DSMF-nin sədr müavini: “Pensiyalar 114 manatdan birdən-birə 150 manata qədər qalxacaq”

DSMF-nin sədr müavini: “Pensiyalar 114 manatdan birdən-birə 150 manata qədər qalxacaq”

Milli Məclis bu gün "Əmək pensiyaları haqqında" Qanuna təklif olunan dəyişikliklə bağlı məsələni müzakirə edib. SİA-nın verdiyi xəbərə görə, həmin dəyişiklikdə 2006-cı il yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapıb.

Məsələ ilə bağlı çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev bildirib ki, qanun layihəsi Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir.

Onun sözlərinə görə, layihə Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilib.

"Тəklif olunan dəyişiklik nəticəsində əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işləri üzrə pensiyaların yenidən hesablanması aparılacaq, nəticəsində təqribən 845 min nəfərin pensiyası orta hesabla 40 faizdən yuxarı artırılacaq. Pensiyaların orta aylıq məbləği hazırkı 114 manat səviyyəsindən birdən-birə böyük bir addımla 150 manata qədər qalxacaq ki, bu da 200 dollara yaxın bir rəqəmlə ifadə olunur . MDB-də ən yüksək göstərici deməkdir. Bütün bunlar pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edəcəkdir. Əgər orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 2002-2003-cü illərdə 26-27 faizlə ifadə olunurdusa, hazırda bu göstərici 34 faizdir, tədbir reallaşdırıldıqdan sonra isə 47 faizə qalxacaq. Beləliklə bütövlükdə ölkə üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi, yəni orta əmək haqqının 40 faizi səviyyəsini aşacaq",- deyə E.Mehdiyev qeyd edib.

DSMF rəsmisi vurğulayıb ki, tədbirin reallaşdırılması üçün illik tələb olunan vəsaitin 390 milyon manat, cari ilin 6 ayında isə 195 milyon manat təşkil edəcəyi ehtimal olunur.

Qeyd edək ki, Milli Məclisin mayın 17-də keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliklər layihəsini Milli Məclisə prezident İlham Əliyev göndərib. "Əmək pensiyaları haqqında" qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların təqaüdünün yenidən hesablanmasını nəzərdə tutur.

Beləliklə, iyulun 1-dən etibarən Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların pensiyası 40 faiz artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə