Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis olunub

Xalqımızın igidlik göstərmiş övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirlər. Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır. Əlbəttə ki, tarixi qələbəni bəzə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevdir, Müzəffər Azərbaycan Ordusudur. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasını ilə nəticələndi. Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza ayaq basırıq.

Bu gün Şuşadan ucalan azan səsi əzəli, tarixi Qarabağa yayılır və torpaqlarımızda üç rəngli Azərbaycan bayrağı dalğalanır. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Xalqın bir məqsəd uğrunda yumruq kimi birləşməsi düşməni qısa bir zamanda torpaqlarımızdan uzaqlaşdırdı. Xalqımızın igidlik göstərmiş övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirlər. "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm" - deyən Cənab İlham Əliyev müvafiq göstəriş vermişdi.

Artıq Cənab Prezidentin göstərişi ilə Azərbaycanda yeni ordenlər və medallar təsis edilir. Dövlət başçısı Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi iləəlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunun tətbiq edilməsi ilə bağlı, eləcə də "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə Fərmanlar imzalayıb. Yeni veriləcək ad və medalların təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Yeni ad isə "Vətən müharibəsi qəhrəmanı" adıdır. Yeni təklif olunan 2 ordendən biri "Zəfər", digəri isə "Qarabağ" ordenidir. Medallara gəlincə isə, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" və s. Vətən müharibəsində torpaqlarımızın düşməndən alınmasında qəhrəmanlıq, şücaət göstərən şəxslər təltif olunacaqlar. Bundan başqa, döyüşdə qəhrəmanlıq, şücaət göstərən vətən oğullarına "Vətən Müharibəsi Qəhrəmanı" adı da veriləcək.

Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa, Kəlbəcər, Ağdam və digər şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcəklər. Hər bir orden və medalın spesifik görünüşü var. Azərbaycan Respublikasının "Qarabağ" ordeninin ümumi təsviri belədir. 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir. Ordenin ön tərəfində lentin mərkəzində "QARABAĞ" sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur.

Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır. Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. Bütün bunlar dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə