1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyinin 102 illik zəngin tarixi var. Bu müddət ərzində keşməkeşli bir yol keçən Ədliyyə Nazirliyi müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.
Yaranmasından iki il sonra, 1920-ci il aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu ilə bərabər Ədliyyə Nazirliyi də ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıb. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müəyyən etmiş, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, ölkəmizin regionlarında hüquq infrastrukturunun genişləndirilməsinə şərait yaratmışdır.
İslahatların bu mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.
Hüquq sisteminin təkmilləşdirilməsi, həmçinin əhaliyə göstərilən notariat və digər hüquqi xidmətlərin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, məhkəmə ekspertizasının, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin müasir tələblər səviyyəsində qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.
Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuş, hakimlərin seçiminin Avropada ən mütərəqqi qaydaları müəyyən edilmişdir. Əhalinin məhkəmələrə müraciəti prosedurunun daha da sadələşdirilməsi məqsədi ilə yeni regional məhkəmələr yaradılmış, hakimlərin sayı artırılmışdır.
Aparılan islahatların nəticəsində regionlarda və həmçinin paytaxtımızda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşıb. Bunu vətəndaşlara göstərilən hüquqi yardımın fonunda edilən mənəvi kömək kimi də qeyd etmək olar. Nazirliyin nəzdində yaradılan Ədliyyə Akademyasında tədris tədbirlərində ədliyyə işçiləri və digər hüquqşünaslar nəzəri bilik və peşə hazırlıqlarını artırır.
Mütəmadi olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. Nazirliyin rəhbərliyi davamlı olaraq səyyar qəbullar təşkil edir, həmçinin yerli ədliyyə qurumları və məhkəmələrə baş çəkilir. Vətəndaşların məmnunluğu müxtəlif ədliyyə orqanlarında diqqət və qayğıda saxlanılır.
Ölkəmizin brendinə çevirilmiş ilk "ASAN xidmət"mərkəzi vətəndaşlara 2013-cü ildən xidmət göstərməyə başlayıb və vətəndaş məmnunluğunu tez və asan şəkildə həll etdiyi üçün təqdim edilən sənədlərin çoxu "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür.
Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.
Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir və dəstəklənir. Beynəlxalq təşkilatlarla da əməkdaşlıq səmərə verir. Məlum olduğu kimi, Ermənistanın təxribatı, cəbhəyanı bölgələrədə yaşayan mülki insanları atəşə tutmasından sonra başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi ilə başa çatmışdır. Bundan əvvəl, yəni 27 sentyabrdan 10 noyabr tarixinə qədər döyüş meydanında məğlubiyyətə uğrayan işğalçı Ermənistanın qəsdən mülki əhaliyə hədəflənən qeyri-insani əməllərindən əl çəkməyərək beynəlxalq hüququn qadağan etdiyi kasset bombaları və ballistik raketlərlə Gəncədə, Təttərdə, Bərdədə, Ağcabədidə qətliam törətməsi ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən xarici ölkələrin ədliyyə nazirlərinə xüsusi müraciət ünvanlanmışdır.
Müraciətdə beynəlxalq ictimaiyyətin lazımi reaksiya göstərmədiyindən daha da azğınlaşan Ermənistanın ölkəmizə qarşı terror və hərbi təxribatlarının, xüsusilə Bərdədə törədilmiş hadisələrin dəhşətləri barədə məlumat verilmişdir. Ədliyyə naziri xarici həmkarlarının diqqətini yenidən bu problemə yönəltməklə mülki əhalinin həyatını qorumaq naminə təsirli tədbirlər görəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Fikrət Məmmədov həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü kimi həmin təşkilatın prezidentinə, baş katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə də müraciət ünvanlamışdır. Bildirilmişdir ki, Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistan hələ 1990-cı illərin əvvəllərində hərbi təcavüz törədərək Dağlıq Qarabağı və azərbaycanlıların yaşadığı ətraf yeddi rayonu işğal edib, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Bir milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Bu gün qaçqın problemi ilə üzləşən Avropa və dünyanın digər regionları bu humanitar fəlakətin miqyasını aydın təsəvvür edə bilirlər.
Ümumbəşəri bəla olan COVİD-19 qlobal pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərində ciddi gərginliyin yaratması, həmçinin əhalinin həssas təbəqəsi olan məhkumlar arasında vərəm əleyhinə tibbi xidmətlərin göstərilməsində çətinliklərin yaşanması ilə müşayiət olunur. Bununla əlaqədar bu ilin əvvəlində ÜST azadlıqdan məhrumetmə yerlərində COVİD-19-un qarşısının alınması və nəzarətdə saxlanılması barədə aralıq təlimatı dərc edərək ölkələri həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi ilə əlaqəli bütün növ xidmətlərin göstərilməsini təmin etməyə çağırıb.
Bir faktı da qeyd edim ki, Azərbaycan Ədliyyə Nazirliyində, onun strukturlarında çalışan əməkdaşlar Vətən müharibəsində qazanılan qələbədə bütün imkanlarını səfərbər etdilər. Minlərlə ədliyyə işçiləri arasında öz ata-baba yurdundan didərgin düşən, məcburi köçkün həyatı yaşayan, doğma evinin həsrətini çəkən və nəhayət Qələbə xəbərini eşidib Şanlı Azərbaycan Ordusuna, Ali Baş Komandanına alqış deyən insanlardan biri də mənəm. 12 yaşım olanda doğma Şuşamızı məcburi olaraq tərk etməli olmuşduq. Cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyevin noyabrın 8-də Şuşanın azad olunması xəbərini eşidəndə sevincimizin həddi-hüdudu yox idi. 28 illik həsrətdən sonra Şuşamıza qovuşacağıq!
Şuşa bizimdir! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!
Pərvin ƏLİYEVA,
5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB