Dünyanın çözmək istəmədiyi bir Qarabağ problemi vardı - ŞƏRH

Dünyanın çözmək istəmədiyi bir Qarabağ problemi vardı - ŞƏRH

Bu problemin hədəfi Azərbaycan xalqının ürəyi və ərazisi idi. Düşmən hər ikisini nişan aldı və hədəflərinə çatdı. Lakin məsələ həll edilmədi. Çünki problemin həlli ədalətli olmalıydı, qəribliyə və qaranlıq quyunun dibinə salınmış ədalət. Əxlaqın kökündən, təməlindən yıxıldığı, yerlə süründüyü bir dünya ilə üz-üzə qalmışdıq. Onlardan deyildik deyə hər cür müsibətə layiq idik. Hökm edənsə yalnız zor və ədalətsizlik idi. Nə isə ağıllarına gəlib-gəlməyən hər cür bəlanı başımıza gətirdilər, tək bir şeyi unutdular. Bu xalqın inamını və dirəniş gücünü məhv edə bilməmişdilər. Ən önəmli nöqtəni unutmuşdular. Biz də problemin həllinə unutduqları o nöqtədən başladıq. ATƏT-in Minsk qrupu dediyimiz başbəlası qurum isə anasından bic doğulmuşdu, nəinki bu problemi həll etmək istəmədi, heç bu problemi anlamaq belə istəmədi. Və çox keçmədən ABŞ da işin içindən çıxdı, yəni baş qoşmadı. Biz hələ də məcburiyyətdən ATƏT kimi, “beynəlxalq birliyin ədalətinə güvənirik” kimi işə yaramayan taktikalar işlədir, hər dəfəsində də eyni qapıya çıxırdıq. Otuz ildir çarx kimi dönür, fırlanırdıq.

Oğullar itirir və oğullarının tabutunu çiynində daşıyan analara şeir-hekayələr yazırdıq. İlin on iki ayının hər birini işğal və soyqırımı günləri kimi qeyd edirdik. Zəfərə, qələbəyə tamarzıydıq. Zəfəri yaşamağı yadırğamışdıq. Amma bir gün anladıq ki, başarının və zəfərin yolu sağlam düşünüb, plan tutmaq, qərar vermək, sahib olduğun potensialın gücünü dəyərləndirmək və hədəfə çatmaq üçün o gücü sağlam bir şəkildə istifadə edə bilməkmiş. Bir də öyrəndik ki,

SAVAŞ DÖYÜŞ MEYDANINDAN ÖNCƏ ZEHNİYYƏTDƏ QAZANILIR

Günlərin birində bunu da bacardıq. General-mayor Polad Həşimovun şəhid olduğu gün – 14 iyul 2020-ci il. Poladın şəhidliyi xalqımızın diriliş günü oldu. Kimsədən izn almadan insanlar yollara, meydanlara endi. Hər kəs aldı bayrağını, çıxdı evindən, sanki bir-birilə vədələşmiş kimi. Əllərində bayraq, dillərində tək bir şüar vardı: “Cənab Ali Baş Komandanım, döyüş əmri ver! Cənab Ali Baş Komandanım, biz Vətənimizi azad etmək, alnımızdakı ləkəni təmizləmək istəyirik!”. Ertəsi gün isə şəhid generalımızın dəfnindən çıxan xalq yerini hərbi komissarlıqların qarşısında aldı. Qadın-kişi, gənc-yaşlı demədən. Bəli, həmin gün savaşı zehniyyətimizdə qazanmışdıq artıq. Qalırdı döyüş meydanı.

Əslində xalqımız ali məqamı gözləyirdi. Ali Baş Komandanın dediyi kimi: "Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı. Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi". Bəli bu bir həqiqət idi.

Və Vətən üçün Savaşa girdik. Müharibə bütün arzuolunmaz tərəfləri ilə bərabər, həm də, bir millətin genetik xarakterinin, bütünlüyünün, mənəviyyatının və əxlaqının nümayişidir. Çünki savaşa tək-tək döyüşçü deyil, bütöv cəmiyyət girir. Yurd, vətən , torpaq, tarix, milli mədəniyyət, sosial quruluş, hətta iqlim belə etnosu və milləti müəyyənləşdirən amillərdir. Sən demə bizim savaş mədəniyyətimz də özünəməxsus imiş, tolerant imiş, bunca əxlaqlı imiş. Qarabağda əlisilahlı düşməni öldürən əsgərin qardaşı Gəncədə erməninin atdığı bombanın altında qalan yaşlı erməni qadını fəlakətin altından qucağında çıxartdı. Bax, bizə layiq olan zəfəri o an qazandıq. Azərbaycan xalqı 30 illik bir zamanda kimsənin torpağına, qazancına, gəlirinə, çıxarına tamah salmadan, heç bir kirli niyyəti olmadan, yalnız ona aid olan vətənini, yurdunu, şəhidinin düşdüyü torpağını yağı tapdağından azad etmək, yurdunu terror yuvasından, narkotik ticarəti poliqonundan, tarixini, mədəniyyətini barbarcasına məhv edilmədən qurtarmaq üçün savaşdı və bu haqq uğrunda neçə-neçə igid oğulun günəşi söndü.

27 sentyabr 2020-ci il. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladı son zəfərimiz. 44 günlük qəhrəman bir tarix. Spartalılar kimi, deyilmi? Bəlkə daha əfsanəvi. Bütün xalq o sabah müharibəyə köklənmişdi. Çox keçmədən Azərbaycan Silahlı Qüvvələri düşmənin gözünü qırdı. Gerçək kimi deyildi, sanki qəhrəmanlıq romanı oxuyur, filimə baxırdıq. Ordumuz mənəvi-psixoloji cəhətdən o qədər güclü idi ki, dünyanı məhvərindən qoparacaqlar kimi. Hər kəsin sinəsi sipər idi, həm vətəninə, həm əsgər yoldaşına. Belə bir əxlaqla, mənəviyyatla dünyaya sahib olmaq olar. Ekiz oğullarının qoşa tabutunu qarşılayırdı analar. Amma Vətən deyirdilər. O Vətən sevgisi isə Şuşa alınan günü öz pik nöqtəsinə çatdı.

Qırxdördüncü gün – 10 noyabr 2020-ci il tarixində düşmən təslim oldu. Vətənimizi qoruduq, torpaqlarımızı düşmənin kirli ayaqlarının altından çəkib aldıq. Öyrəndik ki, hər kəs haqqını sökə-sökə alır, öyrəndik ki, havayı olan yalnız tələdə pendirdi. Dünyanın edə bilmədiyini, etmək istəmədiyini bu xalq etdi. Azərbaycanın gözlədiyi Qələbəni övladlarının qanı ilə qazandı! Şəhidlərin qanına qarışan torpaq bizə daha əziz, daha müqəddəs oldu. Onların ruhu qarşısında, anaları qarşısında əbədi minnət və şükran borcumuz var. Biz düşmənin unutduğu o ədalətə inamımızı və dirənişimizi dünyaya göstərdik. Bunun üçün Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə, ölkəmizin Prezidentinə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Onun qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Şübhəsiz ki, bu gücun mənbəyi Azərbaycan xalqıdır, onun torpağına, vətəninə olan sevgisi və Ali Baş Komandanına etimadıdır.

Sıxdıqca şəhid qanı çiçəkləyən torpağımıza bir də 44 günlük savaşın yeni şəhid qanı səpildi. Onlar Vətəni sevməyə gedənlərin arzusu, sevdası idi. Bu sevda ilə yola çıxanlar getdikləri yolun geri dönüşü olmadığını gözəl bilirdilər. Ona görə də gedərkən bizə Vətəni, bir də Günəş belə sönərsə ümidimizi Günəş yerinə yandırmağımızı əmanət edib getdilər.

Əminə YUSİFQIZI,

Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru,

Respublikanın əməkdar jurnalisti,

YAP Yevlax rayon Təşkilatı Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə