YAP-ın Laçın rayon təşkilatında videokonfrans keçirilib - FOTOLAR

YAP-ın Laçın rayon təşkilatında videokonfrans keçirilib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü ilə əlaqədar partiyanın Laçın rayon təşkilatında videokonfrans keçirilib. Videokonfransa YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və YAP Laçın rayon təşkilatının fəalları qoşulub.

Videokonfransı Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə konfrans iştirakçılarını təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Rayon təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşiblər. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə konfrans keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranıb.

Videokonfransda digər çıxış edənlər müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından eləcə də, partiyanın keçdiyi çətin və şərəfli yoldan danışıblar.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov videokonfransa yekun vuraraq bildirib ki, bizim hamımızın borcu Ulu Öndərimizin ideyalarına daim sadiq qalmaq, bu ölməz ideaları yaşatmaq və Ümummili Liderimizin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməklə ölkəmizin daha da qüdrətlənməsi naminə var qüvvəmizi əsirgəməməkdən ibarətdir.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə