarılması ilə bağlı yaradılan komissiya dəqiqləşdirmə işləri aparır: "3-4 gün ərzində prosesin həyata keçirilməsi gözlənilir. Azərbaycan qarşı tərəfin əsirlərinin geri qaytarılması ilə bağlı heç bir iddia irəli sürməyib. İmzalanan bəyanata əsasən, Ermənistan tərəfi bizimlə razışlaşmağa məcburdur".

Sədr müavini Dilqəm Əsgərov və Şahbaz Quliyevin də qeyri-şərtsiz Azərbaycana təhvil veriləcəyini qeyd edib: "İnanıram ki, müharibədə məğlub olan Ermənistan Dilqəm və Şahbazın verilməsində hiyləgərlik etməyəcək. Hər iki şəxs Azərbaycan ərazisində saxlanılıb. Məğlubiyyətdən sonra Ermənistan onlara qarşı hər hansı iddia irəli sürə bilməz. Bəyanatda qeyd edilən bütün şərtlər yerinə yetirilməlidir".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub.

"Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılırdı. Müharibədən sonra onlar Ermənistana aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə