Qəhrəman Analar diyarıdır AZƏRBAYCAN! – Cavid İSMAYIL yazır

Tarixin hansı səhifəsinə nəzər salsaq, Azərbaycan-Türk qadınınn cəsarətini, mərdliyini, şücaətini görmək mümkündür. Yazılarımın birində Azərbaycan qadınını belə qeyd etmişdim: Milli – mənəvi dəyərlərimizi qoruyub saxlayandır Azərbaycan qadını! – Qəhrəmandır Azərbaycan qadını! Yeri gələndə ailəsinin yanında, Vətən tələb edəndə səngərdədir Azərbaycan qadını! Vətənə oğul yetişdirib, qurban verib, düşmən gözünə dik baxandır Azərbaycan qadını! İstər tarlada, istərsə də yüksək kürsülərdə mərdliklə dayanandır Azərbaycan qadını! Müdrikdir, cəfakeşdir, zərifdir, gözəldir, mərddir, cəsarətlidir, ANAdır Azərbaycan qadını!

Bəli, bu ilin 27 sentyabr tarixində 30 il ərzində gözlədiyimiz o müqəddəs anın, şanlı tarixin yeni səhifəsinin yazılması, Müzəffər Ordumuz Ali Baş Komandanın əmri ilə Vətəni yağı düşməndən təmizləməyə başladı.

Mən bu yazımda əsgərlərimizin qəhrəmanlığından, ordumuzun rəşadətindən, Ali Baş Komandanın dünyaya dərs verəcək məğrur və igid duruşundan, xalqımızın bu müqəddəs zamanda bir dəmir yumruqda bütövləşməsindən deyil, Vətənə oğul yetişdirib, qurban verib, düşmən gözünə dik baxan qəhrəman ana və bacılarımızdan söhbət açacağam.

Müharibənin ilk günlərindən Vətənin mərd oğullarının müharibəyə getmək, Vətəni müdafiə etmək üçün, sözün əsl mənasında, mübarizə apardıqları göz önündə.

Təbii ki, Vətən torpağının hər qarşışı azad olduqca sevincimizin həddi-hüdudu olmurdu. Bu da təbii idi. Vətən torpğının hər qarışı həmin mərd, igid, qorxmaz qəhrəmanlarımızın qanı bahasına azad olurdu.

Beləliklə ilk şəhidlərimizi qarşılamağa başladıq. Təbii ki, üzümüzün bir yarısı sevinir, digər yarısı isə kədərlənirdi. Çünki canımızdan can gedirdi. Təsəllimiz isə, hər can itirdikcə Vətənin yarasına məlhəm olması idi. Maraqlıdır, Vətən yarası Vətən oğlunun qanı ilə məlhəm tapırmış.

Şəhid qəhrəmanlarımızın cənazəsini insan selinin başı üstünə alması, əllərində Azərbaycan və canımız Türkiyəmizin bayraqları ilə “Şəhidlər ölməz, Vətən bölünməz”, ”Vətən, canımız sənə fəda” və s. bu kimi şüarlar səsləndirərək axın etməsi də başqa bir qürurverici epizoddur.

Hələ uşaq vaxtlarımdan ata nənəmin qəhrəmanlığı və cəsarəti haqqında çox eşitmişdim. Rəhmətlik böyük bibim Humay, (tayfada hamı ona bacı deyərdi) nənəsinin ermənilərə qarşı oğulları və kürəkəni (babamla) ilə çiyin-çiyinə döyüşlərindən danışırdı. Ermənilərlə döyüşlərin birində Zinyət nənəmizin oğlunun birini ermənilər qətlə yetirir. Böyük nənəmiz Zinyət xatun oğlunun meyidini atın üstünə qoyur və kəndə qayıdaraq dəfn etdikdən dərhal sonra deyir ”… indi yas tutmağın vaxtı deyil..”, silahını və ərzaq götürür, irəli, övladlarının yanına qayıdır.

Bəli, tariximizdə analarımızın belə qəhrəmanlıqları saysızdır.

Elə Qarabağ uğrunda Vətən savaşında da ana və bacılarımızın tarixi kökə bağlılığının, milli kimlikdən doğan qəhrəmanlıq nümunələrinin bir daha şahidi olduq.

Sosial şəbəkədə şəhid olan oğulun yoluna anasının diz qoyub nəşinin gətirildiyi yolu öpərək oğluna-qəhrəman şəhidimizə “…Oğul, sənə verdiyim südüm halal olsun, oğul, Vətənimiz uğrunda qurban getdin, sənə halal olsun…” sözlərini dinləmək belə cəsarət istər.

Digər bir epizodda Yardımlı rayonu Əsədabad kəndindən olan qəhrəman Səkinə anamız şəhid olmuş oğlu Cavidin bayrağa bükülü tabutunun önünə keçərək başının üstündə son mənzilə apararkən o məğrur duruşuğu ilə düşmənə bir dərs verdi.

Şərur rayonu Çomaxtur kəndindən Murovdağ – Kəlbəcər istiqamətində Silahlı qüvvələrimizin Xüsusi təyinatlısı qəhrəman şəhid leytenant Aqil İsmayılovun anası Məhbubə xatunun oğlunun nəşini qarşılarkən: “…oğlum namusu tapdalanmış qız-gəlinimizin, yandırılmış uşaqların qisasını alaraq, Vətən uğrunda şəhid olub, qürurluyam” deməsi, bir daha göstərdi ki, belə anaların olduğu bir məmləkət düşmən tapdağı altında qala bilməz.

Eyni ilə Masallıdan olan qəhrəman şəhidimiz Niyaməddin Sultanzadəni son mənzilə yola salarkən qəhrəman anamızın oğlunun tabutunu başının üstünə qaldıraraq “…başımı uca etdin, yerin cənnət olsun, oğul!” deməsi əsl mərd, cəsur Azərbaycan anasının qəhrəmanlıq nümunəsidir.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını taxan Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu Gəncədən olan şəhidimiz Röyal Cəfərovun həyat yoldaşı Firuzə xatun da igidin tabutunu çiyinlərinə alaraq, “son borcumu yerinə yetirməliyəm” deyərək əsl cəsarətlik nümunəsi göstərdi.

Yevlaxdan qəhrəman şəhidimiz olan Yusif Yusifbəylinin cəsur anası cənazəni son mənzilə yola salarkən,”…mən ağlamaram, ağlamayacam da…, …dinim, vətənim, müqəddəs amal uğrunda fəda oldu, halal olsun…” sözləri bir daha Azərbaycan anasının müqəddəsliyini gözlər önünə çəkir.

Naxçıvan şəhərindən olan qəhrəman şəhidimiz Raqib Hüseynovun qəhrəman anası Rəna xanım: “Balamın nişanı da, toyu da bayrağıdır…” “ Mən fəxr edirəm ki, belə igid oğul böyütmüşəm”, “Mənim balam torpaq uğrunda şəhid olub, bu heç bir anaya qismət olmur, mənə qismət olub, şükür Allaha” deməsi, Türk xatununun oğul böyüdüb “Vətən var olsun” deyə qurban verərək Allahına şükür etməsi fəxarətdir. Cənnətin belə anaların ayaqlarının altında olması gərək!

Digər bir qəhrəmanlıq nümunəsi, Şərurun Ələkli kəndindən olan qəhrəman şəhidimiz Adil İbrahimli dəfn edilərkən onun xüsusi təyinatlı geyimini əyninə geyinmiş həyat yoldaşı Nargül xatunun ərinin tabutunu məğrur və cəsarətlə çiyinlərində daşıması oldu. Onu da qeyd edim ki, bu məğrur igid bacımız az öncə qəhrəman şəhidimiz olan qardaşı Elton Qənbərlini də Şərur şəhər Şəhidlər Xiyabanında torpağa tapşırmışdı.

Belə misallar saysız-hesabsızdır. Adlarını çəkə bilmədiyim analardan üzr istəyirəm. Hər bir şəhid anası, qazi anası müqəddəsdir və başımızın tacıdır. Görünür, elə peyğəmbərimiz belə qəhrəman anaların timsalında “Cənnət anaların ayaqları altındadır” deyib.

Cəsur Azərbaycan qadınlarının qəhrəmanlığını bir daha bütün dünya gördü. Eyni zamanda yağı düşmən bir daha gördu ki, öğul böyüdüb, Vətənə qurban verib Allahına şükür edən Qəhrəman Analar diyarıdır AZƏRBAYCAN!

Torpağına göz qoyanın gözünü oyar Azərbaycan oğulları! Çünki onları qəhrəman ANAlar doğub!

Bütün xəbərlər Facebook səhifəmizdə