Azərbaycanın misilsiz qələbəsi əbədiləşdirildi - ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək

Xalq öz tarixi ilə tanınır, öz tarixi ilə böyüklüyünü təqdim edir. Azərbaycan xalqı o xalqlaordandır ki, zaman-zaman işğalçıların torpaqlarına hücumu ilə üz-üz dayanıb, mücadilə aparıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximzə yeni bir gün yazdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır".

Bu müracət xalqın tarixində yeni bir günün başlanmasıdır. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Azərbaycanın qələbə sorağıdır bu. Azərbaycan ordusu bu gün Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi. Zəfər günümüzü yaşatdı. Artıq bu gün tarixiləşdi. Artıq hər il xalqımız bu günü qeyd edəcək. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladı. Sərəncama əsasən, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Deyən Prezident İlham Əliyev onu da bildirib ki, "Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!". Bəli, bu gün Azərbaycanın güclü ordusu, yenilməz ordusu var. O ordu ki, döyüş meydanınıda öz gücünü göstərə bildi. "Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək" deyən dövlət başçısı bunun asan məsələ olmadığını qeyd edib. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Artıq Azərbaycanın işğalda olan torpaqları azaddır və Qarabağ Azərbaycandır!!!

DÖVLƏTİMİZİN ŞƏHİDLƏRİMİZƏ DƏRİN EHTİRAM ƏLAMƏTİ: SENTYABRIN 27-Sİ AZƏRBAYCAN RESPUBLİKASINDA ANIM GÜNÜ KİMİ QEYD EDİLƏCƏK

Təbii ki, bu uğulu yolda necə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Onların qarşısında baş əyirik və Azərbaycan xalqı hər zaman onların xatirəsini yad edəcək. Belə oğulların keçdiyi yollar ərənlik məktəbi olaraq öyrəniləcəkdir. Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikasında Anım Günü təsis edilib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Bu müharibə dövründə düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdilər. Həmvətənlərimizin bir çoxu şəhid oldu, itkin düşdü, sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalq-iqtidar birliyi zəfər, qələbə tarixini yazdı.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə