30 Noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür - ŞƏRH

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla, ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompyuter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə Morris "soxulcanı" adlandırılan bu virusun vurduğu ziyan, təxminən, 100 milyon dollar həcmində qiymətləndirilmişdir. Morris "soxulcanı" göstərdi ki, informasiya təhlükəsizliyi, həqiqətən də, çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də, dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. Həmin vaxtdan bəri informasiya texnologiyaları, təbii olaraq, informasiya cəmiyyəti inkişaf etdikcə, bu problem daha da aktuallaşır. Bunları əsas tutaraq, 1988-ci ildə Kompyuter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün qeyd olunur.

İnformasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etdiyindən, müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də, məhz qlobal informasiya məkanında layiqli yer tutması və inteqrasiyası idi. Ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasında xüsusi rola malik olan bu sahəyə Ulu Öndər Heydər Əliyevin ayırdığı diqqətin məntiqi nəticəsidir ki, Onun Sərəncamı ilə təsdiqlənən "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş yollar açmış oldu. Milli strategiya rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlərin həyata keçirilməsində, bu sahənin qanunvericilik bazasının gücləndirilməsində əhəmiyyətli rol oynadı.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin bütün sahələrinə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da önəm verərək, bu sahənin inkişafına yönəlmiş dövlət proqramları və zəruri islahatları həyata keçirməyə başladı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı milli strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Görülən işlərin məntiqi olaraq, artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bütün bunlarla yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradıldı ki, bu da, qısa müddətdə özünü doğrultdu.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur.

Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti kimi tarixə düşdü. Ötən müddətdə uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan və ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə yüzdən artıq televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. Hazırda "Azerspace-1" peykinin resurslarının 60 faizdən çoxu kommersiya yönümlü istifadədədir. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin də xüsusi rolu vardır. Ölkəmizi daha böyük uğurlar gözləyir. Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğulu addımlardır. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan, qısa müddət ərzində, dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər, davamlı olaraq, həyata keçirilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...