Dinləyicilərin yol yoldaşı

6 noyabr - Azərbaycan radiosunun yaranma günüdür

1926-cı ilin tarixində bu gün 6 noyabr - Azərbaycan radiosunun yaranma günü. Bir əsrə yaxın bir yol - 94 il. Elə də qısa bir tarix deyil. Neçə-neçə onilliklərin bir tarixi. Elə bir tarix ki, bu illərdə, qərinələrdə tariximizin keşməkeşli, uğurlu zamanı olub. Xalqı ilə hər zaman təmasda olan Azərbaycan radiosu ötən və yaşanılan hadisələri dinləyicisinə çatdırıb. "Sabahınız xeyir olsun, əziz dinləyicilər", "Axşamınız xeyir olsun, hörmətli dinləyicilər", deyərək günün istənilən zamanında dinləyicilərinə yeni xəbərləri, xoş ovqatları çatdırmağa çalışıb. XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio yarandığı zamandan informasiya liderliyini qoruyub-saxlaya bilib. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir.

Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu Azərbaycan qanunvericiliyinə əsaslanaraq informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır. Tarixi dövrü vərəqlədikcə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlərin səsləndirilməsi ilə ilk, kövrək addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Təbii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı kadrların cəlb olunmasını tələb edirdi.

Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişirlər. Radioya peşəkar mütəxəssilərin yol açması Azərbaycan radiosunun gündəlik verilişlərinin həcminin artmasına gətirib çıxarır. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində yeri və çəkisi olan sənətkarlar olur. Qısa məsafədə radionun dinləyici auditoriyası da genişlənir və Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilir. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayır.

Xalqın bir əsrə yaxın tarixi ilə birgə yol gələn Azərbaycan radiosu keşməkşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Azərbaycan radiosu ilə dinc və təmiz səma altında yaşayan insanlara Böyük Vətən müharibəsinin elan olunmasını - gərgin, fövqəladə, acınacaqlı bir xəbəri ictimaiyyətə çatdırmaq nə qədər çətin olsa da, bu gerçəkliyi hamıya bəyan etdi. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Həmin zamandan 5 il müddətində Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirirlər. Müharibə dövrünün tələblərinə uyğun olaraq radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır və montaj edilirdi.

Ağır müharibə dövrünün ən çox dinlənilən verilişi "Azərbaycan - cəbhə üçün"ü hər kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü. Hər gün dinləyiciyə mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək, Azərbaycan dilində çatdırılırdı. Elə qələbə sorağını da Azərbaycan dinləyicisi radio vasitəsilə eşidir. Həmin dövrdə SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq, 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio Günü elan edir. Bu tarixi gün uzun illər boyu Azərbaycanda da bayram edilir. Amma tarixi ədalət qələbə çalır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan radiosunun yaranma günü - noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu. Azərbaycan radiosunun böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib, cəmiyyətin ən müxtəlif təbəqələrinin arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin və təcrübəli jurnalistlərin gəldiyi qənaətə görə, Ulu Öndər Heydər Əliyev teleradio ilə təbliğatın, əsasən, tarixi-siyasi, milli əxlaqi, elm-maarifçilik istiqamətlərinə öz çıxış və məruzələrində ideyalar verirdi.

Ötən əsri 70-ci illəri Azərbaycan radiosu üçün, xüsusilə əlamətdar olmuşdur. "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər radionun nufuzunu daha da yüksəldir. Bu verilişlərdə xalqın ruhu, onun folklor irsi, tarixi mədəniyyəti kimi dəyərlər öz əksini tapır. Milli maraq və düşüncədən qaynaqlanan bu verilişlərin hazırlanması Ulu Öndər Heydər Əliyevin radioya ayırdığı diqqətdən irəli gəlirdi. Heydər Əliyev radionun böyük təbliğat mexanizmi olaraq aşıladığı dəyərlərin mahiyyətini müdrikcəsinə anlayırdı. Hər bir ailənin sevilən verilişi olan "Bulaq" belə milli verilişlərin ilk qaranquşu oldu. Ulu Öndərin xeyir-duası ilə fəaliyyətə başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə şifahi nitqin ən koloritli, milli, etnoqrafik, xalq düşüncə tərzi ilə cilalanmış nəfəsini gətirdi. Radio dalğaları ilə Şərqə yayımlanan "Bulaq" xaricdəki soydaşlarımızın arzu və istəklərini vahid dil, düşüncə, ortaq Vətən duyğularını ifadə edən məktubları efirdə səsləndirdi. Ulu Öndərin göstəriş və məsləhəti əsasında daha sonra "Ozan" teletoplusu yaradıldı və tezliklə ümumxalq məhəbbəti qazandı. Radionun yaxın keçmişinə yazılan tarixi də Onun prinsipial mövqedən çıxış etdiyini bir daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Mənbələrdə yazılır: "...Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatlar ötürülürdü. Lakin həmin faciəli günlərdə Azrəbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi".

Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyilərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. Azərbaycanın işğal olunmuş torpaqları, torpağın bölünməzliyi uğrunda canını sipər edən vətən oğullarının mübarizliyi və s. kimi fikirləri daim bizlərə çatdırıb Azərbaycan radiosu. Bu gün də Vətən müharibəsindən xəbərləri səbirsizliklə gözlədiyimiz zamanda Azərbaycan radiosu xoş müjdələrlə bizləri sevindirir. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından bizə məlumat verir. Yolumuz zəfər yoludur, deyir. Radiomuz bir gün qələbə sorağını da, Şuşada, Qarabağda yaşayacağımız zəfər sevincini də bizə çatdıracaq. Bizim yol yoldaşımız olan bu gün öz sözünü deyə bilən, öz fərqli dəsti-xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən radiomuz 94 ildir Azərbaycan dinləyicisi ilə yol gəlir. Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə