Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar.
Sonra Prezident İlham Əliyev Qələbə müjdəsini xalqa çatdıraraq müraciət edib.
“Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır".
Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib.
Dövlətimizin başçısı deyib: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”.
“Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm”
Dövlət başçısı hər dəfə qələbə müjdəsini xalqına çatdırmaqdan qürur duyduğunu bildirib: “Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”.
“Bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə siyasi baxışlarından asılı olmayaraq biz hamımız birləşə bilirik”
“Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər",-deyən dövlət başçısı bildirib ki, mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır: "Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. "İqtidara, dövlətə nə qədər pisdir mənim üçün bir o qədər yaxşıdır» fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun”.
“Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib”
“Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi". Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
Dövlət başçısı xalqa müraciətdə bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik”.
“Hər kəs bizim gücümüzü gördü,hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”
“Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər?",- deyən dövlət başçısı işğalçı Ermənistanın qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirərək, özü də məhz Şuşada yerləşdirilməsinin xalqımızın hissiyyatına toxunduğunu deyib: "Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!”.
“Biz alçaltmışıq onu, əcəb də etmişik”
Dövlət başçısı bildirib ki, Vətən Müharibəsi başlayandan bu gunə kimi, Paşinyanın onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın: “Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik”.
“Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir?”, -deyən dövlət başçıs bildirib ki, onlara muxtariyyət təklif edəndə buna razı olmadılar: “Dedilər ki, yox, bu, “müstəqil dövlətdir” Uzun illər bunlar «müstəqil dövlət» kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu Paşinyan, deyəsən bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq”.
Ali Baş Komandan onu da deyib ki, bu sənədin çox böyük mənası var: “Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq…Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB