Bəyanata 9-cu maddənin daxil edilməsi Naxçıvana göstərilən növbəti qayğının ifadəsidir
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanatda ölkəmizin mövqeyinin tam əks olunması, onun ərazi bütövlüyünün, milli maraqlarının qorunması bütün dünya azərbaycanlıları kimi məni də çox sevindirdi. Beləliklə, xalqımızın dədə-baba torpaqlarının erməni işğalından azad olunması uğrunda apardığı savaş Qələbə ilə başa çatdı. Şanlı ordumuzun döyüş əzmi, mübariz ruhu qarşısında çoxu muzdlulardan ibarət olan erməni ordusu duruş gətirə bilmədi, silahı yerə qoymalı oldu.
SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev deyib.
Əbülfəz Quliyev qeyd edib ki, təqvimdə noyabr ayı dövlətçiliyimizlə, milli düşüncəmizlə bağlı bayramlar ayıdır. Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Dirçəliş Günü (17 noyabr) məhz bu ayda qeyd olunur. Müstəqil dövlətçiliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız düz 30 il bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndərimizin təklifi ilə Dövlət bayrağı kimi qəbul edilmişdi. Müqəddəs bayrağımızın 28 ildən sonra yenidən Şuşada dalğalanması milli ruhumuzun, gücümüzün, birliyimizin yenidən dirçəldiyini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın başçılığı ilə biz işğalçıya qalib gəldik. Qarabağ torpağı düşmən tapdağından azad edildi.
“Hiyləgər, mənəviyyatı, şərəfi olmayan ermənilər 200 ilə yaxındır ki, Türkmənçay müqaviləsi ilə Qafqaza, xüsusilə Azərbaycana, onun Qarabağ, İrəvan və Naxçıvan kimi dilbər guşələrinə yerləşdirilmişdi. İlk vaxtlar kiçik bir ərazidə məskunlaşmış bu milli azlıq, etnik qrup ötən dövr ərzində böyük güclərə güvənərək Azərbaycanın İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə mahallarını işğal etdi, həmin əraziləri Azərbaycandan qopardılar”, - deyən AMEA-nın müxbir üzvü bildirib ki, bu azmış kimi onlar Qarabağımıza da göz dikdilər. Ermənilər xristian albanların mədəni irsini saxtalaşdırıb öz adlarına çıxmağa, guya bu torpağın qədim sahibi olduqlarını utanmadan iddia etməyə cəhd göstərdilər. Bakını erməni paytaxtına çevirməyi qarşılarına məqsəd qoyan daşnaklar Şaumyanın başçılığı ilə 1918-ci ildə burada mart qırğınları törətdilər. Tək Bakıda deyil, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrdə yaşayan əhalimizi də qanına qəltan etdilər. 1921-ci ildə sovet dövləti daşnakları müdafiə etdi, Qarabağda erməni muxtar qurumu yaratdılar. Ən acınacaqlısı isə o oldu ki, keçən əsrin 90-cı illərində havadarlarının köməyi ilə onlar Dağlıq Qarabağı, Azərbaycan qədim mədəniyyət beşiyi Şuşanı işğal etdilər. 2020-ci ildə isə daha çox torpaq işğal etmək iddiasına düşdülər. Bu dəfə müstəqil dövlətimiz və xalqımız Prezidentimizin ətrafında bir yumruq kimi sıx birləşdi, qəhrəman ordumuz işğalçılara sarsıdıcı zərbə vurdu. Ona görə də ermənilərin 200 illik səlib yürüşünün qarşısı nəhayət ki, Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın və ordumuzun sarsılmaz döyüş əzmi ilə alındı.
Əbülfəz Quliyev vurğulayıb ki, terrorizmlə məşğul olan erməni daşnakları Naxçıvana da ərazi iddiası irəli sürüblər. Buna nail ola bilməyən ermənilərin iddialarını təmin edən sovet dövlət rəhbərləri Zəngəzuru yeni yaranan Ermənistan dövlətinə “hədiyyə” etməklə, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının böyük vətəndən ayrı düşməsinə, həm də Türkiyənin Azərbaycanla, Mərkəzi Asiya respublikaları ilə quru əlaqələrinin kəsilməsinə səbəb oldu. Bununla Ermənistan muxtar respublikanı da blokadaya salmış oldu. Ötən 30 il ərzində Naxçıvan diyarı blokada vəziyyətində çox əziyyət çəksə də, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, böyük fədakarlıqlar nəticəsində burada davamlı sosial-iqtisadi inkişaf həyata keçirildi. Yeni Naxçıvan qurulub yaradıldı.
AMEA-nın müxbir üzvü deyib ki, Azərbaycanın erməni ordusu üzərində möhtəşəm qələbəsindən sonra imzalanmış müqavilədə çox mühüm bəndlər vardır. Birincisi, ermənilərin Dağlıq Qarabağın status ilə bağlı iddialarının gündəlikdən çıxarılması tarixi nailiyyətdir. Ağdam, Kəlbəcər, Laçın rayonlarının sülh yolu ilə işğaldan azad edilməsi də dövlət başçımızın apardığı düzgün siyasətin bəhrəsidir. Digər tərəfdən, sülh müqaviləsinin 9-cu bəndi belədir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Həmin bəndin əhəmiyyətini vurğulayan Əbülfəz Quliyev diqqətə çatdırıb ki, onun reallaşması muxtar respublikanın iqtisadiyyatının daha da inkişaf etdirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına təkan verəcəkdir. Bu, Türkiyə Respublikası və Qərb ölkələrinin Azərbaycan ilə, eyni zamanda, Mərkəzi Asiya ilə qısa yoldan kommunikasiya əlaqələrinin yaranmasına şərait yaradacaqdır. Bu baxımdan, həmin maddənin dövlətimizin başçısının təkidi ilə müqaviləyə daxil edilməsi muxtar respublikaya göstərilən növbəti böyük diqqət və qayğının ifadəsidir.
“Mənfur erməni daşnaklarının 200 illik həyasızlığının qarşısının alınması, muzdlulardan və terroristlərdən ibarət erməni ordusu üzərində Ali Baş Komandanın başçılığı altında qüdrətli Azərbaycan Ordusunun parlaq qələbəsi tariximizin dönüş nöqtəsidir. Ölkəmizin yüksəliş tarixi, eyni zamanda, şərəfli hərb tarixi Azərbaycan Prezidenti, Azərbaycan Ordusu tərəfindən yenidən yazıldı”, - deyə AMEA-nın müxbir üzvü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB