Aİİ-də Birdəfəlik dissertasiya şurası yaradılıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Birdəfəlik dissertasiya şurası yaradılıb. SİA-nın verdiyi məlumata görə, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası iki ixtisas üzrə fəaliyyət göstəriləcək: “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi”.

Şuranın yaradılması Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş müvafiq əmrinə əsasən həyata keçirilib.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq yaradılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli 3654 nömrəli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-yə bakalavriat səviyyəsi üzrə “Dinşünaslq” və “İslamşünaslıq”, magistratura səvviyəsi üzrə “Dinin psixologiyası”, “Dinin sosiologiyası”, “Dinlərin tarixi”, “İslamşünaslıq”, doktorantura və dissertantura səviyyələri üzrə isə “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə qəbul həyata keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə