Pandemiya ilə mübarizədə vətəndaş məsuliyyəti

Prezident İlham Əliyev: “Bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram”

Koronavirus pandemiyası başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev və Birnci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağıraraq bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əmlə etməlidirlər. Bu gözə görünməz virusdan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb.

Təbbi ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu mütləqdir.

Dövlət başçısı hər çıxışında dönə-dönə vurğulayıb ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub: “Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.

Vasif Əliyev: “Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə olduğunu deyərək bildirib ki, yoluxma mənfi tendensiya üzrə inkişaf edir: "Hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək. Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik. Niyə yoluxma sayı artdı? İlk öncə məsuliyyətsizlik”.

V.Əliyev onu lda vurğulayıb ki, insanlarda məsuliyyətsizlik, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməmək, nəticədə virusa yoluxanların sayının artmasına səbəb olub: “Son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar”.

V.Əliyev qeyd edib ki, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: “Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit, mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər. Bir sözlə, bütün deyilənləri nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməli, bütün bu deyilənlərə isə birlikdə əməl etməliyik”.

Bəs ölkə vətəndaşları necə?

Sözü gedən məsələ ilə bağlı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev SİA-ya açıqlamasında bildirib ki, bu sualın cavabını hər vətəndaş karantin rejiminə əməl etməklə cavab verməlidir: “Bu gün ölkəmizdə İkinci Qarabağ Müharibəsi gedir. Bu gün hər birimiz fikirləşməliyik ki, arxa cəbhədə Güclü Ordumuz Ermənistan kimi faşist xislətli, təcavüzkarla mübarizə apardığı kimi, ön cəbhədə də gözəgörünməz koronavirusla mübarizəmizə əml etməliyik. Çünki koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir.

Məhz buna görə də bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bunun üçün isə, ən azı Azərbaycan vətəndaşları karantin rejimin qaydalarına əməl etməli, məsuliyyətli davranmalı, hamı maska taxmalı, şəxsi gigiyenasını gözləməli, sosial məsafə gözlənilməli və dezinfeksiya vasitələrindən istifadə edilməli, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir. Ona görə də əsgərləritmizi düşünərək məsuliyyətli olmağa çağırıram”.

S.Əliyev onu da bildiridi ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir: "Bunun səbəbi nədir? Bəzən vətəndaşlarımız insan azadlığı anlayışını özbaşınalıq kimi, qaydalara əməl etməməyi isə sərbəstlik kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə çalışırlar. Bu cür cəhdlərin bütövlükdə cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşmək çətin deyildir. Məsələn, polisin nəzakətlə insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə “başqa yerdə belə qadağalar yoxdur» kimi münasibət göstərmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, onun vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmədiyi nəticəsini çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər. Karantin rejiminin yumşaldılmasında dövlət qurumları ilə yanaşı, hər bir vətəndaşın, istehlakçının mövqeyi və davranışı çox önəmlidir. Əgər qaydalara əməl olunmayacaqsa, pandemiyanın yayılması arta bilər və nəticədə yenidən sərt karantin tədbirlərinin tətbiq edilməsinə gətirib çıxara bilər. Odur ki, hər birimiz qaydalara və meyarlara əməl etməklə karantin müddətinin qısaldılmasına və yoluxma saylarının azalmasına nail ola bilərik”.

Ölkədə hansı vəziyyətin olmasından asılı olmayaraq vətəndaşlar karantin qaydalarına əməl etməlidir

Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılıb. Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır, 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır, ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciətində bildirir ki, son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə etmək, başqa əxslərlə minimum iki metr sosial məsafə saxlamaq, əllərinizi tez-tez sabunla yumaq və ya spirt tərkibli məhlulla dezinfeksiya etmək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, “Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.

Bəli, biz buna ancaq karantin rejiminin qanunlarına əməl etməklə nail ola bilərik.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə