Qətərlə iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir. İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, 2020-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsində artım müşahidə olunur. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin genişləndirilməsində rolunun gücləndirilməsi vurğulanıb, Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət edilib. Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ölkəmizdə fəaliyyətindən məmnunluğunu bildirib, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...