Ana, tərəzinin “VƏTƏN GÖZÜ” ağır gəlir

Ana, tərəzinin “VƏTƏN GÖZÜ” ağır gəlir

Aynur Səfərli,

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşı, polis leytenantı, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının doktorantı

“Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı,ailəniz uğrunda tər tökün.”(Atalar sözü)

Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütünvarlığımızlabuyurda, butorpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq. Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Vətəniyaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.

Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə, mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.

Hürnisə ana gözünün ağı-qarası olan bircə balasını vətənə əmanət edib cəbhəyə göndərəndə qollarını oğul kürəyində çarpazlayıb, iki damla gözyaşı süzdürmüşdü. Bu iki damla çətin sezilən ana narahatlığını üstələyən sevinc yaşlarıydı. Bu göz yaşına ananın demək istədiklərini tamamlayan nöqtə deyərdim mən.“Oğlum boya-başa çatıb, sağlamdır. Vətənə borcunu yerinə yetirməyə gedir...”. “Vətəni sev ay oğul, sevə-sevə qoru Vətəni” deyən anasının baxışlarına, “nigaran qalmayın, öyüd-nəsihətini unutmamışam, ay ana!" – deyə böyük qürurla hərbi xidmətə yola düşən oğul baxışları cavab verir. Bu dəfə isə oğlunun kürəyinə düşən növbəti iki damla göz yaşı şükranlıq yaşı olur: “Oğlum yaxşı əsgər olacaq!..”.

1997-ci ilin 12 iyun günündə Lənkəran şəhərinin Cil kəndində anadan olan əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olan igid oğullarımızdandır – bugünkü qələbəmizin təməlini atan oğullarımızdan.

Hürnüsə xanımla görüşmək üçün isti yay günlərininbirində Zabrata üz tutdum. Ünvanı çətinliklətapdım. Evində tək-tənha yaşayanHürnüsə xanım gətirməyən acı taleyindən danışdıqca insanın ürəyinə dağ çəkilirdi. İllər öncə ailəsinə sahiblik etməyən ər, ailəni-uşağı atıb, övladına atalıq etməmişdi.

Hürnisə Kərimova (şəhid anası): “Fərruxla ailə qurub Bakının Zabrat kəndinəki evlərinə gəlin gedən günsən ailəsi məni sevmədi, qəbul etmədi. Sonra da söz-söhbətdən boğaza yığılan Fərrux içkiyə qurşandı. 1997-ci ilin iyun ayının 12-də dünyaya gələn oğlumun sevinci də ailədə mehribanlıq yarada bilmədi. Dözdüm… Dözdüm ki, el –obadan ayıbdır, dözdüm ki, axırı yaxşı olar… Dözdüm ki, oğlumu atalı böyüdüm. Axırı isə görünmürdü. 2006-ci ilin bir günündə evdə yenə qırğın-qiyamət düşdü. Balamı da götürüb qaçdım ər evindən. Bir az qoltuqlarda yaşadım, sonra məhkəmə mənə və azyaşlı oğluma onlara məxsus evdə yaşamaq üçün qərar çıxardı və bizi boşadı. Oğlumu çox çətinliklə böyütdüm. Ev sahiblərinin mal-heyvan üçün alıb gətirdikləri quru çörəkdən hamı yatandan sonra gizlində götürüb suda isladıb səhərlər uşağa yedirdirdim. Beləcə 2008-ci ilə kimi həmin həyətdə yaşaya bildik. Fərrux yenə bir gün içib gəlmişdi məni döyməyə, dalaşmağa başladı, iş o yerə gəldi ki, bıçaq götürüb oğlunun başını kəsmək istədi. Harayıma gələn bacılarım məni Fərruxun əlindən alıb, birdəfəlik bu həyətdən çıxardılar. Əlizamanı 75 saylı məktəbin 9-cu sinfini başa vurandan sonra Maştağadakı aşpazlıq məktəbinə qoydum. 1 ay peşəsi üzrə işləyəndən sonra dedimki, bir az istirahət etsin əsgərlik vaxtı yaxınlaşır. Hərbi xidmətə getməzdən 3-4 gün əvvəl oğlumun boynunu qucaqladım ki, get atanla, nənə-babanla görüş, xeyir-dua al. Əlizaman da elə bil bu sözə bənd idi. 3 gün ərzində 4 dəfə doğulduğu, böyüdüyü həyətə getdi, ancaq gah üzünə qapı açmayıblar, gah da min bəhanə ilə uşağı həyətə buraxmayıblar. Xəstə olduqlarını deyiblər. Dedim onlar istəmədisə onda get atanın işlədiyi yerə “görüş, halallaş”…

Əlizaman gedir bu dəfə də atası gizlənir. Həmin günün səhəri – oktyabrın 20-də axşamüstü Dəmiryolu vağzalına aparıb əsgərliyə yola saldım. Əlizaman qatara minən kimi, keçib perronda qapının dalında gizləndi… Hamını atası yola salırdı, onu isə anası və xalaları… Bir də gördüm elə ağlayır ki..
Əsgər gedəndən sonra üç dəfə ona baş çəkdim. Ürəyindəbirnarahatlıqvaridi. Aidiyyatı dövlət orqanlarına məktub yazıb, oğlunun tək övlad olmasını nəzərə alıb, ön cəbhəyə göndərilməməsini xahiş etdim. Cavab gəlmişdi ki, “…oğlunuzun tək övlad olmasını nəzərə alaraq, arxa bölmələrdə xidmət etməsi üçün qanun çərçivəsində baxılacaq”.

Bu məktubu alandan sonra bir az arxayınlaşmışdım. Necə olsa da rəsmi məktub oğlunun xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən imzalanmışdı. Axırıncı dəfə balamın yanına 21 martda getdim. Bayramlıq hazırladım, sevdiyi yeməkləri bişirdim, yol tədarükümü tutub, səhər obaşdan gedib Əlizamana çatdırdım özümü. Əsgər dostları da süfrəyə gəldi. Sonra ana-bala oturub dərdləşdik. Ayrılanda “Ana özünü qoru, özündən muğayat ol” dedi, nədənsə özünü saxlaya bilməyib kövrəldi, ağladı. “Ana, səndən heç doymuram axı...”,- deyib qucaqladı məni.

Aprelin 2-si qarışıq yuxu gördüm. Oğlum məni imdada çağırırdı. Ağlayırdı. Hövlnak yuxudan oyandım…
Oğlumun xəbərini verəndə dünyam dağılsa da sınmadım Lənkəranda, özünün doğulduğu Cil kəndində dəfn etdirdim. Əlzamanı da eli-obası, Lənkəran şəhəri üçrəngli Azərbaycan bayraqları ilə əsl Vətən qəhrəmanı kimi qarşıladı. Tabutu çiyinlərdən yerə düşmədi”.

O gündən sonra, dünyası dağılmış Hürnisə ana özünə yer tapmır. Oğlunun ona əsgər papağı qalıb. Həmin papağın içərisində öz əlləri ilə “anama yadigar qalsın” sətri Əlizamanın anasına son məktubu olur.

İndi Hürnisə ana ruhsuz, cansız, səssiz-səmirsizyarıtikili evində oğlunun ruhu ilə yaşayır.ANA! Bu fotonu gördükdən sonra yazacağım sətirlərin hamısı mənasızdı. Təkcə bu foto yazılacaq minlərlə sətir, cümlə və səhifəyə kölgə salır. Ən böyük sözü bu foto deyir. “Anacan qarşınızda baş əyirəm” deməyə belə xəcalət çəkirəm. “Haqqınızı halal edin” deməyə belə üzüm gəlmir.

Bütün xəbərlər Facebook səhifəmizdə