Azərbaycanlılar gözlərini yeni bir ölkədə açdılar - Eldar Əzizov

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib. SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əziziov bildirib ki, bu ilin 10 noyabr səhərini azərbaycanlılar yeni, keyfiyyətcə fərqli bir Azərbaycanda, qaliblər ölkəsində açdılar. Bu gün özümüzü daha güclü və inamlı hiss edirik.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, bu artıq başqa Azərbaycandır: "İndi biz ölkəmizin bu gününə uyğun şəkildə yaşamalı və yeni şanlı ənənələrimizin gələcək nəsillərə ötürülməsini təmin etməliyik. Bu çox vacibdir. Prezident İlham Əliyevin unikal siyasətinin öyrənilməsi və təbliğ edilməsinin gələcək nəsillər üçün çox böyük əhəmiyyəti vardır”.

Videomüşavirə gedişində koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilmiş və konkret tapşırıqlar verilib.

Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi - texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilib ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə