"Paşinyan Zəngəzuru Azərbaycana verəcək" Ermənistanda təşviş

Ermənistan Respublikaçı Partiyasının sözçüsü Eduard Şarmazanov qatıldığı televiziya proqramında Ermənistanın Dağlıq Qarabağda törətdiyi dağıntı səbəbi ilə Azərbaycana təxmini 50 milyard dollarlıq təzminat ödəmə ehtimalının olduğunu bildirib. Şarmazanov Ermənistanın Baş Naziri Paşinyanın müharibənin başından bəri erməni xalqına yalan dediyini, raketi olmayan hərbi təyyarələr, atəş etməyən silah aldığını açıqlayıb.

O, Dağlıq Qarabağda yaratdıqları dağıntı səbəbi ilə təxmini 50 milyard dollarlıq zərər meydana gəldiyini vurğulayıb. Şarmazanovun fikrincə Ermənistanın 50 milyardı olmadığını üçün Paşinyan Zəngəzuru bu məbləğ əvəzində Azərbaycana verəcək.

Qeyd edilir ki, Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan da oxşar fikirlər səsləndirib.

Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər: "Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin. Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, - deyə Ohannisyan əlavə edib.

Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq: "Düşünməyin ki, "xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Azərbaycana verəcək”.

"Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq". Bunu isə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat bildirib ki, görünür, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir. Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbindən gedir. Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş, Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir”.

İqtisadçı deputat belə hərbi cinayətlərə görə təzminatın hesablanmasının necə həyata keçiriləcəyinə də aydınlıq gətirib: "Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyata yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...