Azərbaycan tarixinin ən şanlı qələbəsi
Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə təsis edilən peşə bayramı gününü 20 ildən sonra yüksək əhval-ruhiyyə ilə,qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq
Müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Tarixi irsin qorunması və ədliyyə sahəsində çalışan əməkdaşlarda mənəvi stimul yaradılması baxımından bu sərəncam olduqca mühüm əhəmiyyətə malikdir. Bu bayramı ədliyyə işçiləri hər il böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Ədliyyə orqanlarının keçdiyi şərəfli, eyni zamanda, çətin və fədakar yol çoxəsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşundan asılı olmayaraq bütün zamanlarda ədliyyə orqanlarının, xüsusən də məhkəmələrin qanunun aliliyinə və vəzifə səlahiyyətlərinin məsuliyyətli icrasına yönələn fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqil dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış Azərbaycan Ədliyyəsinin bayramı bu baxımdan yalnız ədliyyə işçiləri üçün deyil, hər bir vətəndaşımız üçün əlamətdardır. Belə ki, ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik–hüquqi cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün biz fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sisteminə malikdir.
Demokratik inkişaf yolunda möhtəşəm uğurlara nail olmuş Azərbaycanın təcrübəsi sübut edir ki, ictimai–siyasi həyatın bütün istiqamətləri üzrə hüquqi bazanın möhkəmləndirilməsi, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Ölkəmizdə siyasi və iqtisadi islahatların paralel aparılması, o cümlədən ədliyyə və məhkəmə–hüquq islahatlarının sosial–iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması sayəsində dünyanı belə heyran qoyan hərtərəfli, fenomenal sıçrayışa nail olunmuşdur. Bu əlamətdar gündə ənənəvi olaraq ədliyyə orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə bir daha nəzər salınır.
Ümummilli lider Heydər Əliyevin 1969–cu ildə respublikamıza rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminə zəruri diqqət göstərilmiş, Ədliyyə Nazirliyi yenidən bərpa edilmiş, onun vahid strukturu formalaşdırılmışdır.Ulu öndərimiz ədliyyənin inkişafı və mühüm dövlət orqanı kimi formalaşması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan ədliyyənin inkişafının əsaslı dönüş mərhələsi də ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilmiş, nazirlik milli dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir.
27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.
Müstəqillik illərində həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu köklü islahatlar sayəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi məqsədilə onlarca normativ sənədlər qəbul edildi. Ulu öndərimiz Heydər Əliyev müdrikcəsinə demişdi ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması güclü ədliyyə sisteminin formalaşdırılması ilə sıx şəkildə bağlıdır. Çünki yalnız möhkəm və güclü ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən əsası isə Qanunun aliliyi yüksək səviyyədə təmin olunur.
Həyata keçirilən məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur. Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş ― Məhkəmələr və hakimlər haqqında qanunlar bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə əks etdirən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil orqan kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır.
Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi göstəricisidir.
26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə orqanlarında xidmətə qəbul prosesi müsabiqə yolu ilə aparılmağa başlanmışdır. Sənədlərin qəbul edilməsi prosesinin optimallaşdırılması və imtahan prosesinin internet üzərindən canlı yayımlanması ədliyyə orqanlarında qulluğa qəbulun təkmilləşdirilməsinin təzahürüdür.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ–hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli proqramlar qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ı çərçivəsində təşkil edilən həmin tədbirlər cəmiyyətimizin gənc təbəqələri arasında Konstitusiya haqqında biliklərin inkişaf etdirilməsinə yönəlmişdir.
Məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fəaliyyəti nəticəsində məhkəmə sistemində infrastrukturun müasirləşdirilməsi və inkişafı sayəsində aparılan islhahatlar, hakimlərin sosial müdafiəsinin gücləndirilmıəsi habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələlər həmişə diqqət mərkəzində olmuş və uğurla həyata keçirilmişdir.
Hazırda ölkəmizdə yaradılmış müasir məhkəmə sistemi vətəndaşlar üçün məhkəməyə çatımlılığı təmin edir, bölgələrdə apellyasiya və ağır cinayət,inzibati və kommersiya məhkəmələri müvəffəqiyyətlə fəaliyyət göstərir. Hakim korpusu dünya standartlarına cavab verən şəffaf metodlar əsasında formalaşdırılmış, məhkəmələrin normal fəaliyyəti üçün maddi-texniki baza yaradılmışdır.
Bu sahədə qazanılmış uğurları məhz ulu öndərin məhkəmə hüquq sistemində islahatlara verdiyi önəmlə, dahi rəhbərin siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsi ilə bağlıdır.
Bu günlər biz ədliyyə işçiləri üçün ikiqat bayramdır.Böyük Vətən Müharibəsinin qalib kimi, həm də peşə bayramımızı qeyd edirik. 10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük sevinc hissi ilə qeyd edərdim ki, ,ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını 20 ildən sonra biz ədliyə işçiləri yüksək əhval-ruhiyyə ilə,qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayırıq.Bu hissləri,bu sevinci bizə yaşadan,nəsib edən Prezident,Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ali Baş Komandan başda olmaqla qəhrəman ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin siyasi-diplomatik müstəviyə daşıdı.Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşmüşlər.Görüşdə cənab İlham Əliyev demişdir:”Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik.Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir”.
Azərbaycan Ordusu və xalqımız düşmən üzərində həlledici qələbə qazandı.Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısında diz çökdü. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi qələbə Azərbaycanın qüdrətini bütün dünyaya sübut etdi. Dünya ölkələri bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və biz həqiqəti dünyaya çatdırmağa nail olduq. Azərbaycan Böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.
Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.
Bütün bunlar barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də geniş bəhs edilib. Dövlətimizin başçısı Ermənistanın məğlubiyyətinin etiraf etdiyi günün ölkəmiz üçün tarixi bir gün olduğunu, bununla da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu vurğulayıb: “Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.
Azərbaycan Prezidenti daha sonra xalqımızı sözügedən bəyanatın mətni ilə tanış edərək, sənəddə bu il noyabrın 10-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasnın elan olunduğunu, Azərbaycan və Ermənistan respublikalarının hazırda tutduqları mövqelərdə qalacaqlarının vurğulandığını bildirib.
Xatırladaq ki, haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə dekabrın 1-nə kimi Azərbaycanın işğal altında olan Kəlbəcər, Ağdam, və Laçın rayonlarından qoşunlarını çıxaracağı öhdəliyini götürdü. Beləliklə, baza prinsiplərinin hər iki mərhələsi yerinə yetirilir. Bu isə haqqın qələbəsi, ədalətin təntənəsidir.
Yeri gəlmişkən, bu proses çərçivəsində önəmli məqamlardan biri də Naxçıvanın blokadadan çıxarılması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvana dəhlizin açılmasını öz üzərinə götürür.Bütün bunlar, əlbəttə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı müharibənin– işğaldan azadetmə əməliyyatının məntiqi nəticəsidir.
Xüsusilə qeyd edilməlidir ki,qələbəmizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti oldu. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə həmişə bir-birinin yanında olublar.Bu fakt bir daha Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əyani göstəricisidir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
Xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsırmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Qərb torpaqlarına qovuşması, dünya Azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işgaldan azad olunması, ulu öndər Heydər Əliyevin "Azərbaycan üzükdür, Şuşa onun qaşı" sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.
"Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi söz həyatda həllini tapdı. Prezident İlham Əliyevin noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. "Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi" söyləyən dövlət başçımız İlham Əliyev diplomatik uğurları ilə sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
Bir məsələni də böyük fəxarətlə qeyd etmək istərdim ki,haqq uğrunda mübarizə apardığımız Böyük Vətən Müharibəsində ədliyyə və məhkəmə işçilərindən və onların ailə üzvlərindən də öz doğma torpaqlarını fədakarlıqla qoruyarkən şəhidlik zirvəsinə yüksələn və yaralanan vardır.Şəhid ailələrinin hamısına dərin hüznlə başsağlığı verir,yaralalarımıza tezliklə sağalmalarını arzulayırıq.Vətən sağ olsun deyirəm!
Bu gün ölkəmizdə ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür. Fürsətdən istifadə edərək bütün ədliyyə işçilərinin xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram!
Ələddin Cəfərov,
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin;
Azərbaycan Respublikası Məhkəmə
Hakimləri Assosiasiyaları İttifaqının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB