44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək tariximizə qələbə yazdı. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üç rəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdəndir. Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev bildirib.
"Dövlətimiz tərəfindən bu illər ərizində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər davamlı olaraq həyata keçirilsə də doğma el-obasından didərgin düşən insanlarımızı torpaq həsrətinin bir an da olsun belə tərk etmədiyin bildirən rayon təşkilat sədri məcburi köçkün düşmüş soydaşlarımızda tezliklə Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaqlarına hər zaman böyük inamın olduğunu vurğulayıb. Artıq həmin gün yetişdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu", - deyən rayon təşkilat sədri həmin sənəd əsasında artıq Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonlarının qaytarıldığını bildirib: "Əlbəttə ki, rəşadətli ordumuzun bölmələrinin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması bizlərə fəxarət hissini yaşatdı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın, eləcə də Ağdam sakinlərinin üzərindən bu statusun götürülməsi hər kəsin sevincinə səbəb olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində bu gün Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. "Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik", deyən dövlət başçısı Prezident kimi fəaliyyətində ordu quruculuğunun birinci yerdə olduğunu diqqətə çəkib. Bu gün güclü Azərbaycan ordusunun qələbəsi köçkünlərin doğma yurdlarına qayıtmasına səbəb oldu. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən çıxışı zamanı vurğuladığı kimi "Ağdam şəhərini və Ağdam rayonunun işğal altında olmuş torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin". Bu gün Ağdam azaddır. Qədim insanların yaşayış məskənlərindən olan Ağdam Dağlıq Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olub. 1993-cü ilin iyul ayının 23-də Ağdamın işğalı tarixini artıq 20 noyabr 2020-ci ili qələbə tarixi əvəzlədi. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalanır. Bundan qürurlu, şərəfli nə ola bilər?! Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid oldu. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Erməni vandalları buraları tamamilə xarabazarlığa çevirib, hər şeyi darmadağın ediblər".
Allahverən Əliyev qeyd edib ki, Ağdam şəhərinə səfəri zamanı dövlət başçısının Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlaması, dağıdılıb viran qoyulan məscidə müsəlman qaydalarına tam əməl edərək daxil olması, dövlət başçısının dəyərlərimizə olan ehtiramın təzahürüdür. Bundan sonra biz artıq Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən fəxarətlə danışacağıq, deyən rayon təşkilat sədri ermənilərin xarabalığa çevirdiyi məkanların abadlaşacağını, çiçəklənəcəyini diqqətə çatdırdı. Bu məkanların infrastrukturu yenidən qurulacaq, müasirləşəcək, yeni yollar çəkiləcəkdir: "Artıq işğaldan azad olunan məkanlarımızda dönüşün işartıları görünür. Şuşa məscidində azan səsi eşidilir, işığı ətrafa yayılır. Artıq işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. Bildiyiniz kimi Azərbaycan Prezident İlham Əliyev Sərəncamı ilə Füzuli–Şuşa avtomobil yolunun tikintisinə başlanılıb. Bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən ilk layihə olsa da, qısa bir zamanda digər ərazilərimizdə də belə layihələrini gerçəkləşməsini görəcəyik. İşğal altında olan ərazilərimizin erməni vandalları tərəfindən dağıdılması, maddi-mədəniyyət abidələrimizin dağıdılması və saxtalaşdırılması neçə əsrlik tarixi olan sərvətlərimizə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşacaqdır".
"Dekabrın 1-də Azərbaycan Prezident İlham Əliyev xalqa müraciətində bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq". Əlbəttə ki, xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi bizi qələbəyə apardı. Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın siyasi-diplomatik qələbəsidir. Belə ki, Müzəffər Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə qələbə yazdı, - deyə rayon təşkilat sədri bildirib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə