Yeni dünyanın fəlsəfəsi - DÜŞÜNCƏ

Azərbaycanın otuz ildən artıq müddətdə işğal altında olan torpaqları azad etmək üçün haqq işi uğurunda sentyabrın 27-dən başladığı mübarizənin birinci mərhələsi 44 gündən sonra, noyabrın 10-da Müzəffər Ordumuzun, onun Ali Baş Komandanının qələbəsi ilə başa çatdı - Azərbaycan, region, bəlkə də bütün bəşəriyyət yeni dünya qurmaq mərhələsinə qədəm qoydu. Bu yeni dünyanın memarı qalib ölkə olan Azərbaycanın Prezidenti, onun Ali Baş Komandanı, qəhrəmanlıq salnaməsi yazan sərkərdə İlham Əliyev oldu.

Vaxtilə hamımız üçün əlçatmaq arzu kimi görünən Qərb dünyasının, onun ictimai quruluşunun,həyatımızın reallığı olan kapitalizmin eybəcərliyini biz bu gün daha yaxşı görə bildik. Artıq xeyli vaxtdır kapitalizm şəraitində yaşayırıq və kapitalizmin gətirdiyi bəlaları öz üzərimizdə hiss edirik. Əmin olduq ki, cəmiyyətin mənəvi cılızlaşması kapitalizmdən başlanır-pula olan hərislik, getdikcə primitivləşən həyat tərzimiz, varlığımıza hakim kəsilən eqoist hisslər, cəmiyyəti bürüyən anormallıq kapitalizmin bizlərə bəxş etdiyi töhvələrdir. Bu gün kapilalizm öz əməllərini ört-basdır etmək üçün qlobal problemlər adı altında – ekoloji, istiləşmə, soyuqlaşma, demoqrafiya və s. kimi problemlər orataya atmaqla, terorizm xofu yaratmaqla adamları əsas məsələlərdən-mənəvi cırlaşmadan xilas olmaq yolundan yayındırır. Qlobal problemlərin şişirdilməsi gəlir məqsədi ilə həyata keçirilir. Ekologiyanın müdafiəsi bu gün ən əlverişli biznesə çevrilmişdir. Müxtəlif “qriplər” adı altında aparılan kompaniyalar hesabına milyardlarla manat pullar müəyyən adamların cibinə axır. Ən ümumi istiləşmə, ozon təbəqəsinin nazilməsi təbliğatı ayrı-ayrı kapital sahibləri tərəfindən həyata keçirilən tədbirləri ört-basdır etməyə yönəldilmişdir. Kapitalizmin bəxş etdiyi söz azadlığı kompaniyası xalqlarda yeni torpaq ələ keçirmək, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq kimi bəlalara yol açdı. Bu bəlaları biz daha çox öz üzərimizdə hiss etdik-mənfur qonşuların torpaq iddiaları, vasitəçilik adı altında riyakarlıq edən böyük dövlətlərin hiyləgərliyi, kimlərinsə imperiya ambisiyaları ilə üzləşdik. İllərdi münaqişə tərəfləri arasında vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin başçılarının sərsəm sayıqlamaları, həyasızcasına müstəqil dövlətin daxili işinə müdaxilə etmək istəkləri müasir dünyanın eybəcərliyidir. Yaranan bu müasir bəlalarla mübarizə aparmaq bu gün ən vacib məsələlərdən birdir-qürurverici odur ki, bu mübarizəni başlayan, çəkinmədən onu açıq bəyan edən məhz Azərbaycan Prezidenti oldu. Təəssüf ki, böyük uğurlara imza atan insan hələ də müasir dövrün qaydalarını, müasir həyatı tam dərk edə bilmir.

Mənəvi varlıq olan insan bu dünyaya özü üçün zəruri olanları öyrənmək üçün gəlmişdir. Əgər biz hər şeyi bilsəydik onda burada olmazdıq. Biz həyatı duymaqda, onu qəlbən dərindən hiss etməkdə çətinlik çəkirik. İnsan sonsuz səmadır,bu səmada hər şey var-sadəcə olaraq insanlar kim olduqlarını unutmuşlar. Prezident İlham Əliyev qeyd etdiyi kimi, nə qədər ki, yaşamağı öyrənməmişik həyatdan layiq olduqlarımızı götürə bilməyəcəyik. İnsan üçün ən vacib olan şey yaşamağı öyrənmək, bu həyatın dəyərini bilməkdir-bu həm də yeni dünyanın fəlsəfəsidir. İnsan çox vaxt həyatı ürəyi ilə başa düşür, lakin əqli təsdiq tələb etdiyindən o özünü itirir. Yaxşı olar ki, hər biriniz ətrafınızda yaratdığınız dünyada sərhəd qoymayasınız-məhdudiyyətlər, sərhədlər qorxudan yaranır. Müqəddəslər kimi öz hisslərinizin,onun təmizliyinin qayğısına qala bilsəydiniz onda bu sizin insan kimi qalmağınıza kömək edərdi. Vətən müharibəsi, 44 gün davam edən azadlıq savaşı bizi Prezidentimizin bəyan etdiyi yeni dünyanın layiqli sakinləri olmağa hazırladı, hisslərimizi təmizlədi, insan kimi qalmağımıza kömək etdi.

Etiraf edək ki, sentyabrın 27-nə qədər cəmiyyət sözün həqiqi mənasında xəstəyə bənzəyirdi, insanlar az qala necə yaşamaq vərdişlərini itirmişdirlər. Mənəvi dəyərlərə söykənən dünənimizlə əlaqəmiz kəsilmişdir, həyatımız okeanın ortasında xəritəsiz, kompassız qalan gəminin həyatına bənzəyirdi. Maddi dəyərlər mənəvi sərvətləri tapdalayıb məhv etmişdir-az qala hamı maddi tələbatlarının ödənilməsi qayğısı ilə yaşayır. Vəzifəyə getmək xatirinə həyat yoldaşını kiminsə yanına göndərməkdən çəkinməyən kişilər, öz işinin düzəlməsi üçün bacısının kim­lərəsə ağız açmasına təbii baxan qardaşlar öz eyiblərini ört-basdır etmək üçün daha çox qeyrətdən danışırdılar, mənəvi dəyərlərdən, ilahi saflıqdan danışanlara dəli kimi baxır, onların şeytanla əlaqəli olduqlarını vurğulamaqdan belə çəkinmirdilər. Ən dəhşətlisi odur ki, qadınlarımız onlardan bir vasitə kimi istifadə olunmağa adi hal kimi baxmağa başlamışdılar. İnsanlarda kədər, qüssə, pərtlik vəziyyəti üstün­lük təşkil edirdi. Doğrudan da səhərlər qəzeti açıb xuliqan hərəkətlərlə bağlı məlumatları, hər yerdə olan quldurluq, qatilliklə bağlı xəbərləri oxumaq yaxşı hal deyildir, Avropada istehsal olunan qida məhsullarının qırx faizinin ekoloji baxımdan yarasız olduğunu göstərən xəbərlər kədərləndirici idi. Ona görə də artıq yeni zamanın gəlməsi haqqında düşünmək zəruriliyi yaranmışdır. Ancaq burada da problemlərlə qarşılaşırdıq: bu gün, burada və indi yaşadığımız nə vaxtsa “yeni zaman” olmuşdur və uzun illər bundan əvvəl yaşayanlar da bu gün haqqında düşünmüş və onu arzulamışlar. Yeni zamanın yaxşı və ya pis olması insanların mənəvi yetkinliyi ilə bağlıdır-dünyanın yaxşı olmasına bəzi super dövlət başçılarının mənəvi cılızlığı mane olur. Yeni dünya yaratmağın vacibliyini vurğulayan Azərbaycan Prezidenti bu yolda heç kimin, heç bir siyasi qüvvənin bizə mane olmaq iqtidarında olmadığını açıq şəkildə bəyan etmişdir. Yeni dünyanın yaranmasından narahat olan bəzi super dövlətlərin başçılarından fərqli olaraq Prezident İlham Əliyev daha inamlı, daha qətiyyətli mövqeyi ilə çoxlarını qorxuya salmışdır.

Yolu alaq otlarından təmizləyən, tökülən daşları kənara yığan adam əslində yol salır, çünki bu hərəkəti ilə o yola yeni həyat verir-daha cəsarətli olanlar isə yeni yollar salmağa cəhd edirlər. Bu gün Azərbaycan Prezidenti yeni yollar salmağa başlamışdır-yol salmaq istəyən hər bir adam onun başlanğıcı və son məntəqəsi haqqında təsəvvürə malik olmalıdır, yol salarkən yarana biləcək maneələri nəzərə almalı, görəcəyi işlər haqqında tam təsəvvürü olmalıdır. Tam məsuliyyətlə demək olar ki, Prezident İlham Əliyev bu yolun başlanğıcı və sonu haqqında təsəvvürə malikdir, yarana biləcək maneələri, onu dəf etmək vasitələrini, görüləcək işlərin nədən ibarət olduğunu yaxşı bilir. Maraqlıdır ki, tikməyi bacaranlara, haradan gəldiklərini və hara getdiklərini yaxşı bilənlərə heç də həmişə qulaq asmırlar, onların arxasınca getmirlər. Onların yollarını yaxşı halda utopiya, adi halda səhv hesab edirlər. Hətta onlara yol seçmək azadlığı formasında təsəlli üçün yer də qoymurlar.Tikmək bir günün işi deyildir - başqa işlərdə olduğu kimi burada da vaxt böyük sınaqdır. Kifayət qədər səbirli olmaq lazımdır, nə istədiyini hər an xatırlamalısan, iş uzansa da həvəsdən düşmək lazım deyildir - burada vaxtdan daha çox məqsəd vacibdir.

Tarixdə risk fəlsəfəsinin, yəni qəhrəmanlıq dövrünün hökmranlıq etdiyi vaxtlar da olmuşdur. Sonralar uzun müddət cəmiyyətdə mövcud olan şərait bizi risk etmək bacarığından məhrum etmişdir, beynimizə yeridilən müxtəlif ideyalar bizi kütləyə çevirmişdir: biz risk etmək istəmirdik, ondan qaçmağa daha çox üstünlük verirdik. Yəqin ki, hər biriniz müşahidə etmisiniz: son vaxtlarda, sentyabrın 27-nə qədər insanlarda biganəlik, laqeydlik xeyli artmışdır-gözlərinin qarşısında baş verən qəzaları, başqalarının bədbəxtliyini laqeydcəsinə seyr edən adamların baxışları az qala adamı qorxudurdu. Küçədə bir neçə səfehin bir adamı döyməsinə baxanlar həmin adama yazığı gələ bilərdi, ancaq heç kəs ona kömək etmək istəmirdi. Bəlkə də bu seyr edənlərin pis olması deyildir, onların beyninə yeridilmişdir ki, asayişin qorunmasına polis nəzarət etməlidir. Bu fikir bizi insanlıqdan məhrum etmişdir, bizləri soyuqqanlı müşahidəçiyə çevirmişdir. Laqeydlik, biganəlik o həddə çatmışdır ki, biz artıq özgələş­mi­şdik: bu vəziyyətdən çıxmağımız və heç olmasa bir anlıq da olsa insan olmağımız zəruri idi. Bu halın artıq dözülməz olduğunu bizə Azərbaycan Prezidenti bəyan etdi və buna qarşı mübarizənin vacibliyini bildirdi.

Haradasa belə bir fikir oxumuşam: üzən şalbanla, həmin oduncaqdan hazırlanmış qayıq arasında fərq ondan ibarətdir ki, qayıqda avar, kürək olur və o axının əksinə üzə bilir. Bu fikrin üzərində uzun illər boyu düşünmüşəm və fəlsəfi problemləri araşdırmağa başlayanda şalban və qayıq metaforası bütün hisslərimdə və fikirlərimdə, bütün yaradıcılığımda öz izini qoymuşdur. Adətən insanlar həyat çayına atılan şalbana bənzəyir: əvvəlcə möhkəm və quru, sonra sınıq, canına su hopmuş hala düşür, güclü dünyanın onun üçün hazırladığı yolla həyatını davam etdirir. Şalban çayın axarı ilə bir-birinin üstünə çıxaraq naməlum istiqamətdə üzür, yavaş-yavaş sınır və çayın üzündən yox olurlar-axan hər şeyin haradan gəlib, hara getməsi məlum deyildir. Bu kökündən çıxmış ağacın gövdəsidir, onun budaqları qırılıb, çay onu o tərəfə bu tərəfə atır, o yalnız öz ağırlığı ilə çaya müqavimət göstərə bilir. Çayda qara bir şey səs salaraq hərəkət edir-hara getdiyini bilmir...ancaq olduqca yorğundur. Gündüz Günəş şüası ağacın kökündə olan qara gilə düşüb onu parıldadır, gecələr isə qara xaotik kölgələr yığını çayın axarı ilə hərəkət edir, çox az halda hansısa şalbanın bir başı qalxıb uzaq ulduzlara boylanır. Şalban axını! Onlar getdikcə çoxalır, bir-birinin üstünə yığılır, sınır, harasa dəyib dağılır: şalban axını-bu mənzərəyə baxıb dəfələrlə düşün­müşəm. İllər keçdikdən sonra şalbandan hazırlanan, səyahətçilərin sığınacağına çevrilən qayıq haqqında da düşünməyə başladım-məhz həmin oduncuqdan qayıq və onu idarə etmək üçün avar hazırlanırdı. O nə qədər balaca olsa da çayın axarına qarşı üzə bilirdi. Onun sərnişinləri deyirlər ki, biz eyni deyilik, əgər eyni olsaydıq hamımız eyni vaxtda çaşardıq və bir-birimizə kömək edə bilməzdik. Onlar bildirirlər ki, təbiətdə eyniyyət mövcud deyildir, o qeyri-mümkündür, həm də arzuolunmazdır. Mövcud olan fərqlər bütövü bəzəyir, qəm-kədərdən və sürü instinktindən xilas edir. Onlar fikirləri müxtəlif dinləri, səmadan göndərilən nəsihətləri təbliğ etməklə məşğuldurlar-min illər ərzində adamlar bu fikirlərə heç nə əlavə etmədən onu yaymışlar.

Bu gün yaşadığımız dünya həm cinayətkarlıqdan, həm də terrorizmdən daha çox əziyyət çəkdiyindən adama elə gəlir ki, onlar bu yaxınlarda yaranmışdır. Əslində isə bu problemin dünya qədər yaşı var. Əxlaqsız insanlar, əxlaq normaları ilə hesablaşmadan yaşamaq istəyənlər həmişə olmuşdur. Təəssüf ki, bunların əksəriyyəti dövlətləri idarə etmiş, başqa xalqlara bəlalar gətirmişlər-onlar bu gün də keçmişlərindən utanmadan öz pis əməllərini davam etdirirlər. Bu adamlar qrup halında birləşərək cəmiyyəti qorxu içərisində saxlamışlar, onlar bu cəmiyyətin prinsiplərini ya qəbul etməmişlər, ya da tam inkar etmişlər. Əsrlər ərzində zorakılıq özünün çoxsaylı formasında daha da inkişaf etmişdir. Zaman keçdikcə terorizmin güclənməsinin, onun inkişafının dönüş nöqtəsi olmuşdur. Bəşəriyyət öz inkişafında qara tunelə bənzər bir mərhələni, orta əsrlər dövrünü kecməli idi. Doğrudur bu zülmətin də öz ulduzları olmuşdur. Bu orta əsrlər zülməti, xaos və zorakılığı arasında ayrı-ayrı vaxtlarda böyük şəxsiyyətlərin məşəli alovlanırdı, təəssüf ki, çox vaxt bu zülmət inkvizisiya tonqalı ilə işıqlandırıldı, ayrıca adamı və bütövlükdə cəmiyyəti saxlayan hər şey dağıdıldı. Vaxt kecdikcə insan müxtəlif təşkilatların toruna və qarşılıqlı münasibətlər sisteminə düşür, bunlar da həmin insanların təbii meylini və cəhdini boğurdu. Dünyaya baxan bu adam özündə güc və ümid görmürdü, həmin adam öz əcdadlarını, Allahı unutmağa başlayır və hətta özünü belə tanıya bilmir, onda nəvaziş, qayğı hissləri sönür, öyrənmək, həyatdan zövq almaq arzuları ölür. Sokrat Delfadakı Apollon məbədində qızıl hərflərlə yazılan “Özün özünü dərk et” - kəlamını şagirdlərinə məsləhət görmüşdür. Lakin insanlar öz mövcudluqlarının mənasını axtarmaq zərurətini hiss etmirlər, onlar unudurlar ki, dərk etmənin mənbəyi onların özlərindədir. Tədricən insan özünü dünyadan ayrı salmışdır və qorxu və həyəcan hissi ona hakim kəsilmişdir, bu hiss getdikcə artmışdır. O nə qədər öz şəxsi tələbatına daha çox diqqət yetirirsə onda şəxsi özünü istək bir o qədər güclənir, başqa adamlara və ətraf aləmə münasibətləri bir o qədər təhrif olunurdu. Bu proses daha da dərinləşirdi və insanlar terrorun başlanğıc formasına yaxınlaşırdı - bu vaxt artıq o silah və güc işlətməklə kifayətlənmirdi: düşmən hesab olunanların qəlbində qorxu və dəhşət yaradacaq hər şey işə düşürdü.

Makedoniyali İsgəndərin yürüşlərinin tarixini öyrənən hər kəs İsgəndərin bir ovuc ordu ilə məğlubolunmaz farslara qalib gəlməsindən və hətta onları təqib etməsindən təəccüblənir. Əsas səbəb odur ki, o düşməndə qorxu yarada bilmişdir. Yunan dilində tərcümədə onun adının mənalarından biri də “Qorxu salan”dır. İsgəndər yalnız döyüş meydanlarında qalib gəlmirdi, o, həm də psixoloji döyüşlərdə zəfər çalırdı. Tarix təkrarlanır-Azərbaycan Prezidenti yalnız döyüş meydanında deyil, həm də psixoloji və informasiya cəbhəsində qalib gələrək özünün böyük sərkərdə, yetkin siyasi xadim, əzəmətli dövlət xadimi olduğunu sübut etdi. Bu gün də axıra qədər dərk olunmayan əsas səhv ondan ibarətdir ki, insanlar başa düşmürlər ki, cəmiyyət və dövlət insandan təcrid oluna bilməz, o maddi və mənəvi tələbatlarla və cəmiyyətin hər bir üzvünün cəhdləri ilə hesablaşmalıdır. Ona görə də hər bir adamın fərd kimi böyük əhəmiyyəti var-müharibə günlərində az qala hər gün xarici jurnalistlərə müsahibə verən Prezident İlham Əliyev bu amili xüsusilə vurgulamışdır.

Müasir dünyamızda terrorun müxtəlif formaları mövcuddur. Bu gün dini zəmində yaranan terrordan Avropa çox danışır, bundan İslama qarşı mübarizə vasitəsi kimi istifadə edir. Dini zəmində terror fikrindən cəfəng heç nə ola bilməz: insan özündən, öz səhvlərindən, öz çaşmasından qorxa bilər, Allahdan isə qorxu ola bilməz, bu qorxu insana xas deyildir. Bu qorxu süni şəkildə yaradılmışdır, əsrlər boyu insanları idarə etmək üçün müxtəlif ehkamlar və yalanlar uydurmuşlar. Adamları inandırmışlar ki, cəhənnəm var və əgər onlar günah iş tutsalar əbədi olaraq orada əzab çəkəcəklər: lakin günah anlayışının özü olduqca nisbi xarakter daşıyır-o dövrlə, ölkə ilə, inamla şərtlənir və bunlara uyğun olaraq dəyişir. Xristian üçün günah olunan müsəlman üçün günah sayılmaya bilər, Avropada dəhşətli hesab olunan əməl Mərkəzi Afrikada normal hal kimi qəbul edilə bilər və əksinə. Necə razılaşmaq olar ki, insanlara öz günahlarını yumaq üçün imkan verilmədən o əbədi məhkum olunsun, insan yalnız ona görə məhkum olunur ki, öz zəifliyinə və instinktinə tabe olaraq səhv edir. Axı bu zəiflik və instinkt onda anadangəlmədir, uzun müddət o bunları dərk etməmişdir və yalnız 12-15 yaşlarında onlarla üzləşmişdir. Yaranın ölçüsü onu vurana yox, bu vaxt istifadə olunan silaha müvafiq olur. Əgər böyük dəniz heyvanlarını ovlamaq üçün hazırlanan harpunla, nizə ilə balinanı vursaq onda yara balina həcmində yox, nizənin həcmində olacaqdır.

Deməli edilən səhv bu səhvdən əziyyət çəkənin ölçüsünə görə yox, vurulan ağrıya müvafiq olmalıdır. Allahdan qorxu yox, Allaha qarşı istək çox olmalıdır, insanların öz əməllərini ört-basdır etmək üçün Allah qorxusu xofundan istifadə etmələri heç bir normaya sığmır. Müqəddəs yerlərdə ziyarətə gedənlər oğurluq etməkdən cəkinmirlərsə, ziyarət adı ilə alverə gedənlərin sayı ildən-ilə artırsa, şəxsi ambisiyaları üçün çirkli əməllərlə yığılan pula məscid, kilsə tikdirməkdən çəkinmirlərsə, İsanın təhqir olunmuş qəbrini xilas etmək adı ilə Səlib müharibəsinə başlayanlar qarətlə məşğul olurlarsa, “Hacı” kimi müqəddəs adı daşımaqlarına baxmayaraq rüşvət alır, araq satır, kef məclislərindən qalmırlarsa burada Allah qorxusundan danışmağa dəyərmi? Biz görürük ki, bütün tarix ərzində, eyni zamanda bizim dövrdə dini zəmində yaranan terrorun bu forması insanları özlərinə tabe etmək, onların iradəsini qırmaq üçün istifadə olunur. Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarındakı vəhşiliklərini din qardaşlarımızdan aldıqları yardım əsasında həyata keçirirlər. Məscidlərdə donuz saxlayanlara, Kəlbəcərdə alban kilsələrini dağıdanlara söz deməyən xristian mətbuatı Qarabağda olan kilsələrin gələcək taleyindən narahatlıqlarını dilə gətirməkdən utanmırlar - bu gün Bakının mərkəzində erməni kilsəsi qorunur, Ermənistanda, Qarabağda isə məscidlərin aqibəti hamıya məlumdur.

Bu gün çox istifadə olunan psixoloji zorakılıq adlanan daha bir terror forması var-bu vaxt müxtəlif psixoloji üsullardan istifadə edərək, o cümlədən bizim şərti refleksimizə təsir edərək bizi müəyyən malları almağa, müəyyən tədbirlərdə iştirak etməyə, müəyyən qruplara və siyasi strukturlara daxil olmağa, müəyəyn siyasi liderlərə səs verməyə məcbur edirlər. Bu bir növ Pavlovun məhşur refleksini xatırladır, bu üsullar həmişə bizim iradəmizi zəiflədir. İctimai terror adlanan digər terror forması zorakılıqla bağlı olan hər şeyə pərəstişin yaradılmasında təzahür edir və onu çox az dərk edirik. Insanlar başa düşmürlər ki, cinayətkarlıq və terrorizm bizim siyasi, ictimai və iqtisadi sistemin dağılması ilə bağlıdır və onun birbaşa nəticəsidir.

Dünyanın aparıcı dövlətlərinin, ilk növbədə ABŞ-ın son illər həyata keçirdiyi ekoloji terror haqqında da artıq danışılmağa başlanmışdır. Dünyanın istənilən nöqtəsində müasir texnikanın gücü ilə əlverişsiz hava şəraiti, qasırğa, tufan, yağış, hətta zəlzələ belə yarada bilən super dövlətlər az qala hər şeyi unudaraq dünyaya ağalıq etmək niyyətindədirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz daha az pozulmuş, müəyyən mənada təmiz, ədalətli dünya haqqında düşünməli və belə dünya arzulamalıyıq, burada tamamilə başqa dəyərlər sistemi olmalıdır. Artıq indi biz yeninin ünsürlərini yaratmalıyıq ki, o bizə yenidən həyat sevincini hiss etməyə , heç bir qorxu hiss etmədən yaşamağa imkan versin. Bu gün aydın olmuşdur ki, biz hamımız zorakılığın müxtəlif formalarının qurbanıyıq - ya terrorun, ya da cinayətkarlığın-ona görə də bizdə daimi olaraq qorxu var və biz ondan xilas ola bilmirik. Əgər əvvəllər hamımız günün istənilən vaxtı küçədə rahat gəzə bilirdiksə, istənilən ölkəyə gəzməyə gedə bilirdiksə, sonradan bunları etmək qeyri-mümkün oldu. Şəhər nəqliyyatında sərnişinləri xəbərdarlıq edirlər ki, pul kisələrini, cib telefonlarını oğrulardan gözləsinlər. Əgər bu xəbərdarlıq nəqliyyat vasitələrinə yapışdırılırsa bu həmin cinayətkarlar qarşısında acizlik deyilmi? Az qala hər adama bir polisin düşdüyü bir şəraitdə bu hal qalırsa deməli bu işə cavabdeh olanlar öz işlərinin öhdəsindən gələ bilmirlər. Mən bəzən belə düşünürəm ki, terror və cinayətkarlıqdan bizi qorumalı olanlar deyəsən özləri elə bu hadisələrə rəhbərlik edirlər.

Mənim üçün cinayətkarlığın və terrorun mahiyyəti eynidir-fərq onların səbəblərində və həyata keçmə vasitələrində ola bilər. Küçədə hər hansı qızın üstünə bıçaq çıxarıb onun telefonunu alan adam da terror aktı həyata keçirir, sadəcə olaraq bu terror fərdi xarakter daşıyır. Terrorizm böyük bir caynaq kimi başımızın üstündən asılmışdır, hər gün daha çox insanı məhv edir. Bu terrora qarşı mübarizə aparmaq üçün, birincisi, biganəliyimizə son qoymalıyıq və həmin hadisəyə reaksiya verməkdən qorxmamalıyıq, ikincisi isə, onun səbəblərini müəyyən etməliyik. Onun səbəblərindən biri - adamları müxtəlif təbəqələrə, “tayfalara” bölməkdir. Sentyabrın 27-nə qədər hamı hamıya qarşı çevrilmişdir. Hansısa şeytan istehzası ilə adama elə gəlirdi ki, hərbçilər mülki adamlara, mülki adamlar isə hərbçilərə qarşıdırlar, tələbələr polisə, həkimlər vəkillərə, vəkillər mühəndislərə qarşı çevrilmişdilər. Bəli, biz həqiqətən də ayrı-ayrı qruplara parçalanmışdıq və bu da hamıda qorxu yaradırdı. Cinayətkarlıqdan söhbət açan kimi hamı qanunun acizliyindən danışırdı. Axı bəzən elə olurdu ki, bizə hücum edənlərdən özümüzü qoruyanda belə bizi həbs edirdilər, belə ki, müxtəlif cinayətkarların hüquqlarını qoruyan çoxlu komitələr yaradılmışdır. Özlərini insan hüquqlarının müdafiəçiləri kimi qələmə verən, yersiz çıxışları üçün xaricdən kifayət qədər pul alan bu üzdəniraq müdafiəçilər çox vaxt əsil cinayətkarların müdafiəsinə qalxırdılar, bu cinayətkarları siyasi məhbus kimi qələmə verməklə az qala onları “milli qəhrəman” kimi Avropaya bəyan edirdilər. Onların Avropadakı havadarları da hansısa ölkəyə böhtan atmaq üçün bu cür cinayətkarların müdafiəsinə qalxmaqdan belə çəkinmirdilər. Bizə demokratiya dərsi deyənlər sülh, dinclik, oxumaq və işləmək istəyənlərin hüquqlarını müdafiə komitələri yaratmırlar-bu cür komitələr ona görə yoxdur ki, indi söhbət dünya səviyyəsində olan manipulyasiyadan gedir-terrorla manipulyasiya edənlər bizi artıq qorxuda bilmişdilər. Azərbaycan, onun Prezidenti sentyabrın 27-dən yeni dünya qaydalarının təməlini qoydu, içimizdə olan qorxu xofunu qovdu.

Azərbaycan erməni faşizminə qalib gəlməklə dünyaya bəyan etdi ki, cinayətkarlıqdan və terrorizmdən qurtarmaq olar. Ilk növbədə konstitusiyadan başlayaraq bütün qanunları dəyişmək lazımdır, bundan qorxmaq lazım deyildir: müxtəlif ölkələrdə dəfələrlə konstitusiyanı dəyişdirmişdirlər, onu daha bir dəfə də dəyişdirməklə heç nə olmaz. Müdafiəsiz və silahsız vətəndaşları müdafiə etməyə qadir olan qanunvericilikdə köklü dəyişiklik etmək lazımdır. Indi hər yerdə bizə xəbərdarlıq edirlər ki, “əgər hər hansı hadisə baş versə onda filan telefona zəng vurun”.

Birincisi, ölülər zəng vura bilmirlər, ikincisi, əgər zəng vurmağa imkan olsa belə, kömək gələnə qədər o artıq lazım olmayacaqdır. Əgər kimi isə hədələyirlərsə o polis bölməsinə müraciət edir, orada isə bəyan edirlər ki, adam catışmır. Böyük şəhərlərin kücələri ilə gedəndə mülki vətəndaşlardan çox polis formasında olanlar daha çox görünür - maraqlıdır ki, oğurluq, dava-dalaş olanda elə bil onlar yağlı əppək olub göyə çəkilirlər və yalnız artıq cinayət törənəndən sonra hadisə yerinə axışırlar. Deyəsən sakitlik, əmin-amanlıq onlar üçün maraqlı deyildir, bu üsulla özlərinin lazımlı olduqlarını sübut etmək istəyirlər. Söhbət hər kəsin öz işinə məsuliyyətsiz yanaşmasında gedir, adama elə gəlir ki, hər şey dağılır, hamı isə bu xaosla razılaşır. Ölkə Prezidenti bəyan edir ki, “ancaq mən yalnız ümid etmirəm, mən əminəm ki, bu böyük tarixi böhrandan çıxa biləcəyik”. İnsanların azad inkişafına mane olan, onun əqil və əxlaqını buxovlayan qorxudur və biz, ilk növbədə, bundan xilas olmalıyıq. Qorxunun əsas səbəbi-bilməməzlik, xəbərsizlikdir. Bizim ölməzliyimizi görməməyimiz qorxunu şiddətləndirir-cəmiyyətdə əsas qanunların işləməsini, xüsusilə görülən tədbirləri görməməyimiz balaca və böyük cinayətkarlıq üçün şərait yaradır. Prezident İlham Əliyev bildirir ki, bu dünyanı, bu cür yaşayış tərzini dəyişdirmək lazımdır. Ancaq bunları zor gücünə etmək olmaz: dünyanı aşağıdan və daxildən dəyişdirmək lazımdır və bu vaxt nəticəyə yox, səbəbə diqqət yetirmək vacibdir. Yaradılan yeni dünyada elə etmək lazımdır ki, hər bir kişinin və hər bir qadının işi olsun. Hər bir adamın çörəyi olmalı, mənzillə təmin olunmalı, təhsil alması üçün şəraiti olamalı, onun hüquqları qorunmalı və özünə qarşı ədalətli münasibəti hiss etməlidir. Əgər həkim bu gün müalicə edirsə, polis də eləcə cinayətkarları həbs etməlidir. Əyninə polis forması geyib parklarda söhbət edən gəncləri qorxutmaqla, tum satanlardan, dilənçilərdən pul yığmaqla məşğul olan və bununla öz işini bitmiş hesab edənlərə polislərin arasında yer olmamalıdır. Fərdi və mütə­şəkkil cinayətkarlığa son qoymasaq rahat yaşamaq mümkün olmayacaqdır. Artıq mütəşəkkil cinayətkarlıq adi hal almışdır-tutaq ki, Kolumbiyada arxeoloji qazıntıya gedən adamı silahlılar dayan­dırır və ondan haqq tələb edirlər. Əvvəllər bunu televiziyada eşidir­diksə sonradan bu hamımızın qarşılaşdığı adi hala çevrilmişdir. Terrorun köməyi ilə bizi qəraət edirdilər, yalnız var-dövlətimizi almırdılar, həm də bizim şərəf və ləyaqətimizi tapdalayırdılar, bizi aciz hesab edirdilər.

Bütün bunları başa düşən və görənlər əbədi dəyərlərə qayıtmağı təklif edirlər: bu həqiqi bilik əldə etməyə, baş verənləri dərk etməyə, qorxu hissindən uzaqlaşmağa kömək edəcəkdir. Deyəsən bu da çoxlarına əlverişli deyildir - bəlkə ona görə ali məktəblərdə fəlsəfə kursunu ixtisar etməklə gənclərin düşünmə qabiliyyətini kütləşdirməyə, onların mənəvi dəyərləri dərk etməsinə mane olmağa çalışırdılar. Qorxu sentyabrın 27-nə qədər cəmiyyətdə olan ən pis çatış­mazlıq idi. O, insanlara lap əvvəldən xas olmamışdır, onu bizə düşmən olan qüvvələr yaratmışdır, onlar kənardan bizim qəlbimizə girmişlər və artıq bizim bir hissəmiz olmuşlar. Biz qorxudan tam azad olmalıyıq. Başımıza gələnlərdən ən dəhşətlisi, ən qorxulusu kiminsə bizi öldürməsi ola bilər. Istər-istəməz biz hamımız öləcəyik. Bir həyat həqiqəti var: insandan yalnız o şeyi oğurlaya bilərlər ki, o artıq bu vaxta qədər öz səhlənkarlığından onu itirmişdir.

İnsanlar daxili güc qazanmalı, cəsarətli olmalı, hər şeyi vaxtında, lazım olan səviyyədə etməyi bacarmalıdırlar. Dediklərimə rişxəndlə yanaşanlar, ağız büzənlər də tapılacaqdır, ancaq sadəcə olaraq ruhun əbədi olduğunu, sizin həqiqi xanım və bəy olduğunuzu sizlərə qəbul etdirə bilsəm, şərəf və ləyaqətə hörmət hissi aşılaya bilsəm özümü xoşbəxt hiss edərəm. Insan ayaqsız və gözsüz yaşaya bilər, ancaq ləyaqətsiz yaşaya bilməz, belə ki, ləyaqətsiz adam insan olmayıb, heyvandır. Biz qamətimizi yenidən düzəltməliyik, çiyinlərimizi şax tutmalıyıq ki, himayədar mələklər öz qanadlarını bizim üstümüzdə tam aça bilsinlər, biz əlimizdən gələn hər işi görməliyik ki, Prezidentimizin dediyi yeni dünyanı yaradaq və bu dünya bəşəriyyətin tarixində yaradılan bütün dəyərli olanları özündə təcəssüm etdirməlidir. Hamı sakit, rahat dünyanın həsrətini çəkir, zorakılığın, kasıbçılığın olmadığı dünyanın olmasını istəyir. Vaxtilə süni şəkildə olsa da hamının bərabər səviyyədə yaşadığı cəmiyyət olmuşdir, heç kəs mənim hüququmu tapdalamır, heç kəs mənim qarşımda var-dövləti ilə öyünmürdü. Bu gün isə layiq olmayanlar öz var-dövlətləri, imkanları ilə qürrələnir, saf adını qorumağa çalışan müəllim isə ailəsini maddi cəhətdən təmin etməkdə üzləşdiyi çətinliyə görə uşaqlarının qabağında utanır. Mən özümü layiqli vətəndaş kimi hiss etdiyim dövrü arzulayıramsa məni keçmişə olan həsrətimə görə qınamağa heç kimin haqqı yoxdur. Düşünürəm ki, hər birimiz ürəyimizdə bu müqəddəs həsrəti saxlamalıyıq, artıq xatirələrə dönən keçmiş həyatı unutmamalıyıq, axı bu sakit və rahat dövr idi, burada ağa ağ, qaraya qara deyirdilər: axı o vaxtlar kiminsə xoşuna gəlmədiyimizə görə qarnımıza bıçaq soxmurdular, hansısa körpə partlayıcı maddə qoyulan maşının yanından keçəndə günahsız qurbana çevrilmirdi. Biz bu gün həyatımızda baş alıb gedən haqsızlıqlarla barışmamalıyıq. Prezident İlham Əliyevin sözləri ilə desək, “biz özümüz dəyişməli, başqa cür olmalıyıq, cəmiyyətdə yeni dəyərlər sistemi yaratmalıyıq, yaşadığımız həyata hörmət etməliyik. Özbaşınalığa,zorakılığa, haqsızlığa qarşı qalxmalıyıq, adamları alçaldan, məhv edən narkomaniyaya qarşı mübarizəyə qalxmalıyıq. Bu gün narkotik maddələr qəbul edən uşaqlardan daha çox onları buna öyrədənləri cəzalandırmalıyıq. Əgər biz özümüz özümüzlə üz-üzə dayansaq, qorxuya qalib gəlsək, əgər ürəyimizdən keçənləri ifadə edə bilsək, öz inamımızla yaşasaq, onda cinayətkarlıq və terrorizm yox olacaq və onlardan yalnız acı xatirələr qalacaqdır”. Ürəyinizdə, əllərinizdə, qəlbinizdə olan gücü hiss edin. Heç kəsin siyasi baxışlarını müdafiə etmək fikrim yoxdur, ancaq “dizi üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdır”-deyimi ilə tam razıyam. Ancaq burada bir balaca “amma” var: dizi üstə düşmək olar, həm də bu lazımdır-axı biz hər gün bu vəziyyətdə Allaha ibadət etməliyik.

Bu gün Yer kürəsinin müxtəlif nöqtələrində fəlakətlər baş verir. Maddi nemətlərin və ehtiyatların kifayət qədər çox olduğu yerlərdə, əhalinin həyat səviyyəsinin yaxşı olduğu şəraitdə dağıntıların nəticələri nisbətən tez aradan qaldırılır və o tez unudulur. Əgər fəlakət planetin kasıb rayonlarında baş verirsə onun nəticələrini aradan qaldırmaq və həyat üçün adi şəraiti bərpa etmək çox ləng gedir. Lakin bunun bir müsbət xüsusiyyəti var: bu fəlakəti yaşamayanlar, bu cür bədbəxtçiliklə üzləşməyənlər belə insanın başına gələn bəlaları müşahidə edəndə onda müəyyən hisslər oyanır, həmin xalqların əzablarını duyur, onlarla həmrəy olurlar. Xeyriyyə təşkilatları işləyir, fəlakətdən əziyyət çəkənlərə kömək üçün müxtəlif aksiyalar keçirilir və burada kütləvi informasiya vasitələri xüsusi rol oynayırlar. Bilirəm burada “xeyirxah” insanlar haqqında pis fikir söyləməyin yeri yoxdur, axı kömək həmişə lazımdır. Ancaq düşünürəm ki, aktual olan bir sual vermək lazımdır: görəsən həmişə bu sahədə humanitar yardım və beynəlxalq əməkdaşlığın arxasında alturizm, alicənablıq və mərhəmət dayanır? Bəlkə bu xeyriyyə təşkilatları siyasi, iqtisadi, ictimai və əxlaqi korrupsiyanın xoşagəlməyən faktlarını gizləmək üçün gözümüzə kül üfürürlər? Bəlkə bu cür aksiyalar yaxşı düşünülmüş örtükdür, pərdədir?

Etiraf edək ki, bizim Yer kürəsi qoca və xəstədir. Onun xəstəliklərinin əlamətləri açıq görünür. Bizim təbii fəlakət kimi qəbul etdiklərimiz-planeti silkələyən inilti, fəryad və qıc olmadır. Bütün bunlara insanların Yerə əlavə etdikləri ziyanı da əlavə etmək olar-kimlərsə öz yüngül düşüncələrindən və ya nəticəni görə bilmədiklərindən, kimlərsə şəxsi ambisiyalarından başa düşə bilmirlər ki, canlı Təbiətə qarşı bu dərəcədə qəddar münasibətdə dayanmaq düzgün deyildir, onlar cəzalanacaqlarını düşünmədən, təbiətdən öz mənafeləri naminə olduqca kobudcasına istifadə etmişlər. Qarabağdan, işğal olunmuş rayonlardan köçüb gedən ermənilərin törətdikləri vəhşiliklər dünyanın gözü qarşısında baş verir, dünya bu vandalizmə susur. Yer kürəsində elə yerlər var ki, başqa yerlərə nisbətən daha çox təbii fəlakətlərə məruz qalmışdır. Bu əsasən balaca məkan daxilində əhalinin sıx olduğu rayonlardır. Böyük şəhərlər istisna olmaqla əhalinin sıx məskunlaşdığı bu rayonlar bir çox problemlərlə qarşılaşır-burada iqtisadi vasitələr və ehtiyatlar çatışmır. Bu şəraitdə istənilən fəlakət böyük miqyas alır və dəhşətli nəticələr yaradır. Yerin özünün “zəif nöqtəsi” var: boyun, bərzəx , materikin aşağı hissəsi, dənizin tədricən vurduğu sahə, daimi fəaliyyətdə olan vulkanlar, Yer qabığının quruluşu və ondan əmələ gələn dəyişikliklər olan tektonik dağıntılar, ozon deşiyi, leysan yağışlar yağan zona və nəzarət olunmayan quraqlıq zonalar, iqlimin, soyuğun və istinin kəskin dəyişdiyi yerlər, təbii fenomenlər olan sahələr-burada hər şey qəflətən başlayır və öz qarşısına çıxan hər şeyi süpürüb aparır. Insanın bədənində də bu cür zəif nöqtələr olur, bu nöqtələr xəstəliklərə qarşı daha həssas olur, bu nöqtələrdə xəstəliklər daha kəskin şəkildə təzahür edir.

Bəşəriyyət də Yer kürəsi kimi əzab çəkir. O da qocalmışdır, öz üzərinə düşən çoxsaylı bədbəxtliklərdən və peşmançılıqdan yorul­muş­dur. O, artıq heç nəyə inanmır, onun böyük Arzuları və İdealı ar­tıq yoxdur. Həmişə qəbul olunan qaydalardan istisna hallar olur, lakin ümumi mənzərə ürək açan deyildir. Hal-hazırda dünyada çoxlu sayda mənasız zorakılıq baş verir, əvvəl-axır o insanın özünə qar­şı və hətta Təbiətə qarşi çevriləcəkdir. Bax həmin vaxt heç kəs buna təəccüblənməməlidir. Prezident demişkən, “əgər biz dəyişməsək, iki “qoca”-Yer və bəşə­riyyət arasındakı dialoq mümkün olmayacaqdır, buna görə də dünya­gö­rüşümüzü, həyat tərzimizi mütləq dəyişdirməliyik”. Bəşə­riyyət im­kan verməməlidir ki, onun yaşı “qocalıq” xəstəlikləri və əzabları üçün bəhanə olsun. Əksinə, ondan faydalı təcrübə qazanmağı öyrən­mək və onda yeni həyat gücünü tapmaq lazımdır.

Sakit gedən at arabasından sürətli maşına minmək və ya elek­trik ülgücü ilə üzümüzü qırxmaq adamı ucaltmır. Onu yalanı, uydur­manı rədd edən həqiqətlərin şüuruna nə qədər çox daxil olması ucal­dır. Bu gün biz hələ də orta əsrlərdən qalma mövhumatın və həyat tər­zinin, düşüncələrin qalıqlarından azad ola bilməmişik. Insanların müx­təlif dinlərə sitayiş etmələri nəticəsində yenə də fanatizm təzahür edir və qan tökülür, hər şey qarışır və xaos vəziyyəti yaranır. Ba­laca ölkələr iri dövlətlərin yeni silahlarının sınaqdan keçirilmə mey­danına çevrilmişdir. Dünyanın aclıq­dan əziyyət çəkən xalqlarına yardım adı ilə dilənçi payı toplanır, bu vaxt həmin “xeyriyyəçilərin” banklarda milyardlarla dollarları yatır, on­ların evləri zənginlik içərisində boğulur. Gənclər gündən-günə qəlb­ləri və şüuru qurudan narkotik qəbul etməklə özlərini ölümə məhkum etmişlər. Dünyanın sonu haqqında danışan yalançı peyğəmbərlər isə bi­zim qeyri-rahat dünyamızda dəbdə olan öz deyimlərini satmaqla qazan­dıqları pulları öz günahlarını yumaq üçün və bizim üçün yarat­dıqları narahatlığa görə bəşəriyyətin daha çox ehtiyac duyduğu işlərə xərcləməlidirlər. Onları faydalı işlərlə məşğul olmağa vadar etmək lazım­dır ki, reallığı daha yaxşı dərk edə bilsinlər, özlərinin cəmiyyət üçün faydalı olmalarından zövq alsınlar. İnanıram ki, faydalı zəhmət bir çox həqiqətləri anlamaqda, qəlblərini təmizləməkdə onlara kö­mək edəcəkdir. Qorxu mənəvi inkişafın əsas düşmənidir . Yalnız on­dan azad olmaqla biz irəliyə doğru əminliklə gedə bilərik, daha yük­səklərə qalxa bilərik. Bizim hər birimiz Prezidentimizin bəyan etdiyi yeni, daha yaxşı dünya yarat­mağa öz töhvəmizi verməliyik. Əgər qorxunu, yalanı, eqoizmi, nif­rəti, riyakarlığı, fantaziyanı aradan qaldıra bilsək bizi xoşbəxt gələcək gözləyir.

Sabahımızın necə olması, bəşəriyyətin sonrakı taleyi hər bi­ri­miz­dən aslıdır, hər birimizin gözəl sabahmız üçün görəcəyimiz işlər bü­tövlükdə insanlığa xidmət etməlidir. Insan öz sabahkı günü ilə ya­şa­yır: əvvəlcə böyük arzular qurur, onu həyata keçirməyə çalışır. Mü­əy­yən vaxt keçdikdən sonra öz arzularının böyüklüyü qarşısında təs­lim olan insan gücsüzlüyünü etiraf etmək istəmir, müxtəlif bə­ha­nə­lər gətirir və həyatını övladlarının xoş anlarla yaşatmasına həsr edir. Bir az da keçir: övladları tərəfində biganəlik duyan bu insan hə­lə dünyanı yaxşı dərk etməyən nəvələrinin arzuları ilə yaşamağa baş­la­yırlar. “Dövlətdə dəvə, övladda nəvə” deyən baba-nənələrimiz baş tutmayan arzularını nəvələri ilə keçirdiyi günlər hesabına saf-çü­rük edirlər: harada səhv buraxılıb, harada qətiyyətsizlik göstərilib, hə­yatlarının mənalı olmayan dəqiqələri üçün günahkar kimdir?-bu sual­larla qalan saatlarını yaşayan insanlar üçün həyat mənasızlaşır. Bax beləcə qorxa-qor­xa, özümüzdən, təbiətdən, arzularımızdan, doğma­la­rımızdan, yad­lardan, təbiətdən xeyli uzaq düşmüşük, öz sirli dünyamızı dərk edə bilmirik, Ulu Tanrı ilə bizim aramızda elçilik etmək kimi şərəfli ömür sürənlərlə əlaqə yarada bilmirik. Bax beləcə, həyatımız mənasız və sürətlə ötüb keçir və dünyanın yox, bizim həyatın sonu yaxınlaşır. Ulu Tanrıya nə qədər yaxın olsaq, qəlbən ona tam bağlansaq bizim üçün Təbiətin sirli qapıları açılacaq, beşikdən katafalkaya qədər mü­əm­malı olan həyatımız yeni məna kəsb edəcək, bəsirətli insanlar biz­lərə daha çox kömək edə biləcəklər. Müdriklər müdriyi, ən böyük Filo­sof, hər şeyə qadir olan Ulu Tanrının nəvazişini qazanmaq, onu da­ha mükəmməl dərk etmək üçün onun yaratdığı Fəlsəfəni öy­rən­mək olduqca vacibdir. Bu fəlsəfəni mənimsəyə bilsəniz həyatınız də­yi­şəcək,ömrünüzün hər dəqiqəsi sizlər üçün sevincli keçəcəkdir. Mən insan­ların bu fəlsəfəyə qayıdışına inanıram. Bu lap tezliklə olacaqdır... deyəsən artıq qayıdışla bağlı arzularımız Prezident İlham Əliyevin müdrik siyasəti ilə baş tutur-çalışın möhtəşəm Fəlsəfənin bəzi məqamları ilə yaxından tanış olun və inanıram ki, bu vaxt həyatınızın ən gözəl anları olacaqdır.

Təbiətə qayıtmaq - təbii yaşamaq, sadəcə olaraq təbii yaşamağa cəhd etmə deməkdir. Əgər şəkil çəkmək istəyirsinizsə ürəyiniz istəyəni çəkin, ürəyinizin səsinə qulaq asıb bu işi görün, kimlərəsə xoş gəlmək xatirinə bunları etməyin, qoy daxilinizdə olanlar üzə çıxsın, ətrafda gördüklərinizə üstünlük verməyin. Əgər siz siyasət haqqında nə isə demək istəyirsinizsə, başqalarından eşitdiklərinizi təkrarlamaqla özünüzü məhdudlaşdırmayın, “siyasət” sözünün mənasını dərk etməyə çalışın, siyasətçinin nə üçün maaş aldığını başa düşün, axı siyasətçi boş danışdığına görə yox, xalqa xidmət etdiyinə görə qiymətləndirilməlidir. Cəmiyyətin düşdüyü böhranla bağlı danışmaq istəyənlərə, səsini çıxaranlara mane olmaq kimlərəsə sərfəlidir.İnsanı mənəvi cəhətdən zənginləşdirməkdənsə onu robot kimi çalışqan qüvvəyə çevirməyə cəhd edənlər çoxdur-lazımsız sınaqlar keçirilir, əhəmiyyəti olmayan diskussiyalara yer verilir. Televiziyada demək olar ki, hər gün Avropa Şurasını, onun iclaslarını möhtəşəm bir hadisə kimi göstərirlər, orada müzakirə olunan məsələlərdən ağızdolusu danışılır. Müxtəlif ölkələrdən əhalinin zəhməti bahasına qazanılan pullar hesabına bura yığışanlar, günlərlə danışanlar, keçirdikləri görüşlərdən sonra təmtəraqlı qərarlar çıxaranlar bütün bu söhbətlərinin mənasız olduğunu, onun heç bir təsir mexanizminin olmadığını anlamaqda acizdirlər. Kimləri və niyə aldadırıq? Bu şoulara birdəfəlik son qoymaq, yalançı oyunlardan əl çəkmək, sözümüzün kəsərini artırmaq lazımdır, bir sözlə, özümüzə hörmət etməyi öyrənməliyik. Axı bizi nəzakətli olmağa çağıran müdriklər öz yaratdıqlarının bu qədər təhrif olunacağını heç ağıllarına belə gətirməzdilər. Bizim bu günümüz üçün hər cür təhqirlərə dözən, təqiblərə məruz qalan, ancaq bu gün naminə bütün bunlara müqavimət göstərən müdriklərimizin ruhu qarşısındı öz məsuliyyətimizi başa düşə bilməyimizə mane olmaq istəyənlərə cavab vermək doğurdanmı belə çətindir.

Həyat mücərrəddir,amma bu o demək deyildir ki, biz öz küncümüzə çəkilib həyatda baş verənləri sadəcə olaraq müşahidə etməliyik. Prezident İlham Əliyevin təklif etdiyi yeni həyat qəmginlik və köməksizlik durumu deyil, o, müşahidəçiliyi xoşlamır. İnsan olmaq güclü həyat mövqeyi olmaq, şeylərin məğzini başa düşmək, öz qorxusuna qalib gəlmək, öz daxilindəki ölümü üstələmək, özünün daxilindəki məğzi anlamaq deməkdir. Təəsüf ki, biz özümüzü yaxşı tanımırıq. Bəzən deyirlər ki, insan öləndən sonra görünməzliyə gedir. Lakin insan özü həmişə görünməzdir, o, həmişə öz işlərinin içindədir, öz bədəninin daxilindədir, öz əməllərinin arxasında olur. İnsan böyük sual, böyük müəmmadır. Onun cavabı isə bizim yaşadığımız Kainatdadır, o tarixin divarlarında, bizi əhatə edən Kainatın divarlarındadır. Biz sadəcə olaraq bu yazıları oxumağı öyrənməliyik. Bu olduqca təbiidir, insan üçün xarakterikdir, heç bir inama, əqidəyə zidd deyildir. Bu sadəcə olaraq yenidən təbiətə qayıtmaq deməkdir. Prezident İlham Əliyevə bildirir ki, bizim gələcək nəslə miras qoyduqlarımız təmiz olmalıdır: biz onlara təmiz fikirlər, yüksək anlayışlar, təmiz vicdan, təmiz inam miras qoymalıyıq. Biz onları mütləq dəyərlərə qaytarmalıyıq. Bizim dərk etmək bacarığımız var, lakin biz mühüm olanları dərk etməkdə onlardan istifadə etmirik. Müəyyən vaxtdan-vaxta işlənən avtomobil heç kimin xoşuna gəlmir. Bununla belə biz bəzən yaxşı, bəzən isə pis ideyalar qəbul edirik. Bəzən biz prinsipləri qəbul edirik, vicdanı, şərəfi xatırlayırıq, bəzən isə, yox. Burada biz fiziki sahələrdə istifadə etdiyimiz sağlam fikirləri əldə etməliyik. Mənəvi sahədə biz yenidən özümüzə, bizi əhatə edən dünyaya mütləq dəyərlər üçün müraciət etməliyik - bu dəyərləri başa düşmək və qəbul etmək asandır, onunla yaşamaq da asandır, bu dəyərlər Kainatı dərk etməkdə bizlərə əvəzsiz kömək edəcəkdir. Əgər biz özümüzü dərk etsək, birlikdə müharibələrin, zorakılığın olmadığı ədalətli cəmiyyət qura bilərik. Prezident dəfələrlə yüksək tribunalarda bəyan etmişdir ki, bəşəriyyəti bütün bəlalardan ağıllı formulalar və nəzəriyyələr, ehtimal olunan gələcəklə bağlı modellər xilas etməyəcəkdir. İnsanlar yalnız öz gücləri, birgə səyləri və real işləri ilə bu çətinlikləri dəf edə və irəliyə gedə bilərlər. Biz divarlara şüarlar yapışdırmaqla dünyanı xilas edə bilməyəcəyik. Əvvəlcə biz özümüz yaxşı olmağa çalışmalıyıq, sonra öz nümunəmizlə qohumlarımızın, dostlarımızın, iş yoldaşlarımızın, tələbə dostlarımızın yaxşı olmasına nail olmalıyıq, yəni yenidən öz “Mən”imizlə görüşərək böyük kəşflər etməliyik, insanın daxili, mənəvi gücünü üzə çıxarmalıyıq, axı bu olmadan həyatda nəyə isə nail olmaq mümkün deyildir. Bu gücü buxovlamaq qeyri -mümkündür-insanın əlini və ayağını bağlamaq olar, ancaq onun qəlbini, ruhunu buxovlamaq olmaz. Qəlb, ruh istənilən zirzəmidən, istənilən zəncirdən, məhdudluqdan, xəstəlikdən üstündür, o, yaşdan və məsafədən asılı deyildir. Biz təbiətlə yenidən harmoniyada yaşamaq üçün daxili gücümüzü inkişaf etdirməliyik, axı biz mütləq yenidən təbiətə qayıtmalıyıq, ancaq bunu hər hansı ekoloji təşkilatların bu gün həyata keçirdiyi tədbirlər hesabına-turist gəzintilərini ləğv etməklə, müəyyən qadağalar qoymaqla etməməliyik. Bu təbiətə qayıdış deyil, bu daş dövrünə qayıdışdır.

Yaşanan 44 günlük Vətən müharibəsindən sonra bizim özümüzü dərk etməyimizə daha çox ehtiyac duyuruq. Bizi əhatə edən dünya bizi əzən, bizə təzyiq edən, ağlımızı başımızdan alan dünyadır. Nə siz, nə də mən necə istəsək geyinə bilmirik, istədiyimizi yeməkdə çətinlik çəkirik, istədiyimiz vaxt səyahət edə bilmirik. Əksinə, biz ətraf mühitin diktəsi ilə geyinirik, yeyirik, səyahət edirik, bizi kütləşdirən təbliğat bizim üzərimizdə ağır bir yük kimi dayanır. Biz ən çox hay-küyə səbəb olan kitabları oxuyuruq, gözəl şəkillərlə reklam olunan kinolara baxmağa gedirik, kimsə bunları bizə məsləhət görür: “Mütləq oxu, mütləq bu filmə bax”, - deyir. Bizi beləcə idarə edirlər və bizim fərdiliyimiz bu nəhəng mamontun-müasir cəmiyyətin ayaqları altında tapdalanır. Cəmiyyət maşın kimidir. Sentyabrın 27-nə qədər cəmiyyət vəhşi heyvan kimi hər gün bizlərə hücum edirdi və nəticədə praktiki olaraq bizim heç bir fərdi ideyamız qalmırdı-nə din, nə fəlsəfə, nə siyasət, nə də ictimai sahədə biz azad ola bilmirdik. Bu dünyanın hər bir küncündə adamlar az və ya çox dərəcədə əlaqəsizlikdən, ayrılıqdan əziyyət çəkir, öz üzərində hansısa təsiri hiss edirlər. Bir tərəfdə olanlar “Onlar təsir altındadır”-deyir, o biri tərəfdə olanlar isə “Biz yox, onlar təsir altındadır”,-deyə fikir söyləyirlər. Əslində biz hamımız təzyiq altındayıq. Biz nə vaxta qədər bir-birimizi günahlandırmağa, özümüzü təmizə çıxarmağa çalışacağıq? Məncə dayanmağımız, kimləri isə tənbeh etməkdənsə özümüzü dərk etməyə çalışmağımız daha düzgün yanaşmadır.

Bu gün həm özümüzü dərk etmək yolunu tutmağımız, həm də romalılar kimi “özümüzü ələ almağımız” olduqca vacib və çox gərəklidir. Belə ki, biz muzey eksponatları kimi, hərəkətsiz bir şey kimi özümüzü dərk etməməliyik, biz özümüzü dərk edib fəaliyyət göstərməliyik. Əgər maşını yerindən tərpənə bilmirsənsə onu sürmək eşqinə düşmək lazım deyildir, əgər televizoru müxtəlif kanallara kökləyə bilmirsənsə onu qurmağı bilməyin heç kimə lazım deyildir. Əgər praktiki olaraq fəaliyyət göstərə bilmirsənsə, özünü dərk etməyinin heç bir mənası yoxdur. Əgər bəşəriyyətin sabahı naminə, əgər özümüzün xoş sabahı üçün heç nə etməyəcəyiksə onda özümüzü dərk etməyin mənası olmur. İnsanların özlərini dərk etməsinə çalışmaq lazımdır. Bu gün təhsili Qərb normalarına uyğunlaşdırmaq dövrün əsas tələbidir. Qərb Sovet təhsil sisteminin gücünü yaxşı bilirdi, Sovet alimlərinin ixtiraları ilə tanış idi. Bu təhsil hesabına cəmiyyətdə savadsızlıq aradan qalxmış, hər bir Sovet vətəndaşı öz savadı, biliyi ilə istənilən Qərb alimi ilə sərbəst elmi söhbət etməyə, hətta onu mat vəziyyətdə qoymağa qadir olan səviyyəyə yüksələ bilmişdir. Hərtərəfli biliyə malik olan bu xalqları bəsitləşdirmək, robotlaşdırmaq lazım idi-Baloniya təhsil sisteminin tətbiq edilməsi ilə Qərb istədiyinə nail olmağa başladı. Bu gün bizim gənclər də istehlak cəmiyyətinin vətəndaşı olur, müəyyən ixtisasları öyrənməklə əmri icra edən, etdiyi haqqında düşünməyi bacarmayan icraedici robota çevrilirlər. İndi bizim gənclər də düşünməyi, öz mənəvi dünyasının qayğısına qalmağı Qərbdən olan yaşıdları kimi bacarmırlar, onlar da dayaz düşüncəli robotdurlar. İlk olaraq bu duruma etiraz edən, qloballaşma adı altında yürüdülən siyasətin bəlalarını ifşa edən, multikultural dəyərlərə arxa çevirən Avropanı qınayan, super dövlətlərin ikili standartlarını pisləyən, dini ayrıseçkiliyin yolverilməzliyini bəyan edən yeni dünyanın fəlsəfəsinin müəllifi, onun memarı Azərbaycan Prezidenti İlham Əliyev oldu.

Cəmiyyətin inkişafının indiki durumu, insanlar arasında münasibətin kəskinləşməsi, təbiət və cəmiyyətin qarşılıqlı harmoniyasının insanların günahı nəticəsində pozulması E.və J.Qonkur qardaşlarının söylədikləri fikir ətrafında bizi dərindən düşünməyə vadar edir: “Deyirlər ki, Bertelo qabaqcadan demişdir ki, guya elmi inkişaf yüz ildən sonra atomun nə olduğunu aydınlaşdıracaq və insan öz arzusu ilə Günəş işığını məhdudlaşdıra, onu söndürə və yenidən yandıra biləcəkdir. Kloz Bernar öz tərəfindən bəyan etdi ki, fiziologiyanın öyrənilməsi yüz ildən sonra ona gətirəcək ki, insan həyatını idarə etmək və insan yaratmaq mümkün olacaqdır. Biz bunlara etiraz etmədik, ancaq belə düşünürük ki, dünya bunlara gəlib çatanda qoca, ağsaqqalı Allah əlində açar bağlamaları Yer kürəsinə enəcək və bəşəriyyətə deyəcəkdir: “Cənablar, bağlanırıq!”.

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“İctimai fənlər” kafedrasının dosenti

Bütün xəbərlər Facebook səhifəmizdə