Nur içində yat, nur üzlü şəhidim REKVİYEM + FOTOLAR

Şəhid, Kazımlı Mürsəl Kamil oğlu… Nur üzlü şəhidimiz Mürsəl. Ailənin tək oğul övladı idi. Cəmi 28 yaş yaşadı. Meğri rayonunun şəhid oğludur. Qubadlı uğrunda gedən döyüşlərdə Vətən uğrunda canını fəda etdi. Şəhidlər ölmürlər, onlar tanrı dağının sakinləri olurlar, gecələr ay-ulduza, gündüzlər günəşə dönüb şəfəq saçarlar yer üzünə. Şəhid atası, şəhid anası dik tutun başınızı! Oğlunuz bir sizin yox, Vətənin oğlu oldu. Sən döyüşə gedərkən bir doğmaların yola salmışdı, qayıdanda isə insan seli səni şəhid kimi qarşıladı. Oğul var evdən, oğulda var eldən gedər. Sən eldən gedən oğulsan! Əcəl əlini tez sıxdın, kəfən yerinə bayrağı seçdin. Şəkillərinə baxdım, bütün şəkillərində gülürsən, təbəssüm yağır üz-gözündən. Arzuların çox idi, çox…

Hər oğul silaha sarılıb döyüşə gedə bilməz. Sən sarıldın silaha, Vətən eşqi, azadlıq eşqi sənin qanında, canında idi. Çətindir, bilirəm. Xüsusilə valideyin üçün övlad itkisi - bir ömür boyu ürəklərində bu ağır tale yükünü daşıyacaqlar. Axrıncı videolarına baxdım, əsgər yoldaşlarınla deyib-gülüb oxuyursan. Mahnının sözlərinə bax - boran olar, qar olar. Elə boran oldu, qar oldu, ata anan, ömrü boyu bu boranda, bu qarda üşüyəcəklər. Sənsizlikdən üşüyəcəklər. Neçə-neçə Mürsəllər dünyaya gələcək adını bilmədiyim necə oğul şəhidlərimiz var ki, o adla dünyaya gələcəklər xatırlanacaqlar.

Nur üzlü şəhidimiz Mürsəl bala, sənin qanın töküldüyü yerdə yaz yağışları yağacaq, yağışlar torpağa hopacaq, o yerlərdə ağaclar pöhrələnəcək, sənin həyat eşqi, Vətən eşqi ruhun daima oralarda dolanacaq, boynu bükük bənövşələr, al əlvan lalələr açılacaq, Tanrının nurundan yer üzünə səpələnmiş güllər, çiçəklər öz rəngində öz ətirində çəmən gülləri açılacaq axI o yerlər müqəddəs olacaq, axı o yerdə şəhid qanı tökülüb.

Qubadlı ilə üzbə-üz həsrətli Vətənimiz durur, lap yaxınındaydın. Nəfəs-nəfəsdə idin Vətənlə. Bəlkədə sonuncu dəfə qanrılıb elimizə gedən yollara baxmısan, baş-başa verən Ələngəz dağlarına baxmısan. Axı o yerlər sənin dədə-baba yurdundur. Laylanı lal axan Araz çayı, şəhidliyinə dözə bilməyən dağlarımız layla çalıb sənə. Sən tək ata-ananın oğlu yox Vətənin oğlusan.

Bir də, bir də ürəyi hər an sənin yanında olan, gələn yollarına göz tikən, arzularında, dualarında yolunu gözləyən, könül verdiyin xanım vardı. Gələcəm demişdin, mütləq gələcəm. O da sənin sevgini ürəkdə saxlamışdı, gözləyirdi səni. Sənin şəhadətə yüksəldiyin gün bax o da sanki öldü. Onun qəlbində sevgidən bir qala tikmişdin, o qalanın memarı da sən idin, bənnası da. Həmin gün sevdiyin insanın iç dünyası darmadağın oldu, viran qaldı, nakam qaldı, yetim qaldı sevgisi, sənə ürəyində bir məzar daşı qoydu, hər gün bu sevgi məzar daşına baş çəkəcək, göz yaşlarından sənə çələng hörəcək öz dərdini özü böləçək, göz yaşları mirvari dənələri kimi gözlərindən ürəyinə axacaq yaşayacaqsan xatirələrdə, ömür karvanının hər dönəmi doğmalarının yaddaşında qalacaq. Nur üzlü şəhidimiz rahat yat nur içində, yat…

Cəmilə Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...