\"Qazdan istifadə Qaydaları\" təsdiq edilib

\"Qazdan istifadə Qaydaları\" təsdiq edilib

Azərbaycan hökuməti \"Qazdan istifadə Qaydaları\"nı təsdiq edib.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, qaydalar qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.

Qaydalara görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir.

Qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

Qaydalara görə, istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir.

Bu qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Sənaye və Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər.

Qaydalarda göstərilir ki, yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərt alınmalıdır. Texniki şərtin verilməsi qaydası və yaşayış binalarının, o cümlədən mənzillərin qaz xətlərinə qoşulma qaydası müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

Qaz paylayıcısı təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 gün əvvəl xəbərdar etməlidir.

Həmçinin qaz paylayıcı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, istehlakçıya verilən qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir.

Qaydalarla özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağan olunub.

Həmçinin istehlakçıya qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunu dəyişdirə, havadəyişmə xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan \"cibləri\" hörmək və ya bağlamaq qadağan edilib.

İstehlakçıya ildə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etməyə icazə verilməyəcək.

Qaydalarda qeyd olunur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

Qaydalarla tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağan edilir.

İstehlakçı istifadə olunan qazın dəyərini sayğacla müəyyənləşdirilən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində yalnız bank və ya poçt şöbələri vasitəsilə ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə