YAP Quba rayon təşkilatında partiyanın yaradılmasının 28-ci ildönümü qeyd olunub - FOTOLAR

YAP Quba rayon təşkilatında partiyanın yaradılmasının 28-ci ildönümü qeyd olunub - FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü ilə əlaqədar YAP Quba rayon təşkilatında videokonfrans keçirilib. Videokonfransa YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və YAP Quba rayon təşkilatının fəalları qoşulub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Videokonfransı Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq, Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə konfrans iştirakçılarını təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın Lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər: "1992-ci ilin noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı".

Çıxış edən millət vəkili Aydın Mirzəzadə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından eləcə də, partiyanın keçdiyi çətin və şərəfli yoldan danışdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, Quba RİH-də ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Y.Abidov videokonfransa yekun vuraraq bildirdi ki, bizim hamımızın borcu Ulu Öndərimizin ideyalarına daim sadiq qalmaq, bu ölməz ideaları yaşatmaq və Ümummili Liderimizin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə ölkəmizin daha da qüdrətlənməsi naminə var qüvvəmizi əsirgəməməkdən ibarətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə