Kamran İmanov: Erməni saxtakarlığını bütün dünyada ifşa etmək qarşımızda duran əsas vəzifələrdən biridir\" - MÜSAHİBƏ
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun yap.org.az saytına müsahibəsi
- Kamran müəllim, dünyada əqli mülkiyyətin qorunması məsələsi ciddi müzakirə mövzusudur. Ümumiyyətlə, əqli mülkiyyət nə deməkdir və onun qorunması, sərəncamçılığı və müdafiəsi nədən ibarətdir?
- Əqli mülkiyyət mövcud biliklərdən və onların mənimsənilməsindən başlayır, əqli fəaliyyət nəticələri ilə başa çatır və yeni biliklərin yaranmasına gətirib çıxarır. Bu biliklərin insan həyatının istər sosial-iqtisadi, istərsə də mədəni-informasiya sahəsinə aid etmək olar. Biliklər isə obyektiv əks olunaraq, yəni "maddiləşərək" qeyri-maddi nemətdən maddi nemətə çevrilir və əqli mülkiyyət olur. Bir sözlə, əqli mülkiyyət biliklər dövranında əmələ gəlir. Təsadüfi deyildir ki, əcdadlarımızın yaratdığı ölməz söz abidəmiz olan "Qutaqdu-bilik"də insanlara səadət gətirənin əql və biliklər olması qeyd edilmişdir.
Əqli mülkiyyət - əqli mülkiyyət hüquqları deməkdir və burada "hüquqlar" anlayışı yaradıcı şəxsə məxsus olan mülkiyyət funksiyasını daşıyır və onu qoruyur. Çünki əqlin yaratdığı öz yaradıcısından ayrılandan sonra obyektivləşərək üçüncü şəxslər tərəfindən istifadə oluna, hətta mənimsənilə bilər. Deməli, bu hüquqlar cəmiyyət və onu təmsil edən dövlət tərəfindən tanınmalıdır. Bu isə qanunvericilik, normativ-hüquqi və qeydiyyat qaydasında həyata keçirilir.
Odur ki, əqli mülkiyyət professional təcrübədə bütün növ əsərləri, ifaları, fonoqramları və yayım təşkilatlarının verilişlərini özündə birləşdirən müəlliflik hüququ və əlaqəli hüquqlara, ixtiraları, əmtəə nişanlarını və coğrafi göstəriciləri özündə birləşdirən sənaye mülkiyyətinə və ənənəvi mədəniyyət nümunələrini - folkloru, ənənəvi bilikləri, inteqral sxem topologiyalarını və məlumat toplularını və s. özündə birləşdirən qeyri-ənənəvi əqli mülkiyyətə bölünür.
Hüquqların tanınması və qorunması adlandırdığımız funksiyalar, sənaye mülkiyyəti istisna olmaqla, Agentliyin vəzifələri dairəsinə daxildir. Müəlliflər öz hüquqlarının sərəncamçılığını sərbəst həyata keçirirlər - bu xüsusi hüquq sahəsidir. Amma bir çox hallarda, məsələn, musiqili, dramatik, audiovizual əsərlərin və istənilən rəqəmli hüquqların idarə olunması müəlliflər tərəfindən yaradılan cəmiyyətlər tərəfindən aparılır. Həmin cəmiyyətlər müəlliflər üçün onların əsərlərindən istifadəyə görə maddi mükafat - qonorar yığırlar. Cəmiyyətlərin fəaliyyətinin, onların təsir seqmentinin tənzimlənməsi, fəaliyyətlərinə nəzarət edilməsi - bütün bunlar da Agentliyin vəzifələrinə daxildir. Bu, hüquqların idarə olunması sahəsidir.
Bəllidir ki, hüquqlar pozularkən məhkəmə baxışının predmetinə çevrilir. Bu zaman müəlliflərə hüquqi yardım göstərilməsi, iddiaların təmənnasız olaraq hazırlanması, məsləhət verilməsi, "qaynar xətt", ekspert rəylərinin hazırlanması, üçüncü şəxs qismində məhkəmələrdə iştirak edilməsi və bir sıra digər işlər də Agentlik tərəfindən həyata keçirilir. Bu isə hüquqların müdafiəsi sahəsidir. Buraya həmçinin piratçılıqla mübarizədə koordinasiya işini, müxtəlif seqmentlərdə piratçılığın səviyyəsinin müəyyən edilməsi üzrə bazarda monitorinqlərin aparılmasını və s. də aid etmək olar.
Bir sözlə, əqli mülkiyyət hüququnun yaranma mənbəyi fərdin təbiətindən irəli gələn əqli fəaliyyətin və cəmiyyətə böyük fayda gətirməsinin dövlət tərəfindən dərk edilməsinin nəticəsidir. Burada "hüquq borcu doğmur, borc bu hüququ doğur". Müəllif hüquqlarının bir incə məqamı da ondan ibarətdir ki, yaradıcılığa dəstək verərək, bu hüquq sərbəstliyin, azadlığın nəticələrini qoruyur. Özü də yaradıcılıq prosesinin muxtariyyətinə müdaxilə etmədən, çünki yaradıcılıq məkanında hüquq sərhəd qoymağa qadir deyil.
Bununla yanaşı, hüququn ümumilik prinsipinə əsaslanaraq müəllif hüquqları və digər əqli mülkiyyət hüquqları cəmiyyətin hər bir üzvünə şamil olunur və bununla hər bir insanın bənzərsizliyini, təkrarsızlığını, unikallığını təsdiqləyir. Bu bir həqiqətdir ki, "kiminsə hüququ, digərinin vəzifəsidir" və digərləri qarşısına qoyulan məhdudiyyət çərçivələri "cəmiyyət-yaradıcı şəxs" tərəflərinin mənafelərinin tarazlığına gətirən sosial kontrakt kimi çıxış edərək, tərəflərin hər birinə fayda gətirir. Odur ki, müəllif-hüquq qanunvericiliyi "kompromislər məcmusuna" çevrilir.
Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısı və müəllifi Ulu Öndər Heydər Əliyevdir. Onun uzaqgörənliyi və Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın əqli mülkiyyət sahəsində zəngin qanunvericilik bazası yaradılıb.
Əqli mülkiyyət sahəsində 9 qanun qüvvədədir. Bunlardan "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" və "Məlumat toplularının hüquqi qorunması haqqında" qanunlar bilavasitə müəllif-hüquq sahəsi ilə bağlıdır və onların idarəçiliyini Respublika Müəllif Hüquqları Agentliyi həyata keçirir. "Patent haqqında" və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunlar sənaye mülkiyyətinə aiddir və onların idarəçiliyini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, kənd təsərrüfatına aid "Seleksiya nailiyyətləri haqqında" qanunun idarəçiliyini isə Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. Göstərilən qanunlar əqli mülkiyyətin əsas qorunma xəttini təşkil edir. "Haqsız rəqabət haqqında" və "Kommersiya sirri haqqında" qanunlar isə əqli mülkiyyət hüquqlarının ikinci qorunma xəttini təşkil edir və bu qanunların inzibati idarəçiliyi İqtisadi İnkişaf Nazirliyindədir.
- Azərbaycanın əqli mülkiyyət üzrə Uzunmüddətli Milli Strategiyasının hazırlanması hansı məqsəd güdür və bu istiqamətdə hansı işlər görülüb?
- Bu suala cavab verməzdən öncə bir vacib məqama nəzər salmalıyıq. Müasir dövrün çağırışlarından biri ölkəmizin iqtisadi məqsədləri, prioritetləri və resursları bir tərəfdən və digər tərəfdən əqli mülkiyyətin istifadəsi aralarında daha mükəmməl əlaqələrin formalaşması həddindən artıq vacibdir. Yəni müasir dövrdə əqli mülkiyyət xidmət edən iqtisadi şərtlər və sosial kontekst dilində danışmağı öyrənməlidir. Bu məsələnin yeganə həll yolu əqli mülkiyyət üzrə milli strategiyaların hazırlanmasından ibarətdir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı dövlətlərin əqli mülkiyyət üzrə milli strategiyalarının formalaşmasına böyük önəm verir və bu sahədə aparılan işləri dəstəkləyir. Bunun da səbəbləri var: Əqli mülkiyyətin milli inkişaf strategiyası özlüyündə başlıca sənəddir, hansı ki, bu və ya digər ölkənin əqli mülkiyyəti tərəfindən yeni çağırışlara cavab verərək, yaranmış yeni problemlərin həlli yollarını araşdıraraq qarşıda duran hədəflərə nail olmaq imkanlarını və istiqamətləri üzə çıxarır. Digər tərəfdən, Milli Strategiyanın hazırlanması kompleks amillərdən asılı olan sistemli işdir. İlk növbədə. milli maraqlara əsaslanaraq və beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycanın Əqli Mülkiyyət proqnoz sistemi qurulmalıdır. Bu proqnoz bir tərəfdən axtarış proqnoza əsaslanmalıdır, yəni əqli mülkiyyət sisteminin inkişaf meyllərinin aşkar edilməsinə və bu evolyusiyanın təhlilini tələb edir. Bir sözlə, proqnoz modelinin gerçəkdən gələcəyə qurulması deməkdir. Digər tərəfdən, normativ proqnoz, yəni ekspertlər tərəfindən müəyyən edilmiş məqsədlərə nail olan yolların və imkanların quruluşu (gələcəkdən gerçəyə).
Milli İnkişaf Strategiyası uzunmüddətli olaraq qısa müddətli Dövlət proqramları və Tədbirlər Planları ilə daim təmasdadır. Bunun başlıca səbəbi ondan irəli gəlir ki, strategiya seçilən məqsədlərə əsaslanan uzun müddətli inkişaf istiqamətini müəyyənləşdirir, Proqram isə Strategiyanın məqsədlərinə nail olan addımlar kompleksidir.
Azərbaycan dünyanın ilk dövlətləri sırasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsində Uzunmüddətli Milli Strategiya əsasında müəlliflik hüququ və digər oxşar hüquqları sahəsində 2011-2014-cü illər üzrə Dövlət Proqramının qəbul edilməsinə hazırlaşır. Milli Strategiya və Dövlət Proqramı ÜƏMT və Avropa Komissiyasının əqli mülkiyyət üzrə mütəxəssislərinin iştirakı ilə müzakirə edilmiş və bəyənilmişdir. Proqram təxminən 30 məqsədli istiqamətlərdən ibarət olaraq 90-a qədər konkret tədbirləri özündə cəmləşdirir.
Ümumiyyətlə, kompleks şəklində Milli Strategiya Əqli Mülkiyyətin iki ən yayılmış qolunu - müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət və sənaye mülkiyyətini özündə əks etdirməlidir. Odur ki, bu istiqamətdə koordinasiya məqsədi ilə Agentliyin və Standartlaşma, Metrologiya və Patent üzrə Komitənin birgə Komissiyası yaradılıb. Düşünürəm ki, digər aidiyyəti dövlət orqanlarının əməkdaşlığı və birgə dəstəyi nəticəsində bu mühüm iş başa çatdırılacaq.
- Siz tez-tez söyləyirsiniz ki, XXI əsrdə "betona və dəmirə əsaslanan iqtisadiyyat" öz yerini artıq "biliklərə əsaslanan iqtisadiyyata" və ya "kreativ iqtisadiyyata" vermişdir. Bu, nə ilə izah olunur və "kreativ industriya" dedikdə nə başa düşülür?
- Kreativ sənayenin inkişafına və ümumiyyətlə, əqli mülkiyyətin getdikcə artan iqtisadi əhəmiyyətinə dəstək vermək Agentliyin vacib işlərindən biridir. Öncə dünyada gedən tendensiyalardan qısaca məlumat verim.
XX əsrin sonunda yaranmış "yeni iqtisadiyyat" informasiya cəhətdən silahlanmış zəkalı, intellektal investor və istehlakçılardan ibarət iqtisadiyyat kimi təsvir etmək mümkündür. "Yeni iqtisadiyyat"ın əsas xüsusiyyətlərindən biri İKT bazarına artan tələbat idi. Bu iqtisadiyyatın digər xüsusiyyəti o idi ki, kommersiya əhəmiyyətinə malik əqli mülkiyyət obyektlərinə də tələbat artmağa başlamaqda idi. Bəllidir ki, əqli mülkiyyət də xüsusi informasiya örtüyünü tələb edir. Getdikcə "yeni iqtisadiyyat" betona və dəmirə əsaslanan iqtisadiyyatı əvəzləyərək, XXI əsrdə "biliklərə əsaslanan iqtisadiyyata" çevrildi və yeni xüsusiyyətlərlə zənginləşərək biliklərin kapitallaşmasını təsdiqlədi. Bununla yanaşı, son illərdə isə texnologiyaların, iqtisadiyyatın və qlobal cəmiyyətin inkişafı əqli mülkiyyətin beynəlxalq institutu qarşısında bir sıra ciddi çağırışlar irəli sürüb. Bunların ən kəskini və ən çox nəzərə çarpanı əqli mülkiyyət fenomenidir və ona artan ictimai diqqətdir. Xüsusiyyət və spesifikasına görə bu fenomen uzun illər kölgədə qalsa da, son iki onillikdə əqli mülkiyyət ictimai diqqətin və təhlillərin fokusuna çevrilmişdir. Əqli mülkiyyətin dünyadakı dəyişmiş iqliminin idarə olunması hal-hazırda ÜƏMT-nin üzv dövlətlərinin prioritet məqsədlərindən birinə çevrilmişdir. Betona və dəmirə əsaslanan iqtisadiyyatın "biliklərə əsaslanan iqtisadiyyata" və ya "kreativ iqtisadiyyata" əvəzlənməsinin də səbəbi əqli mülkiyyət rolunun inqilabi xarakter daşımasıdır. İndi əqli mülkiyyət innovasiyalara, yeniliklərə və yaradıcılığa, innovasiyalı məhsul və xidmətlərin geniş yayılmasına əlverişli mühit formalaşdıran əsas vasitədir.
Hazırda isə inkişaf etmiş ölkələrin iqtisadi artım tempinin 80-90%-i yeni biliklər əsasında təmin edilir, ÜDM-də isə inkişaf etmiş ölkələrin mədəni (kreativ) sənayenin payı 5-12%-dir.
Ümumiyyətlə, ÜƏMT tərəfindən aparılan axtarışlarda əqli mülkiyyət, yəni qorunan biliklər və birbaşa investisiyalar arasındakı müsbət əlaqələr müəyyən edilərək göstərilir ki, güclü inkişafda olan ölkələrin ÜDM-dəki investisiyaların payı 35%-ə çatmış, inkişaf etmiş ölkələrdə isə 20%-dən aşağı olmamışdır.
Dünya Bankının isə "Dünya inkişaf meyllərin göstəriciləri" son illərdə açıqlanmış hesabatında göstərildiyi kimi, əqli mülkiyyətin qorunması ölkənin iqtisadi vəziyyətindən asılı olmayaraq (istər ən kasıb, istər inkişafda olan və istərsə də inkişaf etmiş ölkə), müvafiq iqtisadi fayda gətirir: ən kasıb ölkələrdə - kənd təsərrüfatında, inkişafda olanlara - sənayedə, inkişaf etmişlərdə - xidmət sektorunda. Makroiqtisadi dəyişikliklərlə yanaşı, mikroiqtisadi dəyişikliklər də nəzərə çarpır. Son 30 ildə əqli mülkiyyət hesabına firmaların maddi-qeyri-maddi aktivlərinin nisbəti 60:40-dan qeyri-maddi aktivlərin xeyrinə dəyişərək 30:70 olmuşdur. Qeyri-maddi aktivlərin 60-65%-i isə ƏM-dən ibarətdir. Onu da qeyd edək ki, biliklərə əsaslanan iqtisadiyyatı çox vaxt "kreativ intisadiyyat" da adlandırırlar və bu iqtisadiyyatda aparıcı rolu "kreativ" və ya "mədəni sənayeyə" məxsusdur.
Bu yaxınlarda UNKTAD (BMT-nin Ticarət və İnkişaf Konfransı), UNDP (BMT-nin İnkişaf Proqramı), UNESCO, WIPO və Ticarət Mərkəzi ilə birgə 2010-cu ildə hazırlanmış "Kreativ iqtisadiyyat" Hesabatı açıqlanıb. Bəllidir ki, "kreativ iqtisadiyyat" kreativ industriyaya əsaslanır, yəni müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayedir. Bu sıraya kompüter və digər İKT məhsulları, kitablar və digər nəşrlər, yeni media, musiqi, film istehsalatı, tətbiqi incəsənət, dizayn və s. daxildir. Hesabatda göstərildiyi kimi, kreativ industriya digər ənənəvi sənaye sahələri ilə müqayisədə dünyanı bürüyən qlobal iqtisadi böhrana qarşı daha böyük müqavimət, davamlılıq göstərə bilib, belə ki, qlobal iqtisadiyyatı bərpasını stimullaşdıran yeni iqtisadi tendensiya, meyl kimi qiymətləndirilib. 2002-2008-ci illərdə kreativ industriya mallarının eksportu 2 dəfə artaraq, 600 mlrd. ABŞ dollarına çatmış, 2008-ci ildə böhran nəticəsində beynəlxalq ticarətin 12% aşağı düşdüyü halda, kreativ industriya məhsulların eksportu 2002-2008-ci illərdə 14%-lik illik artımla dinamik inkişaf meylini saxlaya bilib. İnkişafda olan ölkələr kreativ industriya vasitəsi ilə çoxşaxəli iqtisadiyyat yarada bilmişlər. Odur ki, BMT məsləhət görür ki, hər bir dövlət kreativ sənayeni inkişaf etdirsin və bununla sosial-iqtisadi inkişafını təmin etsin.
Dünya iqtisadiyyatının davamlı inkişafında əqli mülkiyyətin güclü amil kimi çıxış etməsi Azərbaycanda da müşahidə olunmaqdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında ən dinamik inkişaf edən dövlətlər sırasındadır və dünyanı bürümüş böhran vəziyyətinə baxmayaraq, Azərbaycanın ÜDM-i 2009-cu ildə 9,3%, 2010-cu ildə isə 5% artmışdır. Bu, tarixi nailiyyətdir, çünki Azərbaycan böhran vəziyyətindən minimal itkilərlə çıxaraq yüksək iqtisadi artımı saxlaya bilmişdir. 2010-cu ildə 15,5 milyard dollar yatırım vəsait qoyulmuşdur. Özü də bunlardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan, o cümlədən bilik sahəsinə, təhsilə, mədəniyyətə qoyulan yatırımlardır. Bu nisbət 2005-ci ildə neft sektorunun xeyrinə 34,8:65,2% olduğu halda, 2010-cu ildə 70:30% qeyri-neft sektorunun xeyrinədir. Artıq ÜDM-dəki qeyri-neft sektorunun payı neft sektorunun payından kiçik deyil. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı üçün böyük miqdarda sərmayələrin tələb olunduğunu və həmin investisiyalarının təhlükəsizliyinin təmin edilməsi, habelə bunların əqli mülkiyyət hüquqlarının qorunma səviyyəsi arasındakı sıx əlaqəsi Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində öz bəhrələrini verir. Belə ki, əqli mülkiyyət sahəsi prioritet istiqamətlərin birinə çevrilib.
Bir sözlə, ölkə başçısının dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan keçid dövrünü bitirərək artıq inkişafda olan dövlətlər sırasına daxil olmuşdur.
Azərbaycanın dinamik iqtisadi inkişafı "biliklərə əsaslanan iqtisadiyyat" üçün zəmanət yaratmışdır. Müəllif Hüquqları Agentliyinin araşdırmaları göstərir ki, kreativ industriyanın ÜDM-dəki payı 2,4%-dən 3,6%-ə yüksəlmişdir və 2003-cü ilə nisbətən 2009-cu ildə 5 dəfədən çox artmışdır və əksər yüksək templə inkişafda olan ölkələrlə, hətta inkişaf etmiş ölkələrlə müqayisəlidir.
Davamlı iqtisadi artım Solou modeli əsasında aparılan araşdırmalar göstərir ki, texnoloji nailiyyətlər və elmi-texniki tərəqqi hesabına ÜDM-dəki artım (buna yenilikçilik Solou indeksi deyilir) 2000-2004-cü illərdə 2004-2008-ci illərlə müqayisədə 7,2%-dən 20,6%-ə qədər yüksəlmişdir. Bütün bunlar Agentlikdə yaradılan xüsusi model və metodikalar əsasında hesablanıb.
Bu rəqəmlər təsadüfi deyil. "Biliklərə əsaslanan iqtisadiyyatın" aparıcı qüvvələrindən biri əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sistemidir. Bunların təsdiqi kimi Agentlikdə yaradılmış xüsusi metodika əsasında müəyyən edilmişdir ki, ÜDM-in həcminin artmasında siyasi sabitlik və qanunçuluğa riayət edilməsi, düzgün fiskal və monetar siyasət aparılması və əlverişli investisiya mühitinin yaradılması ilə yanaşı, əqli mülkiyyət faktorunun da mühüm rolu olmuşdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, məqsədimiz qara qızılı insan sərvətinə çevirməkdir, xalqımızın intellektual kapitalını ən yüksək zirvələrə çatdırmaqdır.
- Artıq leksikonumuzda "IP-IT cütlüyü", "elektron-com", "rəqəmli hüquqlar" terminləri vətəndaşlıq hüququ qazanmışdır. Bu terminlərin mahiyyəti nədən ibarətdir? Azərbaycanda bu sahələr necə inkişaf edir?
- İstər IP-IT, istərsə də IP-e.com və ya "rəqəmli hüquqlar" anlayışları müasir dünyanın aparıcı amili - informasiya texnologiyalar və rəqəmli şəbəkələrin sürətlə inkişafından irəli gəlir. Bunların isə başında innovasiyalar, yeni yaradıcılıq məhsulları, yəni əqli mülkiyyət durur və həmin əqli mülkiyyət hüquqların rəqəmli mühitdə "rəqəmli hüquqlara" çevrilməsidir. Həqiqətən innovasiya texnologiyaları əsl mənada qlobal cəmiyyətimizin formalaşdırılmasına şərait yaradıb. Veb və naqilsiz texnologiyalar aramızdakı məsafələrin aradan qalxmasına, ümumdünya hörümçəyi vasitəsilə biliklərin tezliklə əldə edilməsinə və bununla fərdlər və təcrid edilmiş cəmiyyətlərin bilik və informasiya uçurumunun azaldılmasına gətirib çıxarır. Bir sözlə, yenilikçilik, innovasiya texnologiyaları bizi birləşdirir, dünyanı saysız-hesabsız ilişkilər vasitəsilə bağlantılara gətirir.
Bu informasiya cəmiyyətində həm də təsadüfi deyil ki, bayaq söz açdığımız "biliklərə əsaslanan iqtisadiyyat" "rəqəmli iqtisadiyyat" kimi də tanınır.
Burada aparıcı rola malik olan ƏM obyektlərini bazara çıxartmaq və qiymətləndirmək üçün xüsusi informasiya örtüyü tələbi öndədir (onların təsviri, konyuktura məlumatları və s.). Yalnız informasiya müşayiəti ƏM obyektlərini kommersiyalaşdırır, bazardakı əqdlərdə iştirakını, lizinq olmasını, hüquqların keçməsini təmin edir. Həmin informasiya servisi IT və naqilsiz texnologiyalar, rəqəmli şəbəkələr vasitəsilə həyata keçirilir.
Misal üçün qeyd edim ki, əqli mülkiyyət obyekti ilə bağlı tətbiqi tədqiqat nəticəsində alınan yeni biliklərin hər bir baytı onun informasiya müşahidəsi üçün 100 bayt örtük tələb edir, yəni informasiya servisini tələb edir. Qloballaşan dünyada IT-IP birləşərək ümumi təsir gücünü dəfələrlə artıb.
Mədəniyyət ifadələrinin əksəriyyəti rəqəmləşdirilərək internetə miqrasiya edib. Musiqi, filmlər, yeni xəbərlər proqramları, ədəbiyyat və incəsənət nümunələri - bunlar artıq qlobal rəqəmli şəbəkədir. Yalnız "You Tube"də hər dəqiqə daxil edilən rəqəmli kontent 10 saatlıq videoproqramlardan ibarətdir. İnformasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyət birləşməsi IT-IP elektron ticarəti tərəfindən gücləndirərək virtual bazarı əql mülkiyyət bazarına çevirib. ABŞ-da bu virtual bazardan alınan malların 38 faizi softver, Fransada 40 faizi musiqi və videoqram, Avstriyada 25 faizi kitab və nəşrlərdir.
Ümumiyyətlə, internet şəbəkəsinin bazarı 2009-cu ildə 8 milyard ABŞ $ ötmüşdür və bu əqdlərdə iştirak edənlərin sayı 875 mln nəfərdən çoxdur. Bu da 2 ildə 40% artım deməkdir. Ən çox satılan intellektual məhsullar sirasında kitabları (41%), video, DVD və oyunları (24%), elektronika mallarını (23%) göstərmək olar. Yalnız on-line mağazası 1 ayda 1 mln. əməliyyat aparmağa qadirdir.
Musiqi sahəsində yaranan vəziyyət də çox maraqlıdır: bu bazarın (on line bazarının) 2004-cü ildə Avropadakı gəliri 27,2 mln. avro olduğu halda, 2008-ci ildə 560 mln. avroya çatıb. Həmin müddətdə ABŞ-ın rəqəmli musiqi bazarı 303 mln. $-dan 1860,7 $-a qalxmışdır.
Rəqəmli musiqi fayllarının satışından yalnız Avropada 2011-ci ildə 3,9 mlrd. avro gəlir əldə olunacağı proqnozlaşdırılır.
Yerləşdirilmiş informasiyaların 50 faizdən artığı əqli mülkiyyət hüquqlarla qorunur, daha çox satılan dörd məhsul növündən üçü müəlliflik hüququ və əlaqəli hüquqların obyektləridir.
İnformasiya texnologiyalarını istehsal edən firmaların dəyəri də digər kompaniyaların aktivləri ilə müqayisədə ABŞ-da 14% (1989-cu ildə 6%), proqram təminatı ilə məşğul olan şirkətlərin payı isə 9% (1989 - 2%)-dir. Bu rəqəmlər "biliklərə əsaslanan iqtisadiyyatın" inkişaf etmiş və güclü inkişafda olan ölkələrdəki makroiqtisadi əhəmiyyətini göstərir. Bu sahələrin hamısı əqli mülkiyyətlə bağlıdır.
Qeyd edək ki, əgər 1996-cı ildə Azərbaycanda İnternetə qoşulmuş kompüterləri barmaqla saymaq olardı, ümumiyyətlə, 1996-cı ildə bütün dünyada İnternetə qoşulmuş kompüterlərin sayı cəmi 16 milyon idi, hazırda isə bu rəqəm 200 milyonu aşıb və Azərbaycanda əhalinin 1,4 milyonu qlobal rəqəmli şəbəkədən, 61%-i isə mobil telefon şəbəkəsindən istifadə edir.
Bir sözlə Azərbaycan informasiya cəmiyyətinə sürətlə qoşulur və biz üstünlüklərlə yanaşı yaranan problemlərə hazır olub baş verən çətinlikləri nəzərə almalıyıq və qabaqlayıcı tədbirlər həyata keçirməliyik.
IT-IP birləşməsi, cütlüyü isə doğrudan da nəzərə çarpan dəyişikliklərə gətirib. Bu da təbiidir, çünki IT bu günkü innovasiyaların önündə gedən IP obyektləridir və ƏM qanunvericiliyi vasitəsilə qorunaraq sürətlə inkişaf edir. Bu da bir həqiqətdir ki, həmin IT obyektləri bu qorunmanın həyata keçirilməsini çətinləşdirir, İT imkanları hesabına ƏM hüquqlarının pozulmasına geniş yol açır. Bunun səbəbi də bəllidir: IT-nin inkişafı sistematik surətdə IP qanunvericiliyini və təminat sistemlərini üstələyir.
Hətta elmi dünyada bazarın "assimmetriyalı (simmetriyasız) əldə edilməsi" termini yaranıb. Onun mahiyyəti bazardakı alıcı və satıcıların düzgün qərar vermək üçün informasiyanın əldə edilməsinə bərabər olmayan şəraitdən irəli gəlir. Bu nəzəriyyənin işlədilməsinə görə bir sıra Amerika alimləri (Jorc Eykerlof, Mayk Spens və Jozef Ştiqlis) Nobel mükafatına layiq görülüblər. Bu alimlər göstərə biliblər ki, müasir informasiya cəmiyyətində bazarın iqtisadi subyektlərinin davranışını idarə edən "bazarın görünməz əli" deyil, onun iştirakçılarının informasiya silahlanmasıdır, informasiya təminatlarının bərabərsizliyidir. Odur ki, daha silahlanmış subyektlər daha tez alınan və səlis informasiyaya əsaslanaraq daha düzgün və operativ qərar qəbul edib, öz informasiya üstünlüyünü istifadə edirlər.
Bununla yanaşı digər maraqlı məqamlar mövcuddur. Birinci problem rəqəmli kontentin təbiətindən irəli gəlir. Çünki müəllif hüququ formanı qoruyur, rəqəmli kontent isə parçalana, tirajlana, klonlaşa bilir və bununla onun forması sonsuza qədər növlərə çevirmək mümkündür. Belə ki, identifikasiya məqsədilə zəruri qeydiyyatı tələb edir. Digər problem daha mürəkkəbdir və virtual məkanda müəlliflik və əlaqəli hüquqlara riayət etməkdən ibarətdir, müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan obyektlərin rəqəmləşdirilməsi və şəbəkədə yerləşdirilməsindən irəli gəlir. Misal üçün rəqəmli kitabxanalar və ya mağazaları götürək. "Dünya rəqəmli kitabxanası", hansı ki, 2009-cu ildən başlayaraq fəaliyyətdədir, yalnız Avropa rəqəmli kitabxanasında - Europeana 35 dildə olan Avropa ölkələrinin 48 milli kitabxanasında yerləşən 135 mln. sənədi əldə etməyə imkan vardır. Bu rəqəmli sənədlərin hələ rəqəmləşdirmə mərhələsində böyük qisminin müəlliflik hüququ ilə qorunmasını nəzərə alsaq, təbii olaraq müəlliflərin öz hüququnu tələb etməsi ilə rastlaşarıq. Digər tərəfdən cəmiyyətin ehtiyacları "faire use - ədalətli istifadə" prinsipini irəli sürür. Ən azı "print on demand", yəni rəqəmli materialın kitabxanadan çap etməklə, müəllifdən icazə almadan, yalnız müəyyən royalti (qonorar) verməklə kifayətlənməyi irəli sürür. Bununla yanaşı, e-com. (elektron ticarətin) artma templəri nəticəsində hər il kitab sektorunda On-line satışı ikiqat artaraq, hal-hazırda ümumi kitab satışının 4%-ni keçib. Musiqi sektorunda CD və DVD-lərin ümumi satışı 7% azalsa da, rəqəmli musiqinin satışı hesabına ümumi musiqi bazarının artımı 13% təşkil edib. Elektron mağazalarda isə alqı-satqı əməliyyatları satılan obyektlərə hüquqların pozulması ilə müşayiət olunur. Əksər dükanlar özlərini mini-studiya və ya mini-mətbəə kimi aparır, əsərlərdən istənilən kombinasiyalı yeni toplular yaradır. Səbəbi də odur ki, rəqəmli şəbəkədə iştirak edən rəqəmli kontentdir, informasiyadır və maddi dünyadan fərqli olaraq burada müəlliflik hüququnun müstəsna hüquq kimi həyata keçirilməsi mümkün olmur.
Buna yeni bir misal - "Google"in ambisiyalı Google Editions - On-line kitab mağazası ilə bağlı problemdir.
"Google"nin hesablamalarına görə dünyada 129.864.880 (2010-cu il) orijinal kitab mövcuddur. Təxminən bu 130 mln. kitabın rəqəmləşdirilməsi böyük xərclər tələb edir, təxminən 125 mln. ABŞ dolları. 2005-ci ildə naşirlər və müəllif təşkilatları Google-a qarşı məhkəmədə iddia qaldırdılar və hüquqların tapdalanmasını bəyan etdilər. Google bunlarla razılıq sazişinə gəldi. Belə ki, əgər hansısa hüquq sahibi öz əsərinin rəqəmləşdirilməsinə və yayımına etiraz edirsə, "Google"yə bu barədə məlumat verir, Google isə icazə verənlərin reyestrini yaradaraq, satışdan müvafiq qonorar ödəyir. Faktiki olaraq bu növ sifariş mexanizmi Google üçün qeyri-piratçılıq prezumpsiyası kimi çıxış edirdi. Lakin bir sıra hüquq sahibləri məlumat verməkdən imtina etdilər və məhkəmə Google-yə icazə verən (daha doğrusu etiraz etməyən) hüquq sahiblərinin sazişini rədd etdi. Məhkəmənin qərarına əsasən bu növ saziş Google-a bazarda digər rəqiblərlə müqayisədə əsassız üstünlük verir. Əvəzinə məhkəmə tələb etdi ki, Google-nin müəlliflərə verilən öz təşəbbüsü ilə sazişdə iştirak etməmək təklifi ("opt.out") əksinə onlara sazişdə iştirak etmək ("opt-in") şərti ilə əvəzlənməlidir. Bu isə işin həcminə görə mümkün olmayan şeydir. Gətirilən misal yaranmış problemin mürəkkəbliyini tam açıqlayır.
Digər problem fayl-mübadilə şəbəkələrində yaranır - Napster, Grutella, Direct Connect. Bu protokollardan öz xüsusiyyətləri ilə səciyyələnən Bit-Torrent-dir. Həmin fayl-mübadilə sistemində P2P, yəni "gözdən-gözə" mübadilə rejimi istifadəçilər arasında resurs-administratorunun iştirakı olmadan həyata keçirilir. Hüquqların pozulması aşıb-daşır. Misal üçün Qərbi Avropada ən böyük "Pirat bay org" ("Pirat limanı") fayl-mübadilə sisteminin 25 mln. fəal istifadəçisi var. Sutkada (2009-cu ilin məlumatı) bu saytı 3,3 mln. hüquqları pozan insan istifadə edir, o cümlədən 22% Çində, 11% ABŞ-da, 5,6% Böyük Britaniyada. Nəticə isə belədir: 2008-ci ildə qeyri-leqal kontent-fayl mübadiləsi 40 mlrd. rəqəmini ötüb və bu isə 95% piratçılıq deməkdir.
Odur ki, yaranmış vəziyyət "internet - müəlliflik hüququ" münasibətləri dünyada bir-birini inkar edən meyllər kimi səciyyələnir.
Bir tərəfdən "The Pirate Bay" - ən böyük torrent-trekeri 2010-cu ildə şəbəkədən xaric edilir, ona xostinq göstərən Cuber-Bunker provayderi məhkəmə qərarını yerinə yetirmək məcburiyyəti qarşısındadır, digər tərəfdən "Pirate Bay" özünə yeni provayder axtarır, üstəlik pirat partiyaları və Pirat İnternasionalı yardımçı qismində çıxış edərək, bu məhkəmə qərarını "özünü ifadə sərbəstliyinin" pozulması kimi elan edir.
Və yaxud ABŞ məhkəmələri prodyüser kampaniyası Bole KG-nin iddiası əsasında istifadəçi-neleqalların İP-ünvanlarını araşdırmağa icazə verirlər, provayder onların ismini, soyunu göstərib və bunun əsasında həmin istifadəçilər məhkəməyə cəlb edilirlər.
Digər tərəfdən İsveçrə Federal Məhkəməsi həmin izləmə işi ilə məşğul olan Logister kompaniyasına qadağa qoyur. Bundan savayı, əgər ABŞ-da fayl-mübadilə sistemlərini aparanlar hüquq pozucuları kimi təqib altındadırsa, Niderlandda fayl-mübadiləsi sərbəstdir və s. və ilaxir.
Belə problemləri üstələmək məqsədi ilə bir sıra inkişaf etmiş ölkələr rəqəmli iqtisadiyyat problemlərinin həllini ƏM qanunvericilik bazasının təkmilləşdirilməsində görürlər. Misal üçün, DMCA (ABŞ-ın "Rəqəmli minillikdəki müəllif-hüquq qanunvericiliyi"), Aİ-nın müvafiq Direktivi, Avstraliyanın "Digital Economy Future Directions" ("Rəqəmli iqtisadiyyata aid gələcək istiqamətlər"), Böyük Britaniya-"Digital Britain", Fransa-"Digital France 2012" və s.
Biz bu tendensiyaları izləyərək, beynəlxalq təcrübəni nəzərə alaraq, müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq.
Cənab Prezident İlham Əliyevin tapşırığı və dəstəyi nəticəsində Azərbaycanın müəllif-hüquq qanunvericiliyi bütün müasir tələblərə cavab verməklə İnternetdəki proseslərə uyğunlaşdırılıb, "rəqəmli hüquqları" tanıyır və elektron kommersiyaya aid qanunda əqli mülkiyyət hüquqlarının qorunması öz təsbitini tapmışdır. Agentlikdə hazırlanan "On-line" qeydiyyat sisteminin məlumat bazası artıq 8 min əsəri ötüb, iki il ərzində folklor üzrə rəqəmli elektron kitabxananın yaradılması və zənginləşdirilməsi işi aparılmışdır və hazırda burada 300-dən çox yalnız müsiqili folklor nümunəsi və memarlıq əsərlərinəə dair 600-dən çox illüstrasiya toplanılmışdır və bu iş davam etdirilir.
Bununla yanaşı Dövlət Proqramı çərçivəsində bir sıra rəqəmli mühitə aid tədbirlər, o cümlədən "On-line" rəqəmli hüquqların lisenziyalaşdırılması və idarə edilməsi Xidmətinin yaradılması ilə bağlı müvafiq işlər aparılır. Həmin Xidmətin biznes-modeli Agentlik tərəfindən hazırlanaraq, Avropanın tanınmış mütəxəssisləri ilə Tvinninq layihəsi çərçivəsində davam etdirilir. Rəqəmli hüquqların idarə edilməsi ilə bağlı rəqəmli şəbəkələrə aid xüsusi iş modeli hazırlanıb və qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklər təklif olunub. Azərbaycan tərəfinin bu məsələlərlə bağlı atdığı addımları beynəlxalq təcrübə ilə uyğunlaşdırmaq məqsədi ilə son 2 ildə 4 beynəlxalq və regional simpozium, onlarla milli seminar və dəyirmi masalar keçirilib. Bu sahədə peşəkar bilikləri artırmaq məqsədi ilə Azərbaycan və rus dillərində Agentlik tərəfindən buraxılan "Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi" kitabı və Microsoft-un Nümayəndəliyi ilə birgə keçirdiyimiz "İnformasiya-komunikasiya texnologiyaları (NKT) - İP (Əqli mülkiyyət) obyektləri və müəlliflik hüququ" və "Əqli mülkiyyətin innovasiyalarda rolu " mövzusunda seminarları qeyd etmək yerinə düşər.
Məsələyə aid bariz nümunə 26 aprel 2011-cil ildə böyük rezonans əldə edən və ilk dəfə respublikada on-line WEB-yayımı vasitəsilə dünyaya ingilis, rus və Azərbaycan dillərində sinxron çatdırılan Agentliyin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə beynəlxalq simpozium da xatırlanmalıdır. Xüsusi ilə qeyd etmək istərdim ki, həmin toplantıdan birbaşa internetə yayılan məlumatların mənbəyi kimi 5 mənbə: Agentliyin və Nazirliyin saytları, Day.az və 1st news.az elektron mediaları və Yurd internet TV-si olmuşlar.
- Kamran müəllim, iki ildən çoxdur ki, cənab Prezidentin sərəncamı ilə siz Müəllif Hüquqları Agentliyinə yenidən sədr təyin edilmisiniz. Ötən müddətdə qarşıda duran hansı məsələlər prioritet xarakter daşıyır?
- Azərbaycan Respublikası Prezidentinin göstərişinə və tapşırığına əsasən Agentlikdə bir sıra islahatlar həyata keçirilmişdir. İslahatlar nəticəsində Müəllif Hüquqları Agentliyinin MDB məkanında lider mövqeyini bərpa etmək, idarənin peşəkar simasını qaytarmaq, kadrların müasir standartlara uyğun olaraq səviyyəsini qaldırmaq və əqli mülkiyyət dünyasının dəyişmiş iqliminin yeni tələblərə uyğun qaydada idarəçiliyini təşkil etmək istiqamətində çalışmışıq.
Dediklərimin vacibliyi çoxşaxəli fəaliyyət dairəsindən irəli gəlir. Bildiyiniz kimi bu dairə softfer, məlumat bazaları və digər yeni elmi nəticələrin, ədəbiyyat və incəsənət sahəsinə aid bütün növ əsərlərdən başlayaraq folklor nümunələri və qeyri-maddi mədəni irsimizə qədər hüquqları əhatə edir. Fəaliyyət spektrimiz geniş olduğu, müasir elm, mədəniyyət, incəsənət, tarix və hüququn kəsişməsində müvafiq təfəkkürün olması tələbini ön plana çəkir.
O ki, qaldı fəaliyyətimizin prioritet istiqamətlərinə, bunlar aşağıdakılardır:
- əqli mülkiyyət mədəniyyətinin inkişaf etdirilməsi, hüquqların təminatı, piratçılıq və xüsusən erməni plagiatçılığına qarşı mübarizənin gücləndirilməsi və qeyri-maddi mədəni irsin hüquqi qorunmasının yeni mexanizmlərinin irəli sürülməsi;
- biliklərə əsaslanan iqtisadiyyatın, kreativ industriyanın dəstəklənməsi və əqli mülkiyyətə əsaslanan sənayenin ümumdaxili məhsulda payının iqtisadi təhlili, həmçinin əqli mülkiyyətə əsaslanan qeyri-maddi aktivlərin mikroiqtisadi səviyyədə dəyərləndirilməsi;
- informasiya texnologiyaları - əqli mülkiyyət (İT-İP) əlaqəsinin inkişaf etdirilməsi və getdikcə artan elektron ticarətdəki əqli mülkiyyət payını nəzərə almaqla, rəqəmli hüquqların həyata keçirilməsinin təmin edilməsidir.
Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
ÜƏMT-nin 2010-cu ilin 16-17 sentyabr tarixlərində keçirilən əqli mülkiyyət üzrə nüfuzlu mütəxəssislərin Qlobal Simpoziumunun plenar iclasında Agentliyin nümayəndəsi ilk dəfə olaraq 190-dək dövləti təmsil edən 250-dən çox rəhbər nümayəndə qarşısında "Azərbaycanda müəlliflik hüququ: imkanlar və perspektivlər" mövzusunda geniş prezentasiya ilə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda müəlliflik hüququ sahəsində görülən işlər barədə məlumat vermişdir.
- Əqli mülkiyyət hüquqlarının təminatı sahəsində hansı işlər görülür? Xüsusən rəqəmli şəbəkədə müəlliflik hüquqları necə qorunur?
- Piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində Milli Antipirat Proqramı yeniləşdirilmiş, müvafiq dövlət orqanları ilə birgə piratçılığın səviyyəsinin azaldılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Görülmüş işlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61%-dən 40%-ə, audio-video məhsul bazarında 90%-dən 70%-ə, proqram təminatında 96%-dən 88%-ə düşmüşdür. Məhkəmə və hüquq-mühafizə orqanlarının müraciətləri əsasında pirat məhsullar, o cümlədən qeyri-qanuni proqram təminatı barədə Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyi baxımından 2010-cu ildə 12 ekspert rəyi hazırlanmış, Agentliyin nümayəndələri 6 məhkəmə işi üzrə üçüncü şəxs və ya ekspert qismində məhkəmə proseslərində iştirak etmişlər. Müəlliflərə, hüquq sahiblərinə, ictimai birliklərə və müəllif-hüquq məsələləri ilə maraqlanan vəkillərə kömək məqsədilə Agentlikdə ictimai əsaslara "Hüquq məsləhətxanası" vasitəsilə yüzlərlə konkret məsləhət verimişdir. Agentliyin "Qaynar xətt"inə ötən il 700-dən çox müraciət daxil olmuşdur və bu müraciətlərin hər biri üzrə müvafiq tədbirlər görülmüşdür. Odur ki, artıq bir neçə ildir ki, Azərbaycan "pirat" - ölkələr siyahısından çıxarılıb.
