Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu

Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu

Dövlət başçısının Sərəncamı ilə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisinə dövlət büdcəsindən 50,0 (əlli) milyon manat ayrılıb

Bu gün Azərbaycanda yeni bir həyat başlayır. Azərbaycanın işğaldan azad olunan torpaqlarında yeni həyat canlanacaq. Ermənilərin xarabalığa çevirdiyi məkanlara yenidən nəfəs gələcək, hər yan abadlaşacaq, çiçəklənəcək. Bu məkanların infrastrukturu yenidən qurulacaq, müasirləşəcək, yeni yollar çəkiləcəkdir. Artıq işğaldan azad olunan məkanlarımıza dönüşün işartıları görünür. İşğaldan azad olunan torpaqlarımızda Azərbaycan bayrağı ucalır. Şuşa məscidində azan səsi eşidilir, işığı ətrafa yayılır. Çox keçmədi ki, Böyük qayıdışın qısa bir zamanında Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılıb.

"BU YOL BİZİ QARABAĞIN TACI OLAN ŞUŞA ŞƏHƏRİNƏ APARIR"

Artıq bu yolun inşasına start verilib. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olarkən dövlət başçısı Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və bu yolun inşasına start verilib. Cənab Prezident bu gün ölkəmizin həyatında çox əlamətdar bir günün, tarixi bir günün olduğunu vurğulayıb: "Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır".

İlham Əliyev: "Bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir"

Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə kənd yollarının yenidən qurulması və mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına, təbii ki, regionların iqtisadi potensialı da yüksəlir. "Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir".

"BU YOL İMKAN VERƏCƏK Kİ, ŞUŞAYA RAHAT GEDİB-GƏLƏ BİLƏK"

Təbii ki, 27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Erməni barbarlığının nəticəsi olaraq fərdi və çoxmənzilli yaşayış evləri dağıdılmışdır. "Bu gün artıq biz quruculuq işlərinə başlamışıq", deyən Cənab İlham Əliyev bildirib ki, qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir: "Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək".

Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə