“Xarici dillərin tədrisinin aktual problemləri” IV respublika elmi konfransı öz işinə başlayıb

“Xarici dillərin tədrisinin aktual problemləri” IV respublika elmi konfransı öz işinə başlayıb
Bu gün Azərbaycan Dillər Universitetində "Xarici dillərin tədrisinin aktual problemləri" IV respublika elmi konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilib. Tədbirdən əvvəl universitet rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsinə əklil və gül dəstələri qoyublar. Tədbirdə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov, Bakı Slavyan Universitetinin Elmi işlər üzrə prorektoru Məmməd Əliyev, Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru Cihan Bulut və digər qonaqlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ali məktəbin rektoru Səməd Seyidov vurğulayıb ki, konfransın ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilməsi heç də təsadüfi deyil. O bildirib ki, Heydər Əliyev hər zaman təhsilə, müəllimə yüksək qiymət verib və bu ənənələr hazırda da qorunub-saxlanmalıdır: "Ümumilli lider Heydər Əliyev müəllim peşəsinə, təhsilə daim önəm verib. Təbii ki, hazırda bu kurs Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfində uğurla davam etdirilir. Belə olmasaydı, Azərbaycan gəncləri dövlət hesabına Avropanın müxtəlif ölkələrində təhsil almağa göndərilməzdi, onlar ölkəyə qayıtdıqdan sonra işlə təmin olunmazdı. Prezidentin təhsilə, mədəniyyətə verdiyi qiymətdir ki, bu günlərdə Azərbaycan gəncləri \"Eurovision\" mahnı müsabiqəsində qalib gəliblər".

Konfrans barədə ətraflı məlumat verən rektor vurğulayıb ki, ənənəvi xarakter daşıyan bu tədbirə hər il müxtəlif ali məktəblərdən müəllimlər dəvət olunur və birə fikir mübadiləsi aparılır. Burada da məqsəd müxtəlif ali və orta məktəblərədən müəllimləri dəvət etmək, xarici dilin tədrisi sahəsindəki yenilikləri onlara çatdırmaq və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdan ibarətdir. Elmi tədrissiz və yaxud da tədrisi elmsiz inkişaf etdirmək mümkün deyil. Normal şəkildə tədrisi təşkil etmək üçün elm lazımdır. Tədris prosesinin də əsası islahatlardır. İslahatlar aparılmayan tədris prosesində cəmiyyətə lazımlı olan vətəndaşlar formalaşdırmaq, elmi, təhsili inkişaf etdirmək mümkün deyil. Azərbaycan dilinin fəlsəfəsinin inkişafı azərbaycançılıqla bağlıdır. Mən də öz növbəmdə konfransın işinə uğurlar arzulayıram və inanıram ki, bu tədbirlər gələcəkdə öz müsbət nəticələrini verəcək".

Tədbirin davamında çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov, Bakı Slavyan Universitetinin Elmi işlər üzrə prorektoru Məmməd Əliyev, Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru Cihan Bulut belə bir konfransın keçirilməsini yüksək qiymətləndirib və təşkilatçılara təbriklərini çatırıblar. Konfransın davamında ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verib.

Plenar iclasda ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin "Xarici dildə nitq davranışı mədəniyyəti nitq kommunikasiyasının adekvat komponenti kimi", Psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədovun "Ali məktəbdə xarici dilin tədrisinin psixoloji əsasları", Aytən Kazımovanın "Ali təhsildə innovasiyalar və eksperimentlər" adlı məruzələri səslənib.

Qeyd edək ki, 2 gün davam edəcək konfransa 154 məruzə daxil olub. "Ali və orta məktəblərdə xarici dillərin tədrisinin psixo-pedaqoji əsasları və tədrisi problemləri", "Xarici dillərin tədrisi prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron dərsliklərdən istifadə yolları", "Xarici dillərin tədrisində innovativ metodlar və yanaşmalar", "Xarici dillərin tədrisində ədəbiyyatın rolu" adlı 5 bölmədə öz işini davam etdirərək məruzələr müzakirə olunacaq. "Xarici dillərin tədrisinin aktual problemləri" IV Respublika Elmi Konfransı mayın 19-da ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsilə başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə