“Bu qələbə Ali Baş Komandanımızın zəfər müjdəsidir!” Məşhur Məmmədov
“30 illik münaqişə 44 gündə Azərbaycanın Zəfər qələbəsi ilə bitdi. 1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycan dövləti bu illərdə istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişdi və Ordumuz 44 gün ərzində işğal altında torpaqlarımızın böyük bir qismini, Qarabağın ürəyi, iyirmi səkkiz il yarım işğal altında olan Şuşanı azad etdi! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən bu gün Kəlbəcər rayonu Azərbaycan Ordusunun nəzarətinə keçir. Noyabrın 20-dək Ağdam, dekabrın 1-nə qədər isə Laçın rayonundan işğalçı qüvvələrin qalıqları çıxarılacaq”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov “SƏS” qəzetinə açıqlamasında bildirib.
“Bu qələbə Prezident İlham Əliyev cənabalarının bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyması, siyasi uzaqgörənliyi, milli maraqları təmin edən siyasət yürütməsi, 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etməsidir”,- deyən M.Məmmədov onu da vurğulayıb ki, ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz: “30 il gözlədiyimiz o möhtəşəm tarix yetişdi. Bu tarix – 10 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix! Böyük Qələbə tarixidir!. Müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərdiyi, qəhrəmanlıqla savaşaraq qələbə qazandığı, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgər və zabitinin şücaəti, xalqımızın birliyi, həmrəyliyi tarixidir! Bu tarixdə düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı”.
M.Məmmədov onu da bildirib ki, dövlət başçımız xalqa müraciətində də bu qələbənin bütün Azərbaycan xalqının qələbəsi olduğunu deyib: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!”
“Bəli, dövlət başçımızın dediyi kimi, düşməni torpaqlarımızdan qovaraq Vətən Müharibəsinin 44-cü günü ordumuz Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi və 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi”, - deyən M.Məmmədov vurğulayıb ki, 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı: “Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Onu da qeyd etmək lazımdır ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik siyasətini, Müzəffər Ordumzunun gücünü, rəşadətli əsgər və zabitlərimizin şücaətini, Azərbaycan xalqının qüdrətini bir daha dünyaya sübut etdi və 44 gün ədalətli müharibə apararaq, şərəflə qazanılan bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunu, “30 illik həsrətə son" deyən - Ali Baş Komandandanımızın zəfər müjdəsidir!”
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB