Gürcüstanda yaşayan soydaşlarımızın problemləri müzakirə olunub

Gürcüstanda yaşayan soydaşlarımızın problemləri müzakirə olunub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, yazıçı, publisist Eyvaz Borçalı, Qafqaz Araşdırmalar Komitəsinin rəhbəri Kamran Ramazanlı media nümayəndələrinin də iştirak etdiyi tədbirdə son vaxtlar Gürcüstanda baş verənlər və soydaşlarımızın problemləri barədə müzakirələr aparıblar.

Tədbiri giriş sözü ilə açan yazıçı, publisist Eyvaz Borçalı tədbirin mahiyyəti haqqında geniş məlumat verib. O, bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemləri az deyil: "Mayın 7-də forum keçirildi. Forumda bir çox məsələlər müzakirə olundu. Gürcüstanın səfiri ilə görüşdüm. Səfir bizimlə razılaşaraq Gürcüstanda olan problemlərin həll olunmasını istədi. Bolnisi rayonunun 38 kəndinin adı dəyişdirilib. Artıq Gürcüstanda Borçalı adlı yer qalmayıb. Amma Borçalı vaxtilə soydaşlarımızın əzəli olaraq yaşadığı ən böyük ərazi olub".

Publisist onu da əlavə edib ki, Gürcüstanla Azərbaycanın dostluğunun qalması üçün bu problemlər öz həllini tapmalıdır.

Qafqaz Araşdırmalar Komitəsinin rəhbəri Kamran Ramazanlı Gürcüstanda baş verən hadisələr haqda öz fikrini bildirib. O Gürcüstanda 61 məscidin fəaliyyət göstərdiyini söyləyib: "Ancaq onlardan biri qeydiyyatdadır. 183 məktəbdən 115-i fəaliyət göstərir. Azərbaycanın müstəqilliyindən sonra heç bir məktəb tikilməyib və təmir olunmayıb"-deyə Kamran Ramazanlı əlavə edib.

Qeyd edək ki, tədbirin davamında problemlə bağlı müzakirələr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə