"Kəlbəcərdən çıxmaq üçün verilmiş əlavə 10 gün meşələrin qırılıb qurtarmasına, qızılın daşınmasına səbəb olacağı barədə deyilənlər o qədər də ciddi qəbul edilməməlidir. Çünki, qızıl yerdən çantaya yığılmır. 3 qram qızılı əldə etmək üçün əvvəlcə bir ton torpaq (filiz) qazılmalı, daşınmalı, saysız hesabsız emal proseslərindən keçməlidir. Odur ki, qızıl məsələsini qoyduq bir kənara. Ağaclarımızı 10 gündə qırılıb qurtaracağı iddiasına gəldikdə isə bildirim ki, indi orda əsas kütlə öz “hamam avadanlıqları”nın daşınması ilə məşguldur. Videolarda gördüyümüz kadrlar mütləq hamılıq deyil. 5-10 şərəfsizin 10 gündə edə biləcəyi vandalizm minlərlə erməninin 28 ildə etdiyin vandalizmlə müqayisə də, dəryada bir damladır". Bu fikirləri SİA-ya açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal etdikdən sonra meşə sənayesi üzrə istehsalı düz 10 dəfə artdı. Bu 900 faizlik bir artım deməkdir. Bütün Ermənistan meşələrindən qırdıqlarından 10 dəfə artıq bizim meşələrə divan tutublar. Bir sözlə, nə olubsa indiyə qədər olub. Yaşı 1500-1600 il olan çinarlarımız kəsilib daşınıb: "Düşmən ölkənin Azərbaycana vurduğu zərər iqtisadi, hərbi və mədəni konteksdən çıxaraq, özünün ən vəhşi təzahürünü təbiət üzərində göstərdi. İndiyə qədər işğal olunmuş ərazilərdə Azərbaycanın fauna və florasına, ümumiyyətlə, təbiətinə vurulan zərər faciəvi oldu. Çünki problem təkcə ekoloji-maddi tərəflə bitmir, həm də böyük ekoloji-mənəvi zərər yaşanmışdır ki, bunu, bunu hesablamaq mümkün deyil.
İşğalda qalan 17 min kv.km. ərazilərimizdə zəngin mineral sularımız, 30 faizədək meşə fondu, 150-dən çox dövlət təbiət abidəsi, 14 min hektarlıq qiymətli meşə sahəsi, 5 ədəd geoloji obyekt, 160-dan çox faydalı qazıntı yatağımız 28 ildir ki, talan edilib. Bunun maddi tərəfini zaman-zaman bərpa edəcəyik. Amma zəngin meşələrimizin kütləvi şəkildə məhv edilməsinin fəsadlarını heç bir maddi dəyər qarşılığında bərpa etmək olmayacaq.
Faciə ondadır ki, dağılmış yolu bərpa etmək olur, evləri binaları da yenidən inşa etmək olacaq, amma 1000 illik, 1500 illik ağacları yetişdirmək mümkün deyil. Buna nə ömür yetməz, nə 3-5 əsr. Baxın, Orada elə qoruqlarımız vardır ki, içində 1500 il yaşı, 6 metr diametri olan nəhəng çinar ağacları qorunurdu. İndi onlardan əsər əlamət yoxdur. Halbuki, Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya var. Azərbaycan kimi Ermənistanda da bu konvesiyaya qoşulub və "Kartagen" protokolunu imzalayıblar. Amma onu kobud şəkildə pozaraq işğalda olan ərazilərimizdəki zəngin təbiət nümunələrinə divan tutan Ermənistana beynəlxalq qurumlar göz yumublar. İndi isə artıq çox şey dəyişib.
Ağlamaq və haray salmaq istəyiriksə indiyə qədər baş verənlərə görə bunu etməliyik. 10 günə görə pesimizmin ruhumuza hakim kəsilməsinə imkan verməməliyik. İstiqamət günəşə doğrudur. Çünki, artıq təyyarənin pilotları dəyişib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB