Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək

İşğaldan azad olunmuş Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir. Füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu rayonun ərazisində yerləşir. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova SİA-ya bildirib ki, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə edir. Bu göl nadir qızılxallı forel balıqları ilə məhşurdur.

“1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı”.

A.Səmədova qeyd edib ki, işğaldan azad olunmuş Laçın rayonu ərazisində aidiyyəti qurumlarla birgə, beynəxalq ekspertlərin iştirakı ilə monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyan hərtərəfli qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...