Ancaq o da bir həqiqətdir ki, piratçılıq və saxtaçılıq dünya bəlasına çevrilib və hazırda dünya iqtisadiyyatının 7% aşaraq 300 mlrd. dollar zərəri təşkil edir və bu qeyri-qanuni biznesin ən böyük iştirakçısı mütəşəkkil cinayətkarlıqdır. İnkişaf etmiş ölkələrdə 10%-40%, MDB məkanında isə 70-90% təşkil edir. Rəqəmli şəbəkələrdə isə vəziyyət daha acınacaqlıdır. Yalnız müsuqi faylların internetdəki istifadəçilər arasındakı qeyri-leqal mübadiləsi 2008-ci ildə 400mlrd.kontent təşkil edib. Bu isə 95% piratçılıq deməkdir. Ekspertlərin müşahidələrinə əsasən internetdə musiqinin qeyri-qanuni istifadəsi nəticəsində hüquq sahibləri 80% gəlirlərini itirməyə məcburiyyət qarşısındadırlar. Avropa mənbələrinə əsasən televiziya kontentinin internetdə yayımı zamanı audiovizual piratçılıq 60%-i keçib. Bu rəqəmləri davam etdirmək də olar. Lakin əsas məsələ odur ki, rəqəmli şəbəkələrdə yaranmış vəziyyət, baxmayaraq ki internet müqavilələri mövcuddur, beynəlxalq müəlliflik hüququnun gələcəyini şübhə altına qoyur.
Azərbaycanın sürətlə inkişafı, artıq inkişafda olan ölkələr sırasına daxil olması və yaxın gələcəkdə inkişaf etmiş ölkə olması qarşımıza yeni məqsədlər qoyur: piratçılığın səviyyəsi ən yüksək standartlara uyğunlaşdırılmalıdır. Bununla bağlı bir sıra yeni işlər həyata keçirilir.
Layihəsi Agentlik tərəfindən hazırlanmış "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" Qanun layihəsi qəbul edilmə mərhələsindədir.
Qanun qəbul edildikdən sonra:
- müvafiq səlahiyyətli orqanlar öz təşəbbüsləri ilə (ex officio) cinayət işi başlaya biləcəklər;
- müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə İSBN, İSSN, İSAN, İSRC və s. beynəlxalq standart eyniləşdirmə nömrələri (kodları) veriləcək;
- müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə nəzarət markaları (xüsusi holoqramlar) yapışdırılacaq.
Bu işi təşkil etmək məqsədi ilə, Agentliyin nəzdində fəaliyyətə başlayacaq "Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi" nəzərdə tutulan vacib tədbirlərdən biridir. Mərkəzin fəaliyyəti ilə əlaqədar Agentlik tərəfindən tərtib edilmiş biznes model əsasında müvafiq hazırlıq işləri TWINNINQ layihəsi çərçivəsində Avropanın ən tanınmış təşkilatları ilə aparılır.
Bununla yanaşı müəllif-hüquq sahəsində hüquqpozmalara görə sanksiyaların sərtləşdirilməsinə dair İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə əlavələr və dəyişikliklər edilməsi barədə Agentlik tərəfindən Nazirlər Kabinetinə təkliflər təqdim edilmişdir.
Beynəlxalq təcrübə nəzərə alınmaqla əqli mülkiyyət hüquqları ilə bağlı "Elektron ticarət haqqında" Qanuna dəyişikliklər edilməsi barədə Agentliyin təklifləri hazırda müzakirə olunur. Həmçinin "Əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarətinin tənzimlənməsi haqqında" Nazirlər kabinetinin qərar layihəsi üzərində iş aparılır.
"Müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə", "Kitablara, dövri nəşrlərə, audiovizual əsərlərə və səsyazmalara beynəlxalq standart nömrələrinin verilməsi ilə bağlı bəzi məsələlər haqqında" və "Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiyadan keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin qərarlarının qəbul edilməsi gözlənilir. Bir sözlə, dünyada cərəyan edən bu prosesləri nəzərə alaraq, Azərbaycan dövləti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının qorunması və təminatını prioritet sahə kimi qəbul edərək çoxsaylı kompleks tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin dəstəyi nəticəsində ölkəmizdə zəngin qanunvericilik və normativ-hüquqi baza, çevik milli idarəetmə institutu və geniş beynəlxalq mübadilə və əməkdaşlıq sistemi yaradılıb. Bu sahədə islahatlar və yeniliklər davam etdirilir.
- KİV-də yayılan məlumatlardan görünür ki, Müəllif Hüquqları Agentliyi erməni plagiatçılığına qarşı fəal mövqedən çıxış edir, lakin erməni oğurluqları səngimir. Bunun səbəbləri nədən irəli gəlir?
- Əqli mülkiyyət bilik sahəsinin, mədəniyyətin və iqtisadiyyatın inkişafına xidmət edir. Lakin bədnam qonşularımız tərəfindən bu sahəyə ciddi zərbələr vurulur.
Erməni plagiatından, riyakarlığından, absurdlarından danışanda ilk növbədə onun köklərinə nəzər salmaq lazımdır. Cənubi Qafqazda gəlmə etnos olan ermənilərin "böyük Ermənistan" mifik xülyası və torpaqların əsl sahibi olan xalqın maddi və qeyri-maddi mədəni irsini mənimsəmək və erməniləşdirmək iddiası açıqlanmalıdır. Bəllidir ki, ermənilər tarixdə olmayan "böyük Ermənistan" və "böyük erməni mədəniyyəti" niyyətlərini reallığa çevirmək üçün bir sıra çirkin üsullara əl atırlar. Ermənilərin intellektual və maddi mədəniyyət oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları "Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsinə" çevrilmişdir.
Ermənilər özlərinə mədəniyyət yaratmaq üçün dastan, bayatı, atalar sözləri, nağıl və lətifələrimizi, aşıq yaradıcılığını, musiqi, mahnı və rəqslərimizi mənimsəyir və "özününküləşdirir", xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərinə çıxırlar. Daş-at və Daş-balıq abidələrimizin ermənilərə aid olmasını "sübut" etmək üçün "dənizkənarı" ermənilər, "atlı" ermənilər, tarixdə bəlli olmayan erməni çarları sülaləsi və Gəmiqaya barədə uydurmalar və absurd fikirlər irəli sürürlər. Nizaminin Şirininin erməni, Xosrov Pərvizin sarayındakı musiqiçilərin başçısı Sərkeşin "Sarkis" olması, Möminə-Xatun türbəsinin "ermənilər tərəfindən tikilməsi" və Dədə Qorqudun müəyyən fəsillərinin ermənilər tərəfindən yazılması haqqında absurd "elmi-tarixi fikirlər" də ermənilərin "yaradıcılığıdır". Bu gün, üstəlik Bakı şəhərinin yaranması və tikilməsini də erməniçilik öz adına çıxarır.
Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq borcumuzdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Mən dəfələrlə demişəm və təkrar edirəm ki, biz informasiya hücumuna keçməliyik". Ölkə başçısının bu sözlərinə əməl edərək erməni oğurluqlarına qarşı müdafiə mövqeyindən imtina edib, hücum mövqeyini seçərək ermənilərin əməllərini, oğurluq ənənələri onların öz dili ilə və mənbələri əsasında ifşa etməyə çalışırıq.
Agentlikdə hazırlanmış erməni plagiatçılığını ifşa edən "Gəldim, gördüm,… mənimsədim" kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə ingilis və fransız dillərində yenidən nəşr edilmiş, Agentliyin məsləhəti və dəstəyi ilə Azərbaycan, ingilis, rus və türk dillərində "Azərbaycan musiqi alətləri" və "Uydurulmuş tarixdə erməni soyqırımı" kitabları bir neçə dildə çapdan çıxarılmışdır. "Armyanskiye inarodnıe skazki" ("Erməni yadelli nağılları") kitabı isə rus və ingilis dillərində yenidən çap edilmiş, Azərbaycan və türk dillərində isə çapa hazırlanmışdır.
Ancaq bu gün bir daha qeyd etməliyik ki, Azərbaycan ərazisinin 20%-i işğal altındadır və Ermənistan tərəfindən buradakı mədəni irsimizin maddi nümunələri talan edilir, üstəlik, qeyri-maddi mədəni irsimiz, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Lakin, bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyil.
Bildiyiniz kimi, mədəni ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı - mənəvi gücü və qüdrəti təbiət və doğma torpaqla bağlıdır, müvafiq coğrafi arealda inkişaf edərək qorunub saxlanılır.
"İnsan - yaşadığı iqlim və məkan", "bədii şüur - doğma torpaq", "yaradıcı təfəkkür - təbiət" kimi etnoloji və etnoqrafik üzvü əlaqələr yaradıcılığı və mədəni ənənəni yaşatdırır.
1 milyon qaçqın və köçkünü olan azərbaycanlılar öz coğrafi məkanında yaradıcılıq və ənənələrini yaşatmaqdan da məhrum olub. Azərbaycanın təkrarolunmaz guşəsində, dünya ictimaiyyəti tərəfindən konservatoriya kimi qəbul edilmiş Qarabağda musiqi mədəni ənənələrimizi yaşatmaq mümkün olmur. Bu isə Azərbaycanın mədəni müxtəlifliyinə vurulan digər zərbədir.
Nəhayət, liberalizmin klassiki Fridrix fon Xayekin dediyi kimi mədəni ənənələr, instinkt və zəka arasında yerləşərək, instinktdən nisbətən cavan, zəkadan isə daha qədimdir. Belə ki, mədəniyyət nə təbii, nə də süni məhsuldur, ortaq bir yaranmadır. Xayekin göstərdiyi və son elmi araşdırmalar əsasında təsdiqini tapmış mədəni ənənələrin daxili qüdrəti ilə yanaşı, böyük iqtisadi gücü də vardır. Bunların təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətin çox dəyərli hissəsinə gətirib çıxarır. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı alətinə çevrilir. Bu da bizə işğalçı siyasət nəticəsində vurulan digər zərbədir.
Odur ki, ərazilərimizə göz dikən, "Böyük Ermənistan" xülyası ilə yaşayanlara və ərazi iddialarını "əsaslandırmaq" üçün maddi və qeyri-maddi irsimizə təcavüz edərək, "Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsinə" çevirənlərə qarşı mübarizə aparılıb və aparılacaq. Çünki "mədəniyyətin qəlbi, qəlbin mədəniyyətidir"sə, işğalçı qəlbinə mədəniyyət yaddır.
Erməniçiliyin çirkin əməllərini ifşa etmək məqsədi ilə bayaq qeyd etdiyim qabaqlayıcı tədbirlərlə yanaşı digər işlər də aparılır. Misal üçün bu yaxınlarda, aprel ayında Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı ilə birgə keçirdiyi konfransın "Müəlliflik hüququ, mədəni hüquqlar və insan haqları: erməni riyakarlığı" mövzusuna həsr edilməsi təsadüfi deyil. Erməni ədəbi oğurluqlarının ifşa edilməsi, bu sahədə işlərin sistemli, ardıcıl və peşəkar səviyyədə aparılması Agentliyin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Və yaxud 26 apreldə keçirilən birbaşa web-yayım istifadə olmaqla beynəlxalq simpozium tanınmış alim və mütəxəssislərin geniş spektrə malik olan çıxışları erməni uydurmaları və saxtakarlıqlarına qarşı bizim etiraz səsimiz idi. Uzun illər boyu gizli saxlanmış bir çox həqiqətlərin açılmasına müxtəlif yollarla maneə törədən erməniçiliyin iç üzü və riyakarlıqları mənbələr və elmi sübutlar əsasında göstərilmişdir. Bu məruzələrdə ermənilərin qədim və müasir dövrə aid tarixi yalanları, ərazi iddiaları və coğrafi uydurmaları, maddi və qeyri-maddi mədəni irsimizə təcavüzü və mənimsəmələri haqqında elmi əsaslı məlumatlar səslənmişdir və üç dildə yayılmışdır.
Ümumiyyətlə, ermənilərin oğurluq faktlarının ifşası üçün müxtəlif üsullardan istifadə edirik. Məsələn, folklor nümunələrimizin ermənilər tərəfindən oğurlanması faktları barədə dəfələrlə ÜƏMT-yə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara məlumatlar göndərmişik. Bu mövzuda genişformatlı konfransların təşkili, erməni plagiatçılığı barədə çoxsaylı məqalələrin dərc edilməsi də aparılan işin tərkib hissəsidir. Bununla belə, hesab edirəm ki, əsas iş mədəni irsimizin təbliğidir və bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etməliyik.
Biz çalışmalıyıq ki 11 il ərzində bir yekuna gələ bilməmiş ÜƏMT-nin Əqli Mülkiyyət və Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə hökümətlərarası komitəsi bu il beynəlxalq Konvensiya mətnini qəbul etsin və bu Konvensiyaya qoşulan dövlətlər öz üzərinə müvafiq öhdəliklər götürməli olsun. Məsələ ondadır ki, Azərbaycan Avropa məkanında ilk dövlətdir ki, 2003-cü ildən başlayaraq öz folklor nümunələrini qanun səviyyəsində qoruyur. Beynəlxalq Konvensiyaya hazır olmaq məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanuna dəyişikliklər Milli Məclisdə qəbul edilir. Dəyişikliklər qəbul edildikdən sonra Azərbaycan folkloru nümunələrindən Azərbaycan Respublikasının hüdudlarından kənarda başqa dövlətlərin hüquqi və fiziki şəxsləri kommersiya məqsədləri ilə istifadə etdikdə müvafiq icra hakimiyyəti orqanından icazə almalı və istifadəyə görə haqq ödəməlidirlər. Haqqın məbləği və ödəniş qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir.
Bununla yanaşı Agentliyin təklifi əsasında 2010-cu ildə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanuna bəzi dəyişikliklər edilmişdir. Dəyişikliklər əsasən aşağıdakı üç məsələni əhatə edir.
1. ÜƏMT-nin "Müəlliflik hüququna dair" və "İfalar və fonoqramlara dair" müqavilələrinin (bu müqavilələr ÜƏMT-nin internet müqavilələri kimi tanınır), həmçinin Avropa İttifaqının müvafiq direktivlərinin müddəaları nəzərə alınmaqla milli müəllif-hüquq qanunvericiliyində ilk dəfə olaraq rəqəmli hüquqlar (internet hüquqları) təsbit edilmişdir;
2. Əl ilə toxunan xalçalar müəlliflik hüququ ilə qorunan obyektlər sırasına daxil edilmişdir;
3. Azərbaycan folkloru nümunələri və ənənəvi biliklər ilk dəfə olaraq ictimai varidat dairəsinə daxil edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB