BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğalçı siyasəti” - VİDEOKONFRANS

BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğalçı siyasəti” - VİDEOKONFRANS

Beynəlxalq Dialoq və İnkişaf Alyansının (BDİA) təşkilatçılığı ilə "BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğal siyasəti" mövzusunda videokonfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə BDİA sədri Nüşabə Məmmədova açaraq iştirakçıları Azərbaycanın tarixi qələbəsi münasibətilə təbrik edib.

Qeyd edib ki, BDİA qəsbkar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi müharibə cinayətləri və qeyri-qanuni hərəkətlərlə bağlı 200-dən çox ünvana, o cümlədən xarici dövlət qurumlarına, beynəlxalq təşkilatlara, AŞ PA, ATƏT-in Parlament üzvlərinə, ABŞ konqresmen və senatorlarına müraciətlər edib. Müraciətlərdə Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında Suriyadan, Liviyadan gətirilmiş ailələri, həmçinin muzdlu quldurları məskunlaşdırması, Tovuz istiqamətində hərbi təxribatlar törətməsi, döyüş zonasından kənarda yerləşən mülki əhalinin ballistik raketlərlə hədəfə alınması, Gəncə, Bərdə və digər ərazilərə atılan raket və mərmi zərbələri nəticəsində 100-ə yaxın mülki şəxsin öldürülməsi, 400-dən çox insanın yaralanması, mülki infrastrukturların və çoxsaylı yaşayış evlərinin dağıdılması kimi məsələlər qeyd edilib.

Videokonfransda Milli Məclisin deputatı Elman Nəsirov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Məcidli, Azərbaycan Milli QHT Forumunun idarə heyətinin sədr müavini İradə Rzazadə, Rusiyadakı diaspor təşkilatının nümayəndəsi Ələkbər Qarayev, Orta Asiya ölkələri üzrə diaspor təşkilatının təmsilçisi Rafael Hacıbalayev və digər şəxslər çıxış ediblər. Natiqlər BMT-nin qlobal sülh çağırışına, beynəlxalq qanunlara, beynəlxalq hüququn norma və prinsiplərinə Ermənistanın məhəl qoymadığına, Azərbaycanın hərbi yolla torpaqlarını işğaldan azad etməyə məcbur olduğuna diqqəti cəlb ediblər.

Konfransda "BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğalçı siyasəti" mövzusunda sənədli film də nümayiş etdirilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə