Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu dekabrın 1-də, 28 ildən sonra Azərbaycana qayıdıb. Rayon 1992-ci il 18 maydan etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi.
Rayon ərazisi "Narzan", "İstisu", "Turşsu" kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Burda Mirik kəndi ərazisindəki "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndindəki mağara məbədi yerləşir. Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.

Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır.
1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.
Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıqla məşğul idi. İşğaldan sonra 58736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Laçın RİH-in saytında deyilir ki, 2020-cu il yanvarın 1-də laçınlıların sayı 78.565 nəfər olub. Onlardan 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

Azərbaycan mənbələrinə görə, 1980-ci illərin sonunda rayonda cəmi üç erməni yaşayıb, başqa mənbələrdə isə 1970-ci illərdə bu say 34 nəfər kimi göstərilir.
28 il əvvəl işğal zamanı 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, Laçın rəsmiləri bildirib. Rayon 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb.
İşğala qədər orada 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib.
İşğaldan sonra Laçın RİH Ağcabədi rayonuna köçərək burdakı Taxta körpü köçkünlər qəsəbəsində fəaliyyət göstərir.

İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livandan ermənilər köçürülüb. Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Laçın rayonu noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarılıb. Həmin Bəyanata əsasən Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək 5 kilometr enliyində dəhliz Laçın ərazisindən keçəcək. Bu dəhliz Şuşa şəhərinə toxunmayacaq və ona nəzarəti Rusiya sülhməramlı kontingenti edəcək.

Bundan başqa, növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bundan asılı olaraq, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB