XXI əsrin erməni etirafı...
Xankəndində xarici jurnalistlərə qorxu içində müsahibə verən erməni deyir: “İndi 1992-ci il deyil. Azərbaycan çox güclüdür. Burda qalmaq təhlükəlidir, hətta ölümə bərabərdir. Onlar gec-tez bura gələcəklər”.
Deməli mundar erməni sən illərdir bilirsən ki, bu torpaqlar sənin deyil.
Biz Qarabağa doğru gedirik, çünki onu xilas etməyin vaxtı çatıb. Zaman xeyrimizə işləyir və bu haqq savaşı qələbə ilə bitməlidir. Müzəffər Azərbaycan ordusu bizi illərlə həsrətində olduğumuz böyük qələbəyə doğru addım-addım yaxınlaşdırır. Bəli məhz böyük qələbəyə doğru. Bu böyük qələbənin ilk işartıları artıq göz önündədir. İgid oğullarımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, həm də ən ali dəyərlərdən olan ədalət uğrunda savaşırlar. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. “Biz birlikdə güclüyük”, “Qarabağ Azərbaycandır!” şuarı artıq sərhədlərimizi aşıb. Dünya Azərbaycanlıları da o müqəddəs günü gözləyir. Bu müqəddəsliyin ilk addımı məhz 2016-cı ilin aprelində atıldı. Həmin müqəddəsliyi yazan igidlərimizdən biri də əslən Naxçıvan şəhəri Şərur rayonu Qorçulu kəndindən olan Mahir Quliyev olmuşdur. 1993-cü ilin 21 dekabrında Bakı şəhərində anadan olsa da, Bakının Yasamal rayonunda böyüyən Mahir məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetinə daxil olmuş, 2015-ci ildə oradan məzun olmuşdu. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Mahir Quliyev 2011-ci ildə Bakıdakı 308 saylı orta məktəbi bitirmişdi (6 il 6 nömrəli, 3 il 132 nömrəli, 2il isə 308 nömrəli məktəbdə oxuyub). Övladından qalan xatirələrlə yaşayan Lalə xanım oğlunun çox səliqəli bir insan olduğunu söyləyir. Görüşdüyüm digər şəhid ailələrində olduğu kimi, Quliyevlər ailəsi də Mahirin bir vaxtlar boş vaxtlarında oturub işlədiyi yazı masasını onun xatirə guşəsinə çevirmişdilər. Bu xatirə guşəsinin üstündə onun əşyaları və həyatının müxtəlif gözəl anlarını özündə əbədi yaşadan fotoları və fotoalbomları... bir də üzünü görmədiyi diplomu dayanırdı.
Anası Lalə xanım deyir ki, “sonuncu dəfə Mahiri fevral ayının 7-də ezamiyyətə gələndə gördük. Ona da gördük demək olmazdı ki... Bütün cavanlar kimi gününün çoxunu dostları ilə keçirdi. Həmin 10 gün ərzində bütün qohumlarımızın evinə gedib onlarla görüşdü... Elə bil ürəyinə dammışdı ki, bir daha gəlməyəcək. Balam hər kəsin ürəyində, gözlərində son şəklini qoyub getdi. Novruz bayramında da bizi yanına getməyə qoymadı. Ancaq zəng vurub məhəllədə sakinlərin bayramı necə keçirmələri ilə maraqlandı. Dedim ki, sakitçilikdir. Təəssüfləndi. Adətən hər il Novruz bayramında Mahir məhəllənin uşaqlarını, həmyaşıdlarını ətrafına yığıb, tonqal qalayar, şənliklər düzəldərdi... Mahir özü ilə çox şeyi apardı...
Tərtərdə olduğumuz müddətdə bir top səsləri, mərmi səsləri gəlirdi ki... qulaq tutulurdu. Sakinləri də cəbhə xəttinə yaxın ərazilərdən köçürmüşdülər. Öz-özümə deyirdim ki, biz bu səslərdən belə diksiniriksə, anası ölmüş əsgərlər, zabitlər necə dayanır bu silah-sursatın qabağında. Ancaq cəbhə bölgəsində olan insanlarda bir yüksək əhval-ruhiyyə var idi. Qələbəyə inanırdılar. Bəlkə məni də sınmağa, oğlumun yoxluğuna inanmağa qoymayan bu inam idi.
Baxıram ki, qohum-əqraba, qonum-qonşu hamısı tez-tez bizə gəlib dəyib gedirlər. Fikirləşirəm ki, oğlumun yarası var da, yəqin ki, dövlətimiz axtarıb tapacaq... Gözləyirəm... Mən eyvana çıxanda baxıram ki, həyət boşdur. Sən demə, Mahirin dostları pusquda durublar ki, mən eyvana çıxanda, ya həyətə düşəndə adamlara xəbər edirlər ki, bir yerdə qələbəlik yaratmasınlar ki, mən nəsə hiss etməyim. Bircə onu özümə bağışlaya bilmirəm ki, tabutda bayrağa bükülü həyətimizə gətirilən balamı, düşüb qarşılamadım. Tabut evə gələnə qədər Mahirin yoxluğuna inanmırdım. Ayın 8-nə qədər Mahir neytral zonada qaldı. Ermənilərin açdığı atəşdən həlak olubmuş balam. Mahiri mən qarşılamadım. O özü çiyinlərdə evə gəldi. Ancaq tabut içəri gətiriləndə başa düşdüm ki, oğlum gəlməyəcək...Axı mən onu gözləyirdim... O gündən bu günə evimin hər yerində bir kədər, bir qəm havası var... Heç televizoru da açmırıq... Mahirsizliyə öyrəşmək çətindir...
Mahir yoldaşlarını döyüş meydanından çıxarandan sonra şəhid olub. Dostunun dediyinə görə qarın boşluğundan yaralanıb. Deyəndə ki, məni döyüş meydanından çıxart, dostu deyib ki, gedirəm xərək gətirəm. Mahir deyib ki, getsən gəlmiyəcəksən. Gedib, gəlməyib. Həmin əsgər yoldaşı deyir ki, “kaş gedib çıxarardım Mahiri. Ya ölərdim, ya qalardım. Amma belə vicdan əzabı çəkməzdim”. Digər bir yoldaşı ilə tədbirlərin birində rastlaşdıq. Bir saatdan çox söhbət etdik. Dedi ki, “mən çiynimdən yaralanmışdım. Mahir qarın boşluğundan. Yaralı olanda ist-isti olur, adam hiss etmir. Mən qaça bildim. Mahir qarın boşluğundan yaralandığı üçün çıxa bilmədi. 6 saat qanaxmadan sonra Mahir şəhid olub”.
Çox qeyrətli uşaq idi Mahir. Bir haqsızlıq olanda ürəyi patlayırdı, qan edirdi. Atası deyirdi a bala sakit get-gəl nə işinə qalıb kim neyləyir. Tələbə yoldaşları deyir ki, bir qızı maşın vurubmuş, həmin qızı qucağına alıb təcili tibbi maşınına tərəf piyada gedirmiş ki, tez çatdırsın, heç nə olmasın. Allah onu mənə hər tərəfli vermişdi. Həm gözəlliyinə, həm də qeyrətinə, ağıllılığına, xasiyyətinə görə. Heyif, heyif... Gecə işləyirdi, günüz oxuyurdu. Nə qazanırdı gətirirdi ki, “ana al, evə lazım olar”. Deyirdim ki, “sən cavan uşaqsan nəyə gətirirsən qazancını mənə, sənə lazım olar”. Balaca qardaşına telefon aldı, velosiped aldı. Bir dəfə birimizin xətrinə dəyməyib. Uşaqlarımın hamısı tərbiyəli, ağıllı uşaqlardı. Övladımdı deyə demirəm. Ancaq Mahir daha diribaş idi. Biz ölsəydik narahat olmazdıq ki, uşaqlar yiyəsiz qalmadı. Çünki Mahir var idi. Balalarımın dədəsi-anası o idi elə bil. Bugünkü gün yaşamaq deyil. Bağrımız patlayır. Deyirlər şükür Hüseyin var, Cavid var. Şükür, amma dözmək olmur. İki ay vardı gəlməyinə. Uşaqlara deyirmiş ki, burda bir çal-çağır elətdirəcəm ki...
O nə həvəslə, arzularla yaşayırdı. İlahi insanın nə qədər həyat eşqi, arzusu olarmış. Hər qardaşı Cavidlə mesajlaşanda deyirdi ki, “divanımızın üstü üçün elə darıxmışam ki...”. Elə qoçaq idi. Milyon nəfəri düzərdin deyərdi ki, kim hansı rayondandı. Mənim kimi neçə danışırdısa, elə bil sırf qazaxlı idi. Yumoristik qabiliyyəti vardı. Nə qədər seriallardan çağırırdılar getmirdi. Hər danışanda ağlayırdım. Deyirdi “niyə ağlayırsan iki ayım qalıb. Papağımı fırlıyacam gəlib keçəcək”. Deyirdik gələcək nələr eliyəcək dədəsi, anası üçün. Bunların bölüyündən iki-üç nəfər salamat qaldı.
“Sevdiyi var idimi?” deyə soruşanda gözü yaşlı Lalə xanım gülümsəyərək danışdı: “var idi bir istədiyi. Ancaq atası bildirmişdi ki, razı deyil. Sonra atasının sözünə görəmi, nəsə ayrıldılar. Fevralın 7-i məzuniyyətə gələndə. Dedim heç kimə heç nə demə, sənə qohumlardan almaq istəyirik. O da razılaşdı. Həmin qohumgilə getmişdi məzuniyyətə gələndə. Evə gələndə soruşdum ki, qızlar evdə idi mi? (bir qızdı, bir də gəlin) Dedi ki hə. Soruşdum ki, “A... neylədi?” Dedi ki, üzümdən öpdü. Hüseyni öpüb, bunu da öpüb. Bir gün qıza zəng vurmuşdum, dedim bir söz deyəcəm amma heç kimə demə. Dedim fikrimiz var səni alaq Mahirə. Dedi axı mən onu qardaşım qədər istəyirəm. Dedim “nolar ki, lap yaxşı, elə qardaşın qədər çox istə”.
Hamı ilə dil tapırdı. Komandiri ilə qardaş kimi olub. Yoldaşları deyir ki, Mahir dərsə gəlməyəndə biz institutdan qaçmaq istəyirdik.
Mahirin şücaəti çox olub. Erməni tankını partladıb şəhid olub. Oğlumun adını heç yerə verməyiblər. Bəzi şəhidlərimizin ailələrinə şərait yaradılıb. Haqqıdı balasının. Milyon oların balasının dırnağını qaytarmaz. Amma bizə heç nə verilmədi. Nə ev, nə torpaq...Üç, qırx, ildən başqa heç nə etməyiblər. Onsuz da məndən gedən gedib. İki balam var heç olmasa bunlar normal yaşasınlar. Qardaşlarının haqqıdır. Həyətin uşaqları yığışıb Mahirin barelyefini düzəldiblər. Balamın adını bir yerə versələr ölmərəm. Məktəbə versinlər ən azı orda oxuyanlar bilsinlər ki, belə bir şəhid olub. Hektarlarla torpaq alıblar”.
Danışdıqca xatirələr bir-birini çözələyirdi, xatirələr bitmirdi ki, bitmirdi.
“Bir dəfə qaynanam bizə gəlmişdi. Düşbərə eləmişdim. Bir də gördüm ikinci oğlum Hüseyin dedi ki, ana aşağı düşüb qalxıram. Dedim yemək hazırdı. Dedi qalxıram. Sən demə Mahir gəlib deyib anama demə surpriz eləyək. Bir də gördüm gəldi. Elə həmin vaxt idi məzuniyyətə gəlmişdi. Heç bir düzəmməli üzünü görmədim. Yoldaşları ilə görüşüblər. Amma məzuniyyətə gələndə üzündə bir kövrəklik vardı. Yoldaşları da deyirdi ki, biz də bunu hiss etmişdik. Ona təzə ev paltarı (spartivni) almışdım. Elə gözəl yaraşırdı. Elə gözəlləşmişdi ki, balam. Deyirdi ay ana elə oğlan doğubsan ki, qızlar az qalır kirpiklərimi çəksin çıxartsın (Mahir anasına hədsiz dərəcədə bənzəyirdi). Rayonda olsam da gəlirdim ki, ev-eşiyi elə təmiz saxlayıb. Atasının yeməyinə qədər bişirirdi mən olmayanda.
Evdə tək olanda rahat oluram. Uşağımı deyib ağlayıram. Pəncərədən baxanda elə ancaq onu gözləyirəm ki, Mahir gələcək. Kimsə yüyrək, sevincli gələndə elə bilirəm ki, mənə şad xəbər gətirəcəklər ki, Mahir sağdı”.
Sayıtlarda səhv məlumatların olmasından narahat olan Lalə xanım bildirir ki, nişanlı olduğunu, Naxçıvanda doğulduğu (atası Naxçıvanlıdır) kimi yanlış məlumatlar yazılır. Sayta zəng vurub soruşmuşdum ki, “axı siz hardan bilirsiniz ki, Mahir nişanlı olub”. Xahiş edirəm bilmədikləri məlumatları yazmasınlar. Bu biz valideynləri incidir.
“Mən uşaqlarımı ərköyün böyütməmişəm” deyən şəhid atası Qədir Quliyev bildirdi ki, “biz sadə bir ailəyik. Ömrüm boyu fəhləçiliklə bala saxlamışam. Mahir universitetə qəbul olanda çox sevinirdik. Ancaq ödənişli fakültəyə qəbul olunmuşdu. Bu səbəbdən də bizə əziyyət verməmək üçün gedib restoranda axşamlar ofisiant işləyirdi. Özü də çox fəal və bacarıqlı uşaq idi. Həm də bir az teatrallığı var idi. Ölkədə elə adam olmazdı ki, onu təqlid eləməsin. Hər kəsi öz səsi ilə, ədası ilə elə təqlid edirdi ki...Oxuduğu təhsil ocaqlarında hər zaman KVN komandası yaradardı. Onun olduğu yerlərdən gülüş, zarafat əskik olmurdu. Əsgərliyə yola salanda elə tələsirdi, bir sevinə-sevinə yola düşdü ki... Deyirdi ki, yaşıdlarının əksəriyəti Vətən borcunu verib gəlib, o da gedib Vətənin borcundan çıxmaq istəyir...Onu ən çox sıxan cəbhə bölgəsində əsgərlərimizin şəhid olması idi. Xəbər saytlarında müharibə bölgəsində şəhid olanlar haqqında məlumat görəndə dünyası dəyişirdi. Deyirdi ki, barı bu şəhidliyin əvəzində torpaqlarımız alınaydı. Özü cavan oğulların şəhidliyinə dözmürdü... İndi biz onun yoxluğuna və ucaldığı Şəhidlik Məqamına dözürük... hətta onun şəhidliyi bizə və elimizə bir şərəf də gətirib. Mahir mənim arxam-köməyim idi. Bizimki bundan sonra həyat olmayacaq, sürünməkdir.Onsuz yaşamaq çox ağırdır, hara baxıramsa Mahiri görürəm, hər yer mənə Mahiri xatırladır.
Aprelin 2-də xəbər aldıq ki, Mahir ayağından yaralanıb. Anası, qohumlarım yığışıb getdik onun hərbi təlim keçdiyi Tərtərə. Kimdən soruşduqsa, gördüm deyən olmadı. 3 gün Tərtər, Yevlax, Gəncədə döymədiyimiz hərbi hissə qapısı, baxmadığımız xəstəxana qalmadı. Ancaq kimsə bizə bir söz demirdi. Sonradan-sonraya dedilər ki, sizin oğlunuzun adı itkinlər siyahısındadır. Və artıq əlim hər şeydən üzüldü... Lakin yox olmasını heç cür xəyalımda canlandıra bilmirdim. Anası Lalə isə hələ isti-isti olduğundan "itkin" sözünün mənasını dərin anlamamışdı. O hələ Mahiri gözləyirdi.”
Qonşuları Sara xanım bildirdi ki, “Bunlar o qədər çətinlik görüblər ki, şahidi mən olmuşam. Elə indi-indi özlərinə gəlirdilər. Şükür Allaha deyirdilər ki, daha Mahirin əli çörəyə çatıb. Kaş özü sağ olaydı... O bir başqa bala idi. Hamımızın sevinci, güvən yeri idi. Bütün qonşular ondan razı idi. Böyük-kiçik yeri bilən idi. Üzü qara olsun müharibənin, gör neçə igidimizi apardı... Barı bundan sonra o erməni separatçılarından torpaqlarımızı alsalar, deyərik ki, nahaqdan getmədi. Həmin günlərdə bizim həyətdə bir təlatüm var idi ki... Bayraqlar dəniz kimi dalğalanırdı... Mahiri təmtəraqla qarşılayıb, elə adına layiq də yola saldılar. Üçüncü Fəxri Xiyabanda dəfn olundu. Üçüncü dərəcəli ordenlə təltif olundu... Lalənin ağlamaqdan ürəyi qana dönüb. Heç cürə evdə sakitlik tapa bilmir. Qadir də işləmir. Yasamal rayonunun əlaqədar və səlahiyyətli orqanlarına dəfələrlə müracitə etsələr də, bu ailənin üzvlərinə, bu şəhid valideynlərinə adicə bir fəhlə işi də verən yoxdur ki, barı evdən çıxıb gedib, bir az dərdlərini unutsunlar. Onsuz da bu çəkiləsi dərd deyil, Mahir unudulan deyil, ancaq, bu qədər də etinasızlıq etməzlər axı...”.
(Mahir şəhid olarkən anasının 38 yaşı vardı. Belə dərd bu yaş üçün çox ağırdı axı Allahım)
Azərbaycan məktəbliləri hərbi xidmətdə olan əsgərlərə məktublar yazırlar. Belə məktublardan birini də 19 nömrəli orta məktəbin 4-cü sinif şagirdi Fatimə yazıbmış. O məktub da Mahirin qismətinə düşüb: "Salam ƏSGƏR. Mənim adım Fatimədir. Mən sənə məktub yazmaq istəyirəm. Necəsən? Kefin necədir? Əyin-başın qalındırmı? Bilirsən niyə "ƏSGƏR" sözünü böyük həriflə yazıram? Çünki bu sözü eşidəndə qürurlanıram. Mən sizə, yəni əsgərlərə böyük qiymət verirəm. Mən bunu heç vaxt unutmaram ki, biz isti və rahat yerimizdə yatarkən, siz əlinizdə silah səngərdə Vətənin keşiyində durursunuz. Ata-anan səni yəqin qürurlu, mərd bir övlad kimi böyüdüb, biz bu gün yatağımızda rahat yata biliriksə, bu da sizin sayənizdədir. Mən də istərdim ki, əsgər bacısı olub, qardaşıma əsgər məktubu yazım. Mən Azərbaycanla fəxr edirəm, çünki sizin kimi böyük oğulları yetişdirib. Eşq olsun AZƏRBAYCAN ƏSGƏRİNƏ!. Hörmətlə, Fatimə".
Bu bir azərbaycanlı məktəblinin ƏSGƏRƏ verdiyi dəyərdir.
Mahir bu məktubu anasına verəndə demişdi: "Ana əsgərlikdən qayıdanda gedib bu qızı tapıb, ona gəlincik alıb verəcəyəm”... Lalə xanım bildirdi ki, Dekabrın 21-də oğlumun 23 yaşını onsuz qeyd etdikdən sonra, həmin balaca Fatiməni tapıb, Mahirin almaq istədiyi gəlinciyi ona bağışlayacaq.
Lalə xanım oğlu ilə bağlı hadisələri danışanda Cavid gəldi evə. Ancaq yaxına gəlmədi. Bilirəm ki, danışa bilməyəcəkdi. Göz yaşları imkan verməyəcəkdi. Mahir Quliyev 2016-cı ilin 8 aprel tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. O, Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmanlıq göstərmişdir. Mahir Quliyev ermənilərin zirehli texnikasını — tankını məhv etdikdən sonra yaralanmışdı. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən
gülləsinə tuş gəlib. Şəhidin nəşi 3 gün təmas xəttində qalmış və 8 aprel tarixində saat 3:00-dan 20:00-a qədər tərəflər arasında əldə olunan atəskəs razılaşması zamanı şəhidin nəşi götürülərək ailəsinə təhvil verilmişdir.
Məkanın cənnət olsun əziz və igid qardaşım!
Aynur Səfərli
polis leytenantı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB