Prezident İlham Əliyev: “Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”
Bu gün şanlı ordumuzun şücaəti qarşısında davam gətirə bilməyən ermənilər ənənəvi xüsusiyyətlərini nümayiş etdirməyə başlayıblar və açıq şəkildə riyakarlıq edirlər. Açıq–aydın Fransa kimi böyük bir dövlətin rəhbəri bir yığın erməni lobbisinin əlində oyuncağa çevrilməsi, yenidən bəyanatlarla çıxış etməsində məqsəd və Avropa dövləti olaraq belə bir duruma düşməsi təəccüb və təəssüf doğurur. Dünyaya az qala sivil qaydaların daşıyıcısı olduqlarını bəyan edən bir dövlətin rəhbərinin işğalçıya açıq dəstəyi başa düşülən deyil. Çünki bütün dünya birliyi, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın olduğunu qəbul edib. BMT Təhlükəsizlik Şurası bu ərazilərin işğalçı Ermənistan tərəfindən işğalını tanıyıb. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. Eyni zamanda Avropa Birliyinin, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı konkret mövqeyi, bəyanatı mövcuddur. Bu gün Azərbaycan BMT-nin qərarlarına uyğun, bütün bəşəri dəyərləri rəhbər tutaraq öz ərazi bütövlüyünü təmin edir. Ona görə də, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi belə bir yanlış mövqe ortaya qoyması qəbul edilməzdir.
Ancaq bu gün Ordumuz cəbhədə öz gücünü nümayiş etdirərək, ərazi bütövlüyümüzü təmin edir. Diplomatiya sahəsində də ciddi uğurlarımız təmin edilib. Artıq bütün dünya Azərbaycan ərazilərinin işğal faktını qəbul edib. Dövlətimizin apardığı hərbi əməliyyatların da məhz beynəlxalq birlik tərəfindən tanınan ərazimiz daxilində olduğunu qəbul edir.
Amma nədənsə, bu gün Avropa dəyərlərini özünün ali iradəsi kimi qəbul edən Fransa dövləti və onun rəhbərliyi Ermənistanın beynəlxalq qanunlara əməl etməyərək mülki əhaliyə qarşı artilleriya silahlarından atəş açmaqla işğalçı, təcavüzkar siyasətini görmür və ona havadarlıq bu faktları görməzdən gəlir. Çünki döyüş vaxtı mülki əhalinin düşünülmüş hədəf kimi seçilməsi müharibə cinayəti hesab olunur. Sözsüz ki, bu gün də Ermənistan üçün 27 ildir vasitəçilik missiyasına zidd davranışlarını davam etdirən və sentyabrın 27-də başlanan müharibə boyunca Fransa həmsədr missiyasına əməl etmədi, işğalçı ölkəni müdafiə etmək üçün əlindən gələni etdi və edir. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Hətta Ermənistan hakimiyyətinin media üzərindən yaydığı feyk informasiyaları dilə gətirəcək qədər qeyri-ciddi siyasət xətti tutdu. Onu da qeyd edək ki, Fransa XİN də ardıcıl şəkildə Ermənistanın işğalçılq siyasətini dəstəkləyən bəyanatlarının hər birində beynəlxalq hüquqa, eləcə də Fransanın həmsədr missiyasına zidd fikirlər yer alır. Həmçinin, onu da vurğulamaq lazımdır ki, erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Bu dəstəklə yanaşı, Fransa diplomatları müharibə dövründə Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparırdılar. Bu fəaliyyət indi də davam etdirilir.
Makronun noyabrın 16-da Rusiya prezidenti Vladimir Putinə zəng etməsi də Fransa hakimiyyətinin və diplomatiyasının bu istiqamətdə fəaliyyətini fəal şəkildə davam etdirdiyini aydın göstərir. Makron öz məqsədinə nail olmaq üçün ardıcıl şəkildə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri ilə əlaqə saxlayırdı. Fransa prezidenti bu zənglərini həmsədr dövlətinin rəhbəri qismində həyata keçirsə də, əsas məqsədinin işğalçı Ermənistanı müdafiə etmək olduğu məlumdur.
2020-ci il, noyabrın 10-u - Azərbaycan heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi.
Bəli, bu tarixi Qələbə günü Fransanın bu cəhdləri baş tutmadı. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Və bununla Fransanın da subyektiv olduğu beynəlxalq hüququ icra etdi. Belə bir sual yaranır: Fransa hakimiyyəti Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanımaqda məqsədi nədir?Məqsəd aydındır: Qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq; məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq.
Lakin bu cəhdlərin heç biri nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş "DQR"-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu. Bunun da eyni nəticəsi olacaq.
Köhnə stereotiplərin əsiri Fransa hakimiyyəti…
Bu gün baş verən proseslər onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Yaranmış yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədi güdən prosesin davam etdirilməsini istisna edir.
Prezident İlham Əliyev: “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında, verdiyi müsahibələrində, müraciətlərində bildirib ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik və status-kvon artıq cəhənnəm oldu: "Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!".
Noyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olarkın dövlət başçımız bir daha bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Türkiyə prezidentləri tərəfindən imzalanan üç tərəfli bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur: "Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, "müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq”.
Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir
Bəli, Birgə bəyanatda bildirilir ki, Paşinyan bəyanatı gizlincə imzalayıb. Bu bir daha göstərdi ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı. Azərbaycanda güclü “Prezident-Xalq-Ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Emmanuel Makron ikinci Ermənistan dövlətinin yaradılmasının tərəfdarıdır. Amma Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək: "Belə bir məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Fransa Prezidentinin hərbi əməliyyatlar başladığından bəri verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB