Dövrün tələbi Partiyamızın yaranmasını zəruri edirdi - MÖVQE ÖZƏL

"Bu gün doğma partiyamızın yaranmasından 28 il ötür. Tariximizin ən çətin dövründə elə tarixi zərurətin məhsulu kimi Azərbaycanın görkəmli ziyalılarının ümumilli lider Heydər Əliyevin ətrafında birləşməsi ilə 1992-ci ilin bu günü Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Əli Babazadə deyib.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində ölkədə bütün sahələrdə böhranların olması hamıya çox yaxşı məlumdur, çünkü, o qədər də uzaq tarixi dövr deyil: "Bir çoxları bunu qəbul edir, bir çoxları həmin dövrün siyasi hakimiyyətini qınamır və bunu dövlətin yeni müstəqillik qazanması ilə, siyasi şərait ilə əlaqələndirir. Mənə görə həmin dövrdə sosial-iqtisadi böhran pik səviyyədə olsa da, üç il Azadlıq meydanında bir yumruq kimi birləşib müstəqillik qazanan xalqı müstəqillik istəməyə peşman edən bir böhran var idi-hakimiyyət böhranı, siyasi böhran, başıpozuqluq.Dediyim tamamən həqiqətdir. Cəbhə-Müsavat hakimiyyəti Azərbaycan xalqını azadlıq istəməyə peşman etmişdi. Bu da həmin dayanıqsız hakimiyyətin ilk gündən ifrat millətçi ideologiya üzərində qurulan partiyalarının tarixi etnorəngarəngliyin mövcud olduğu Azərbaycanda siyasiləşmək istəyən xalqın tələbinə cavab verməməsi idi. Dinindən, millətindən asılı olmayaraq bütün vətəndaşlara "azadlıq" vəd edənlərin yaratdıqları siyasi partiyalar və onların rəhbərləri bütün vətəndaşları bir ideya ətrafında birləşdirmək iqtidarında olmasa da, hər cür qeyri-leqal yolla iqtidarda qalmağı düşünürdü. Bu isə praktiki olaraq mümkünsüz idi".

Ə.Babazadə vurğulayıb ki, Partiyamızın yaranmasını zərurətə çevirən də bu idi: "Yeni Azərbaycan Partiyasının xüsusiliyi bu partiyanın Azərbaycanda yaşayan hər bir kəsi vahid Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə səsləməsi idi. Hansı ki, partiyamız öz nizamnaməsi və proqramı əsasında Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti qurmaq,sabit və sosial yönümlü iqtisadiyyat formalaşdırmaq kimi mühüm vəzifəni öz üzərinə götürmüşdü və bunu bacardı. Partiyamız Azərbaycançılıq ətrafında xalqın milli birliyini formalaşdıra bildi! Bu gün partiyamızın ətrafında yetkin siyasi düşüncəyə, həqiqi əqidəyə, yüksək intellektə sahib minlərlə azərbaycanlı birləşib. Bu gün partiyamızın sədri bizə zəfər gətirən ordunun Ali Baş Komandanıdır, öz xalqının inamını qazanan lideridir, öz xalqının zəfər müjdəçisidir! Bütün əqidə yoldaşlarımızı bu gün münasibətilə təbrik edirəm, yalnız həqiqi əqidəyə sahib olmağı arzu edirəm! Yaşasın, Yeni azərbaycan Partiyası!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə