Azad AĞDAM - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev - FOTOLAR

Azad AĞDAM - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev - FOTOLAR

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX–XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII–XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur.

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.

Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər.

Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22.02.1988 ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev.

Ağdam rayonu 20 noyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Sovet ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub.

Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 km2 , əhalisi 165 min nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.kl.m. (Güllücə-Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450–500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.

Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcəbədi rayonları ilə sərhəddində 120–130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin cəthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və 6–7 metrə, 10–15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır.

Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15–16 km. Qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə qədər uzanır. Bu yerlərdə mütləq yüksəklik 600–700 metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.

Bu gün Ağdam rayonu işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu 27 sentyabr tarixindən başladığı hücum əməliyyatlarını 8 noyabrda Qarabağın qüruru Şuşa şəhərini mənfur düşməndən azad etməklə işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. İmzalanmış üçtərəfli bəyannaməyə əsasən bu gün erməni qoşunları qansız-qadasız Ağdam rayonunu təhvil vermək zorunda qaldılar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Ağdam şəhəri tamamilə dağıdılıb, on minlərlə insanın yaşadığı Ağdam xəyalət şəhərinə çevrilib. Bunu fotolardan da görə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə